Rusiya Prezidenti Vladimir
Putin radikal terror təşkilatlarının beynəlxalq cinayət
təşkilatları ilə birləşməsinin dünya üçün ən böyük təhlükə olduğunu
deyib.
Axar.az məlumat verir ki, Yaroslavl şəhərində təşkil edilən
beynəlxalq kəşfiyyat təşkilatları və hüquq-mühafizə qüvvələrinin
14-cü toplantısına məktub ünvanlayan Kreml rəhbəri terrorçuluğun
inkişafından böyük narahatlıq duyduğunu bildirib.
Putinin sözlərinə görə, bu gün dünyanın ən pis vəziyyətdə olan
regionları Yaxın Şərq və Şimali Afrikadır:
"Terrorçular bu iki bölgəni mərkəz kimi istifadə edir. Onlar bu
bölgələrdə yerli dəstəkçilər taparaq onlara təlim keçir.
Öyrətdikləri insanlar digər dövlətlərin qeyri-sabit hala
gətirilməsi üçün istifadə edilir".
Putin mövcud təhdidlərə qarşı dünya dövlətlərinin sistemli iş və
əməkdaşlıq çərçivəsində mübarizə aparmalı olduğunu qeyd edib. O,
toplantının fərqli ölkələrdəki kəşfiyyat təşkilatları,
təhlükəsizlik vahidləri və hüquq-mühafizə qüvvələri arasındakı
ünsiyyəti artırması baxımından əhəmiyyətli olduğunu deyib.
Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr
Bortnikov İŞİD daxilində 100-dən çox ölkə vətəndaşının olduğunu
açıqlayıb. Yığıncaqda danışan Bortnikov hazırda İŞİD-in təbliğat
sahəsində təşəbbüsü ələ keçirdiyini, beynəlxalq cəmiyyətin isə
lazımi tədbirlər görmədiyini bildirib.