Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri
ilə belçikalı VİP mühafizəçilər yumruqlaşıb.
Axar.az "Hürriyət"ə istinadən xəbər verir ki, Belçikada rəsmi
səfərdə olan Türkiyə prezidentinin qorumaları ilə Belçikanın rəsmi
qonaqlar üçün ayırdığı qorumalar arasında əlbəyaxa dava düşüb.
Belçika televiziyasının rəsmi saytında yayılan məlumata görə,
səfər zamanı tərəflər arasında iki dəfə yumruqlaşma olub. İlk
münaqişə bazar günü, oktaybr ayının 4-də yaşanıb: Rəcəb Tayyib
Ərdoğanın türklərə müraciət etdiyi məkanda yerli (belçikalı)
polislə türk mühafizəçiləri arasında ilk qarşıdurma yaşanıb.
Xəbərdə ikinci davanın bazar ertəsi baş verdiyi və daha şiddətli
olduğu bildirilir. Tərəflər arasında meydana gələn anlaşılmazlığın
əsas səbəbi olaraq hər iki tərəfin Türkiyə prezidentini qorumaq
istədiyi göstərilib:
"Belçika polisi ölkəsində rəsmi səfərdə olan Prezident Ərdoğanı
qorumağın vəzifə borcu olduğunu düşünür. Lakin türk mühafizəçiləri
bunun onların borcu olduğu qənaətindədir. Tərəflər arasında bu
səbəbdən meydana gələn gərginlik sonradan itələşmələrə və əlbəyaxa
davaya gətirib çıxarıb. Daha sonra sakitlik bərpa olunub və araya
sükut çöküb".