Ana səhifə Planet |
7 ildir iki ölkə arasında ciddi probemlər var idi. İranın ARAMKO-ya hücumu, Yəməndə olan qüvvələri vasitəsi ilə Səudiyyə Ərəbistanını təhdid etməsi, Tehranın yürütdüyü xarici siyasət və islam dünyasını parçalamaq cəhdi ərəb ölkələri tərəfindən hər zaman narazılıqla qarşılanıb.
Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İranın Səudiyyə Ərəbistanında səfirliyinin yenidən fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, molla rejiminin əzəli düşməni Ərəbistanla diplomatik münasibətlərini yenidən qurması Tehran üçün indiki məqamda vacib idi:
“İran ölkədə baş verən son etirazlardan sonra hərtərəfli zəif duruma düşmüşdü. Qonşuları - İraq, Azərbaycan və Əfqanıstanla gərgin münasibəti səbəbindən durumu getdikcə daha da pisləşirdi. Bu məqamda Ərəbistanla bağlı irəli sürülən təklif onun üçün yaxşı fürsət oldu və güzəştlərə də hazır idi. Bölgədə nüvə silahının istifadə olunmayacağı, neft anlaşmaları, Yəməndə geri dönüş xəttini hədəf tutması bu yaxınlaşmanın gerçəkləşməsinə zəmin yaratdı”.
O, Amerikanın yürütdüyü yanlış siyasətin İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yenidən qurulmasına səbəb olduğunu bildirib:
“Trampın zamanında əldə olunan razılıqla İsrail və ərəblər bir-birinə yaxınlaşdılar. Baydenin gəlişi ilə bu siyasət dəyişdi. Amerika prezidentinin siyasətinin əsasını bölgədəki insan haqları və demokratiya təşkil edir. Odur ki, Səudiyyə Ərəbistanını məcbur edirdi ki, bu istiqamətdə addımlar atsın. Strateji silahların verilməməsi, Qaşıqçının ölümündə bəzi məsul şəxslərin qınanması, neftin qiymətlərinin aşağı salınması ilə bağlı təzyiqlər Ərəbistanı Qərbdən və Amerikadan uzaqlaşdırdı. O, istiqamətini Çinə tərəf yönəltməyə məcbur oldu. Bundan məharətlə istifadə edən Çin Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin yenidən qurulması hesabına Amerikanı bölgədə əvəz etməyə çalışır”.
Onun sözlərinə görə, Çinin vasitəçiliyi ilə İran-Ərəbistan yaxınlaşması Amerikanı narahat edib:
“Görünən odur ki, bölgədə ərəb ölkələri ilə İranın yaxınlaşmasında böyük bir xətt başlayıb. Amerika bundan narahatdır. Bəzi addımlar atmağa çalışır. Hətta Entoni Blinken Ərəbistana 3 günlük səfəri çərçivəsində burada insan haqları məsələsində böyük irəliləyişlər olduğunu dilə gətirdi. Ola bilsin, Amerika Ərəbistana strateji silahlar da versin. Yəmən və Sudan məsələsində anlaşmaya gedə bilərlər. Bir sözlə, Ərəbistanı yenidən ələ almaq istəyirlər”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və İran arasındakı ikitərəfli münasibətlər İslam İnqilabından sonra gərginləşib. Səudiyyə Ərəbistanı Tehranı şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. “Ərəb baharı”ndan sonra vəziyyət tamamən dəyişir. 2011-ci ilin mart və noyabr ayları Səudiyyə Ərəbistanında baş verən şiə mitinqləri hökumət tərəfindən amansızlıqla dağıdılır. Şiə lideri Nimr ən-Nimr həbs edilir, 2016-cı ilin yanvarında o və 46 nəfər edam olunur. Bu, İran tərəfdən sərt etirazla qarşılanır. 3 yanvar tarixində isə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi, Məşhəddə isə konsulluğu hücuma məruz qalır. Buna cavab olaraq Səudiyyə Ərəbistanı İranla münasibətləri pozur və onu krallığın daxili işlərinə müdaxilə etməklə günahlandırır.
İki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra 10 mart 2023-cü ildə əlaqələrin yenidən bərpa olunduğunu elan edib.
Tarix
2023.06.09 / 09:08
|
Müəllif
Vüsalə İsgəndərova
|