Vaşinqton indiyə qədər böyük
siyasətdən kənarda qalmış Mərkəzi Asiyaya tam ciddi şəkildə
müdaxilə etmək istəyir.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan mətbuatına açıqlamasında
rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə,
ABŞ Dövlət katibinin Mərkəzi Asiya səfərini Vaşinqtonun regiona
geri dönmək istəməsinin başlanğıcı kimi dəyərləndirmək
lazımdır:
"Con Kerri və Yaponiya Baş naziri Sindzo Abenin səfərləri
Mərkəzi Asiya üçün son siqnal idi. Mesaj isə bu idi ki, əgər öz
aranızda əsil inteqrasiyanı başlatmasanız, o zaman situasiya
ABŞ-dan asılı olmayan ssenari üzrə inkişaf edəcək. Kerrinin səfəri
həm də region ölkələrinin yaxın gələcəklə bağlı daha düzgün qərar
vermələrinə yardım edəcək. Üstəlik, ABŞ bazalarının yenidən Mərkəzi
Asiyaya qayıtması planı da bunların içərisində olacaq. Biz artıq
Türkmənistan və Özbəkistanın lazım olan istiqamətdə addımladığını
görürük. Bununla da ABŞ bölgədə Rusiya-Çin əməkdaşlığının
parçalanmasını reallaşdırır. Moskva və Pekin artıq ABŞ-ı bölgədə
sıxışdıracaq aktiv qərarlar qəbul etməlidir. Yəni hər iki lider
ölkə sonsuz planlaşdırma, razılaşdırma mərhələsindən
çıxmalıdır".