"Minsk razılaşmalarının yerinə yetiriləcəyinə əmin
deyiləm".
Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna
prezident Petro Poroşenko Milli Qvardiyanın Kiyevdəki mərkəzində
çıxış edərkən deyib.
Prezident Poroşenko təəssüflə barışın çox uzaqda olduğunu
deyib:"Biz Donbasdakı durumun qaynar nöqtədən siyasi müstəviyə
keçməsinə şərait yaradacağına ümid etdiyimiz razılaşmanı əldə
etmişik. Ancaq istəmirəm ki, kimdəsə illüziya yaransın, ya da kimdə
mənin sadəlövh olduğumu düşünsün. Barış, çox təəssüf, hələ ki
uzaqdadır. Minskdə əldə edilən razılaşmaların yerinə yetiriləcəyinə
də heç kimdə ciddi əminlik yoxdur. Minsk danışıqlarının əsas
özəlliyi odur ki, müzakirələr "Normand formatı"nda aparıldı. Ümid
edirəm ki, atəşkəsin əldə edilməsi, ağır texnikanın bölgədən
çıxarılması ilə başlanan proses torpaqlarımızda sülh və sabitlik
yaranmasına aparacaq".
Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 2 gün qalmış
Rusiya Silahlı Qüvvələri Ukraynanın doğu bölgələrində yenidən
irimiqyaslı hərbi əmliyyatlara başlayıb. Ukrayna müdafiə nazirinin
müavini Pyotr Mehed Kiyevdə keçirdiyi brifinqdə deyib ki, Kreml
atəşkəsə qədər Debalsevonu ələ keçirmək haqqında göstəriş
verib.
Reutersin bu haqda xəbərində bildirilir ki, Mehed fevralın 13-də
əraziyə 3 dəfə güclü hücum olduğunu deyib:"Rusiya Mariupol və
Debalsevoya yaxın saatlarda Rusiya bayrağı sancmağı hədəfləyib.
Səhər saatlarından Ukrayna Ordusu bu istiqamətdə 3 geniş
əməliyyatın qarşısını alıb. İtkilərimiz var. Ərazi Ukrayna Silahlı
Qüvvələrinin nəzarəti altındadır".
Yada salaq ki, Ukrayna Silahlı Qüvvələrinin Debaltsevodakı
qüvvələri bir neçə gün öncə mühasirəyə düşmüşdülər. Rusiya
qoşunları şəhərin bütün yollarını nəzarətə götürərək magistral və
səhra yollarını bağlamışdı. Ancaq ötən günkü hərbi əməliyyatlarda
Ukrayna qoşunları mühasirəni yararaq quru yolunu açıb. Pyotr Mehed
deyib ki, ərazi Ukraynanın nəzarətindədir.
Müdafiə Nazirliyinin son döyüş günü ilə bağlı açıqlamasında isə
bildirilir ki, fevralın 12-13-də qaynaq nöqtələrdə 11 hərbçi həlak
olub, 40 nəfər yaralanıb.
Aktiv döyüş əməliyyatları keçirən Ukrayna bir tərəfdən də Minsk
razılaşmaları üzrə hazırlıqlara başlayıb. Daxili işlər naziri Pavel
Klimkin fevralın 13-də Ali Radadakı çıxışında bildirib ki,
tərədflərin ağır texnikanı döyüş bölgəsindən çıxarması prosesi
peykdən izləniləcək. Daxili işlər nazirinin sözlərinə görə, bu
haqda Rusiya tərəf də xəbərdar edilib: "Biz Ukraynanın götürdüyü
öhdəliklərə məsuliyyətlə yanaşdığını bəyan edir və öhdəliyin digər
tərəflərini də bu cür məsuliyyətə dəvət edirik. Ukrayna qərar
qüvvəyə minəndən dərhal sonra atəşkəsin təmin olunmasının əsas
şərti kimi ağır texnikanı ərazidən çıxarılmasına hazırdır. Qarşı
tərəfdə hansı proseslərin getdiyini diqqətdə saxlamaq üçün ərazi
davamlı olaraq peykdən izlənəcək".