PKK və YPG (PKK terror
təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) düşərgələrinə
dünyanın hər tərəfindən xarici döyüşçülər axın edir.
Publika.az Türkiyənin "Takvim" nəşrinə istinadən xəbər
verir ki, əcnəbi döyüşçülər yaxın vaxtlarda təşkilatdakı kürdləri
say baxımından geridə qoya bilər.
Nəşrin yazdığına görə, Suriya gələn alman, ingilis və
amerikalılar boyunlarındakı xaç və döymələri ilə terror
təşkilatının onurğa sütununu təşkil etməyə başlayıb. Alman agenti
Kevin Toaçim Türkiyə qırıcılarının Qəndili bombardman etməsi
nəticəsində ölməsi təşkilatın daxilində əcnəbilərin varlığını açıq
şəkildə ortaya qoymuşdu.
"Amma PKK-nın şəhər döyüşləri üçün təlim aldığı əcnəbi yalnız
Kevin Toaçim deyildi. Türkiyə Silahlı Qüvvələrinin 23 iyul
əməliyyatlarına kimi Qəndildə at oynadan Qərb agentləri və silah
üzrə mütəxəssislər Qəndilin bombalanmasından sonra Suriyanın
düzənliklərinə endilər. YPG və onun qadın qolu YPJ-nin içində
yerləşən xarici döyüşçülər kürdlərin Rojava adlandırdığı Şimali
Suriyanı sanki Birləşmiş Millətlər Təşkilatına çevirdilər", -
"Takvim" yazıb.
Amerikalı Samanta Jay bunlardan biridir. Bütün PKK-çılar kimi
onun da kod adı var: "Heval Viyan". Ona yoldaşlıq edənlərdən biri
keçmiş ingilis əsgəri Erik Skurfeld (kod adı Kamal) idi. O, iddiaya
görə İŞİD-lə döyüşərkən ölüb və tabutu YPG bayrağına bükülərək bu
ilin mart ayında İngiltərədə dəfn edilib.
YPG-yə ABŞ, İspaniya, Venesuella, İngiltərə, Hollandiya və
Çindən qatılan döyüşçülər "insanlıq dəyərləri"nə sahib çıxmaq üçün
Rojavaya gəldiklərini bildirirlər.
Venesueladan gələrək PKK-ya qatılan "Velat" kod adlı döyüşçü
bütün təbəqələri Rojava üçün mübarizəyə səsləyir. Amerikalı "Dilşad
Cudi" kod adlı "pedaqoq" isə ölkəsində PKK və YPG-yə yardım üçün
yardım kampaniyalarının təşkil edildiyini söyləyib.
PYD-nin lideri Saleh Müslim isə Rojavada ölən xarici
döyüşçülərin dəfn mərasimləri üçün ölkə-ölkə gəzir. Erik Skurfeldin
dəfn mərasimində iştirak edən Müslim çıxışında "xristian şəhid
qardaşları"ndan bəhs edib: "Biz birik. İngilis, alman və
avstraliyalı şəhidlərimizin qanları ilə dostluğumuz daha da
möhkəmlənəcək. Torpaqlarımızın üzərindəki qaranlıq əl qalxana qədər
mübarizəmiz davam edəcək".
PKK və YPG-nın sıralarında döyüşmək üçün gələn əcnəbilərdən
başqa Suriyaya "görüntü vermək" üçün gələnlər də var. "Hevi Piling"
kod adlı kanadalı manken Tiger Sun dünyanın ən qanlı qadın
təşkilatı olan YPJ-yə qoşulub. Əlindəki silahla kameranın qarşısına
çıxan İsrail vətəndaşı Gillian Rosenberg də YPJ-yə qatılıb. MOSSAD
agenti olduğu deyilən Rosenbergin təşkilatdakı vəzifəsinin nə
olduğu isə məlum deyil.