1 aprel bütün dünyada həm də
Gülüş Günü kimi qeyd olunur. Artıq bütün dünyada bu gün insanların
bir-birilə zarafat etməsi ənənə halını alıb. Hətta tanınmış media
qurumları da müxtəlif vaxtlarda insanlarla zarafat etməyi yaddan
çıxarmır.
Axar.az dünya mediasında yer almış 1 aprel zarafatlarını təqdim
edir.
Yerin qravitasiyası dəyişəcək
1976-cı ildə britaniyalı astronom Patrik Mur BBC radiosu ilə
çıxış edərək bir neçə dəqiqədən sonra planetlərin paradının
başlayacağını və Yer, Yupiter və Plutonun yanaşı düzüləcəyini
bildirir. Alim bu hadisənin təsadüfi bir hadisə olduğunu, buna görə
Yer kürəsinin qravitasiyasının dəyişəcəyi və insanların
çəkisizlikdə qalacağını deyir. Mur dinləyicilərə məsləhət görür ki,
bir anlıq çəkisizlik hissini yaşamaq üçün yerli vaxtla saat 9:47-də
hamı bacardığı qədər tullanmalıdır.
Bir neçə dəqiqədən sonra radioya zəng edən bir dinləyici çox
hündürə tullandığı üçün başının tavana dəydiyini bildirir.
Niksonu doladılar
1992-ci ildə solçu NPR radiosu Riçard Niksonun (ABŞ-ın keçmiş
prezidenti) "Pis heç nə etmədim və bir daha pis heç bir şey
etməyəcəyəm" şüarı ilə prezidentliyə namizəd olduğunu açıqlamışdı.
Bu addım Niksonun səsini təqlid edən şəxs üçün uğurlu
alınmışdı.
Kapron corablı
televizor
1962-ci ilin aprelin 1-də İsveçin ağ-qara yayımlanan
telekanalının efirinə çıxan texnoloq yeni və çox sadə bir üsulla
tamaşaçıların rəngli televizor izləyə biləcəklərini deyir. Texnoloq
bildirir ki, bunun üçün televizorun ekranına qadın kapron corabları
keçirilməlidir. Onun bu açıqlamasından sonra yüzminlərlə insan bunu
sınaqdan keçirmişdi.
Solaxaylar üçün hamburger
1998-ci ildə "Burger King" restoranlar şəbəkəsi "USA Today"
qəzetinə verdiyi elanda məşhur "Whopper" hamburgerinin əvəzinə 32
milyon solaxay amerikalı üçün hamburger satışa çıxaracağını
açıqlamışdı. Bu elandan sonra yüzminlərlə amerikalı restorana həmin
hamburger üçün müraciət etmişdi.
Qəribə heyvan
1995-ci ildə "Discover" jurnalı Aprile Pazzo adlı bioloqun
Antarktidada başı yastı sümüklərdən ibarət olan və pinqvinləri
tutmaq üçün buzu çox sürətlə əridən yeni heyvan növünü aşkar
etdiyini yazmışdı.
Yadplanetlilər Londona endi
31 mart 1989-cu ildə Londonda minlərlə sürücü səmada uçan
boşqabın şəhərə enmək istədiyini görür. Çoxları bu qəribə cihazın
Londonun yaxınlığındakı bir əraziyə enməsinin şahidi olur. Yerli
əhali dərhal polisə zəng edərək, yerə yadplanetlinin düşdüyünü
xəbər verir. Hadisə yerinə gələn polislər əllərindəki dəyənəklərlə
qorxa-qorxa qəribə cihaza yaxınlaşırlar. Qapı açılanda isə içəridən
gümüşü rəng paltar geyinmiş "Virgin Records" şirkətinin sədri
Riçard Branson çıxır. Həmin qəribə cihaz isə uçan boşqaba
bənzədilmiş hava şarı imiş. Branson hava şarı ilə aprelin 1-də
Londonun Hayd-Park adlı ərazisinə düşməyi planlaşdırıb, ancaq külək
onu vaxtından əvvəl şəhərin kənarına çatdırıb.
Maradona "Spartak"da
1988-ci ildə "İzvestiya" qəzeti dünya şöhrətli futbolçu Dieqo
Maradonanın Moskvanın "Spartak" klubuna 6 milyon dollara transfer
edildiyini yazıb. Tezliklə qəzet bunun bir 1 aprel zarafatı
olduğunu bildirir. Lakin "Assoşeyted Press" agentliyi bu hadisəyə
çox ciddi yanaşır. Buna səbəb isə sovet nəşrlərinin heç vaxt belə
zarafatlar etməməsi idi.
Sokratın məzarı tapıldı
1995-ci ildə Yunanıstanın Mədəniyyət Nazirliyi arxeoloqların
Akropol rayonu yaxınlığında Sokrata aid məzarın tapıldığını elan
edir.
Nazirlik hətta qəbirdən Sokratın ölümünə səbəb olan zəhərin
saxlanıldığı qabın qalıqlarının da tapıldığını bildirir. "Frans
Press" Agentliyi dərhal bununla bağlı məlumat yayır. Agentlik
əməkdaşları bunun 1 aprel zarafatı olduğunu başa düşmür.
Göyərçinli internet
"Samsunq" şirkətinin Britaniya şöbəsi aprelin 1-də londonluları
sevindirəcək bir xəbər verir. Şirkət bildirir ki, bundan sonra
şəhərdə "Wi-Fi-lı göyərçinlər" olacaq.
Mütəxəssislər izah edib ki, onlar quşlara kiçik routerlər
quraşdıracaq və bu, dünyada ən etibarlı şəbəkə olacaq. Çünki
göyərçinlər elektrik ötürücüləridir. Onlar elektrik xətlərinin
üzərində oturan zaman internet də işə düşəcək.