Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən "Dostluq"
cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov
Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru təyin edilib.
Report-un
məlumatına görə, M.Ömərova
müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri
genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə
mübadiləsini inkişaf etdirmək həvalə olunub.
Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad
Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin
məzunu olan elmlər doktoru, burada namizədlik və doktorluq
dissertasiyaları mudafiə edərək elmi fəaliyyətini davam
etdirib.
2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika
Akadamiyalarının akademiki seçilən M.Ömərov onlarla elmi işin
müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif
sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi
böyük töhfələr və elmin inkişafı sahəsindəki xidmətlərinə görə
həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları
tərəfindən müxtəlif mükafatlarla təltif edilib.
M.Ömərov 2009-cu idən Xarkov Milli Radioelektronika Universitetində
dekan vəzifəsində çalışıb. Elmi-pedaqiji fəaliyyəti ilə yanaşı,
diaspor sahəsində xeyli işlər görüb.
Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti
Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin
qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında
mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bır sıra
layihələr həyata keçirib.
O, diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası
Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif
olunub.