Trend prezident övladlarının nə işlə məşğul olduğunu
araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki:
ABŞ Prezidenti Barak Obamanın iki qızı var: Malia Enn və Nataşa.
Böyük qızı M.Ennin 17, kiçik qızı Nataşanın isə 14 yaşı var. Hər
ikisi Vaşinqtondakı "Sidwell Friends School" məktəbində
oxuyurlar.
Rusiya Prezidenti Vladimir Putin övladları ilə bağlı
informasiyaları gizli saxlamağa çalışır. Məhz elə bu səbəbdəndir
ki, V.Putinin övladları ilə bağlı məlumatlara mətbuatda çox az
hallarda rast gəlmək olur.
Böyük qızı Mariya Putina Sankt-Peterburq Dövlət Universitetinin
Biologiya fakültəsini bitirib. Yekaterina Putina isə ixtisasca
şərqşünasdır və o da Sankt-Peterburq Dövlət Universitetini
bitirib.
Ukrayna Prezidenti Pyotr Poroşenkonun üç övladı var. Oğlu
Aleksey Vinnitsa Şəhər Şurasının deputatıdır. Ukrayna mətbuatının
yazdığına görə, prezident oğlu Donetsk vilayəti ətrafında
separatçılara qarşı aparılan mübarizəyə qatılıb.
Əkiz qızları Yevgeni və Aleksandra isə məktəblidirlər. Əkiz
bacılar Kiyevdəki 77 saylı xarici dillər liseyində təhsil
alırlar.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun da üç övladı var.
Bunlardan ikisi birinci nikahdan, biri isə ikinci nikahdandır.
Birinci nikahdan dünyaya gələn böyük oğlu Viktor Lukaşenko
Belarus Prezientinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri,
ikinci oğlu isə bir neçə idman klubunun sahibidir. İkinci nikahdan
olan oğlu Nikolay haqqında isə məlumat əldə edə bilmədik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə dörd övladı var.
Onlardan ikisi oğlan, ikisi qızdır. Oğlanları Əhməd Burak və Nəcməddin Bilal iş
adamıdır. Qızı Əsra Ərdoğan pedaqoq, Sümeyyə Ərdoğan isə
siyasətçidir. Kiçik qızı Sümeyyə AKP başqanının
müşaviridir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin üç qızı var. Böyük
qızı Dariqa Qazaxıstan parlamentinin vitse-spikeri və "Nur Otan"
Partiyasının fraksiya rəhbəridir. Ortancıl qızı Dinarə sahibkarlıq fəaliyyəti
ilə məşğul olur. Kiçik qızı Aliyə Nazarbayeva isə tikinti
sektorunda çalışır, iş adamıdır.
Özbəkistan Prezidenti İslam Kərimovun birinci nikahdan bir oğlu,
ikinci nikahdan isə iki qızı var. Oğlu Pyotr Kərimov Özbəkistanın
Bekabad şəhərində bizneslə məşğuldur. Böyük qızı Gülnarə
Kərimovanın atası ilə münasibətləri çox pisdir və hazırda ev
dustağıdır. Kiçik qızı Lola isə Avropada yaşayır.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin iki nikahdan altı
övladı var. Onlardan üçü qız, üçü isə oğlandır.
Övladlarının hazırda nə işlə məşğul olmasına dair dəqiq məlumat
ala bilməsək də, onu öyrəndik ki, bir oğlu Türkiyədə təhsil
alır.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üç övladı
var: bir oğlu, iki qızı. Oğlu Sərdar Berdiməhəmmədov Xarici İşlər
Nazirliyində çalışır. Qızlarına
gəldikdə isə onlardan biri Türkmənistan Təbii Sərvətlər
Agentliyinin London nümayəndəsi İlasgeldi Amanovla, ikinci qızı isə
Türkmənistanın Fransadakı səfirliyinin əməkdaşı ilə
evlidir.
İran Prezidenti Həsən Ruhani dörd övlad atasıdır. Övladları ilə
bağlı məlumat əldə edə bilməsək də, onu öyrəndik ki, H.Ruhani 20
yaşında 14 yaşlı xalasıqızı Sahibə Ərəbli ilə ailə qurub. 47 ildir
ki, ömür-gün yoldaşıdırlar.