Dünya mediası Yunanıstanın Çe Gevarası adlanan Aleksis
Tsiprasdan danışır. Ölkədə 41 ildən sonra iqtidara gələn solçu
qüvvələrin lideri olan bu gənc siyasətçi barəsində CNN-Türk
bioqrafik məqalə dərc edib.
Axar.az bu məlumatı oxucuların diqqətinə çatdırır:
Sriza partiyasının lideri olan Aleksis sol siyasətə 16
yaşlarından başlayıb. Yeniyetmə ikən hədəfi hakimiyyət olub.
Seçkilərdə platforması dəyişməz qalıb – varlıdan alıb kasıba
vermək.
O, Yunanıstanda 1957-1974-ci illər arasında "Polkovniklər
Xuntası" dövrünü yaşamamış ilk siyasi partiya lideridir. Ölkənin
bir sıra siyasətçiləri xunta zərbəsinin ağrılarını çəkiblər.
Amma Aleksis 1990-cı ildəki fəallığı ilə seçilir. Təhsil
Nazirliyinin liseylərdə şagirdlərin məktəb xaricindəki həyatları
üçün intizam cəzaları etirazlara səbəb olur. Məktəblər işğal
edilir, etirazlar üç ay davam edir, şagird hərəkatında 5 nəfər
ölür. Tsipras 16 yaşında ikən bu tarixi hərəkatın liderinə
çevrilir.
O, Afina Texniki Universitetində inşaat mühəndisliyini bitirib.
Kommunist Partiyasından ayrılandan sonra parlamentdən kənarda qalan
müxtəlif sol fraksiyalarda iştirak edir.
Soyadı Tsipras olsa da, yoldaşları kiçik hərf dəyişikliyi edərək
onu Çe-pras çağırmağa başlayır. Bununla, gənc sosialist argentinalı
partizan Çe Gevara kimi yunanların yaddaşına həkk olunur. Onun
ailəsi də idealist solçu olub.
Hələ "Sinaspismos" partiyasından 2006-cı ildə Afina bələdiyyə
seçkilərinə namizədliyini irəli sürüb. İki il sonra partiya lideri
seçilib. Bu partiya 6 sol təşkilatı özündə birləşdirməyə nail
olaraq "Sriza" koalisiyası adlanır və 2009-cu seçkilərində Çe-pras
millət vəkili seçilir. Nəhayət, bu il "Sriza" onun başçılığında
ölkənin siyasi hakimiyyətinə gəlməyə müvəffəq olur.