Ankaranın İŞİD-lə yanaşı PKK-ya savaş açması Qərbdə
ciddi etirazlara səbəb oldu, Türkiyə hökuməti Suriyanın şimalında
kürd planını pozmağa çalışır.
Türkiyə ordusu PKK və İŞİD silahı yerə qoyub təslim olana qədər
əməliyyatları davam etdirəcək. Bundan başqa, PKK Türkiyə
ərazilərini tərk edənə kimi Öcalanla heç bir görüş olmayacaq.
Türkiyə hökumətinin qərarına görə, İŞİD-ə qarşı əməliyyatlar
Türkiyənin sərhəd təhlükəsizliyinin təmin olunması, eləcə də
Suriyanın konstruktiv müxalifətini müdafiə məqsədi güdəcək.
Ümumilikdə isə PKK və İŞİD-ə qarşı əməliyyatlar 3 mərhələdə
həyata keçiriləcək. Musavat.com xəbər verir ki,
PKK-ya qarşı əməliyyatların uzun zaman davam etməsi və terror
təşkilatı silahlı yerə qoyana qədər davam etdiriləcəyi
bildirilir.
Ancaq görünən odur ki, Türkiyənin qəflətən hər iki cəbhədə İŞİD
və PKK terror təşkilatlarına qarşı savaşa başlaması Ankara üçün
çətin sınaq olacaq. Artıq ölkənin cənub-şərq vilayətlərində PKK
terrorçuları Türkiyə ordusuna və təhlükəsizlik qüvvələrinə
hücumları artırıblar. Ötən gün terrorçular Hakkari vilayətində
hərbi bazanın ərazisini qumbaraatan və iri kalibrli pulemyotlardan
atəşə tutub.
Türkiyə Ordusu Baş Qərargahının yaydığı açıqlamada hücumun səhər
saatların da baş verdiyi, sərhəd zastavalarına 7 mina atıldığı
bildirilir. Açıqlamadan məlum olur ki, PKK yaraqlıları Türkiyənin
ən həssas bölgəsi olan Hakkaridə xeyli fəallaşıb və ordu
qüvvələrinə qarşı hücumlar təşkil edir. Bundan başqa ötən gün səhər
saatlarında Şəmdinli rayonunda PKK-çılar yol təmiri ilə məşğul olan
briqadaya hücum edərək 7 yol təmiri texnikasını yandırıblar. Bu isə
terror təşkilatının Türkiyəyə qarşı ağır üzücü müharibəyə
hazırlaşdığını göstərir.
Türkiyə aviasiyası isə İraqın şimalında dağlarda yerləşən PKK
sığınacaqlarını bombalamaqda davam edir. Şimali İraq hökuməti
Türkiyə Hərbi Hava Qüvvələrinin PKK nöqtələrini vurmasına münasibət
bildirib. Ancaq məlum olub ki, bu mövzuda Ərbildə fikir ayrılığı
var. Məsələn, muxtariyyətin lideri Məsud Bərzani və onun oğlu, kürd
muxtariyyətinin baş naziri Nəçrivan Bərzani Türkiyənin hərbi
əməliyyatlarını dəstəkləyən, baş verənlərə görə PKK-nı qınayan
açıqlama yayıblar. Ancaq muxtariyyətin parlamentinin yaydığı
açıqlamada Türkiyənin hava zərbələri qınanıb. Yusif Məhəmmədin
sədri olduğu kürd parlamenti yaydığı yazılı açıqlamada hava
zərbələrini "şiddətlə" qınadığı qeyd olunur. Sitat: "Türkiyədəki
bütün hökumətlər kürd məsələsini hərbi yolla həll etməyə
çalışdılar. Ancaq bu üsul sadəcə qan tökülməsinə, insanların
yerindən-yurdundan olmasına və yoxsullaşmasına səbəb oldu".
Bu arada Türkiyə ordusu Suriya ərazilərindəki İŞİD mövqelərini
vurmaqda davam edir. Suriya kürdlərinin silahlı təşkilatı YPG
Türkiyə ordusunu İŞİD mövqelərini deyil, kürdləri vurmaqda ittiham
edib. Sitat: "Türk ordusunun atəşi nəticəsində 4 əsgərimiz
yaralanıb. Eyni zamanda türk əsgərləri bizə 7 tank mərmisi də atıb.
Bu doğru bir hərəkət deyil. Bu barədə Türkiyəyə xəbərdarlıq
edirik".
Qeyd edək ki, Ankaranın İŞİD-lə yanaşı PKK-ya qarşı hərbi
əməliyyatları bərpa etməsi Qərb dövlətlərində ciddi narahatlığa
səbəb olub. Almaniya müdafiə nazirindən sonra Britaniya mətbuatı da
Türkiyənin qəflətən PKK-ya qarşı hərbi əməliyyatlara başlamasını
tənqid edib. "Times" qəzetində dərc olunan məqalədə Türkiyənin
PKK-ya qarşı əməliyyat başlatmasının faciəvi səviyyədə təhlükəli
olduğu qeyd olunur. Eyni zamanda Prezident Ərdoğanın dərhal
qərarını dəyişdirməli olduğu bildirilir. PKK-ya qarşı hava
zərbələri və buna cavab olaraq kürdlərin hökumət qüvvələrinə
hücumlarının yenidən müqavimət müharibəsinin başlamasına səbəb
olacağının vurğulandığı yazıda Ankaranın PKK ilə savaşmaq üçün ən
uyğunsuz zaman seçdiyi də qeyd olunur.
Qeyd edək ki, Türkiyənin İŞİD-lə eyni zamanda PKK-ya qarşı
əməliyyatlara başlaması birmənalı qarşılanmayıb. Bəzi region
ölkələri bu addımı Ankaranın islamçı qrupların təpksini çəkməmək
üçün atdığını qeyd edir. Ancaq Ankaranın uzun müddətdir ehtiyatla
davam etdirib sülh ərəfəsinə çatdırdığı bir münaqişəni qəflətən
alovlandırması hələlik aydın deyil. Üstəlik Qərb mediası Suriyadakı
və İraqdakı kürd silahlılarının İŞİD-ə qarşı ciddi müqavimət
göstərdiyi və böyük uğurlar qazandığı bir zamanda Ankaranın ölkə
daxilində və xaricdə kürdlərə savaş açması suallara səbəb olub.
Bu reaksiyalardan da görünür ki, Ankaranın yeni siyasi kursu
Qərbdə o qədər də bəyənilməyib. Xüsusən də nəzərə almaq lazımdır
ki, son bir ildə Qərb ölkələri, xüsusən də Avropa Yaxın Şərqdə -
İraq və Suriyada – İŞİD terroruna qarşı məhz kürdləri dəstəkləyib.
Məhz bu səbəbdən də kürdlər Suriya ərazisində böyük uğurlar
qazanaraq geniş əraziləri ələ keçiriblər. Ankaranın bu addımı
əslində kürdlərin mövqelərini ciddi şəkildə zədələyir. Hər iki
halda bölgədəki durumdan narazı olan Ankaranın PKK və İŞİD-ə qarşı
savaş açması bölgədəki yaranmaqda olan yeni hərbi-siyasi
situasiyanı dəyişməyə çalışdığı hiss olunur. Ancaq buna nə qədər
nail olacağı hələlik bilinmir.