"Hellouin" – "Cadugərlər bayramı" hər il oktyabrın 31-də
qeyd olunan rəngarəng və əyləncəli bayramdır. Bu bayram
"Balqabaqlar bayramı" kimi də tanınır. Hazırda dünyanın müxtəlif
ölkələrində – ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Sinqapur,
Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiyada təntənəli
şəkildə qeyd olunur.
"Cadugərlər bayramı"nın ən mühüm özəlliyi havanın qaralması ilə
küçələrə axışan əcaib kostyumlu uşaq və gənclərdir. Əllərindəki
rəngli qablarla qapı-qapı gəzərək konfet yığan uşaqları sevindirmək
istəyən böyüklər əvvəlcədən ləzzətli şirniyyatlar bişirərək axşamın
düşməsini gözləyirlər. Məna və formasını dəyişdirərək günümüzə
gəlib çatan bir çox bayram kimi "Cadugərlər bayramı"nın da əsil
mahiyyəti tamam başqadır. Bəs "Cadugərlər bayramı"nın kökü əslində
haradan gəlir?
Axar.az dünyada böyük təntənə ilə keçirilən "Cadugərlər bayramı"
haqda araşdırmanı təqdim edir.
"Cadugərlər bayramı" ilk vaxtlar Böyük Britaniya və İrlandiya
ərazisində yaşayan kelt xalqının adətləri əsasında keçirilib. Buna
görə də başlanğıc tarixi dəqiq bilinməyən "Hellouin"ə bəzi
ölkələrdə Kelt festivalı da deyilir.
O vaxtlar oktyabrın 31-i məhsul yığımının bitdiyi gün hesab
olunurdu və yeganə gəlir mənbəyi təsərrüfatçılıq olan insanların
yaşamağa davam edə bilib-bilməyəcəyi həmin gün məlum olurmuş.
Növbəti ili çətin keçirəcəklərini məhsul yığımından öyrənən
cütçülər inanırdılar ki, bütün bunların səbəbkarı öldükdən sonra
rahatlıq tapa bilməyən ruhlardır. Bu qəribə inanca görə, cinayətə
qurban gedənlərin, dünyadakı işlərini tamamlaya bilmədən ölənlərin,
həyatlarını günahkar olaraq keçirənlərin ruhları hər il 31
oktyabrda dünyanı ziyarət edərək insanları lənətləyirlər. Birinci
gəlişlərində onları qorxudub qaçıra bilməyən cütçülərin bu lənətə
görə yığımları gözlədiklərindən az olurmuş.
"Cadugərlər bayramı"nda istifadə olunan qorxunc paltarların və
qəribə bəzəklərin mahiyyəti çox maraqlı inanclara söykənir.
İnsanlar pis niyyətli ruhları qorxudub qaçırmaq üçün evlərin
üstündən bu cür əcaib fiqurlar, bəzəklər asır, özləri isə qorxunc
maskalar geyinirdilər. Onlar qış aylarına hazırlıq üçün kəsdikləri
heyvanların sümüklərini meydanlarda yandıraraq böyük tonqallar
qalayır, ətrafa yayılan pis qoxularla "narahat ruhları"
uzaqlaşdırmağa çalışırdılar.
İrlandlar, şotlandlar və qallar tərəfindən İngiltərədə festival
kimi keçirilən "Cadugərlər bayramı" XIX əsrdə Amerikada da qeyd
olunmağa başlandı.
Ancaq zaman keçdikcə "Cadugərlər bayramı"nın əsil məğzi unuduldu
və XX əsrdə kökünün gedib çıxdığı torpaqlarda belə Amerika bayramı
olaraq tanınmağa başladı. Hazırda demək olar ki, dünyanın hər
yerində qeyd olunan bu bayram Amerikada böyük təntənə ilə
keçirilir.
Katolik ölkələrdə "Əzizlər və Ruhlar Günü" adı ilə tanınan bu
bayramın Meksikada xüsusi yeri var. 31 oktyabr gecəsi başlayan və
Meksikada "Ölülər bayramı" kimi qeyd olunan bu bayram düz 3 gün
davam edir.
İnanca görə, 31 oktyabr gecəsi mələklərə çevrildiyi düşünülən
ölmüş uşaqlar öz evlərini ziyarət edir. Noyabrın 1-də isə yetkinlik
yaşlarında ölənlər evlərinə dönürlər və hər bir meksikalı ailə
onlar üçün yemək hazırlayıb süfrəyə düzür. Süfrə başında ailə ilə
yemək yeyəndən sonra noyabrın 2-ə qədər bütün bu sevilən ölülər
yavaş-yavaş gəldikləri yerə qayıdırlar.
Bu bayrama hazırlıq prosesi də çox maraqlıdır. Oktyabrın ikinci
yarısından etibarən hər kəs evinin qarşısına, bağçasına,
pəncərəsinə bizim xınagülü dediyimiz çiçəkləri əkir. Daha sonra
ölülərin yolu tapa bilməsi üçün oktyabrın 31-dən noyabrın 2-ə qədər
hər ölü üçün bir şam yandırılır.
Bu bayram Meksikada vəfat etmiş yaxınları xatırlamaq və onların
hələ də həyatda olduqlarını hiss etmək üçün qeyd olunur.
Rəngarəngliyi ilə dünyada böyük maraq doğuran "Hellouin"
getdikcə daha geniş miqyasda keçirilir.