Ötən həftə Almaniya kansleri Angela Merkel ABŞ-ın
nüfuzlu "Time" jurnalı tərəfindən "İlin adamı" seçildi. Onsuz da
dünyanın siyasi gündəmində populyar olan Merkel yenə də birinci
sırada qərarlaşdı. Merkelin bu ada layiq görülməsinin səbəbləri il
ərzində siyasi, iqtisadi hadisələrin, eləcə də miqrant böhranı ilə
bağlı tənqidlərin mərkəzində olması ilə əlaqədardır. "İlin adamı"
nominasiyasında Almaniya kanslerinin rəqibləri Rusiya prezidenti
Vladimir Putin, İran prezidenti Həsən Ruhani, İŞİD lideri Əbu Bəkr
əl Bağdadi və ABŞ prezidentliyinə namizəd Donald Tramp olub. Ötən
il "İlin adamı" tituluna "Ebola" virusu ilə mübarizə aparan şəxslər
layiq görülüb.
Axar.az Musavat.com-a istinadən "İlin adamı" Merkelin
film kimi həyat hekayəsini təqdim edir:
Keşiş qızı doğulur
və…
Bu isə bizə "dəmir ledi", "Hitlerin qızı", "Boz mirvari", "Sakit
güclü", "Helmut Kolun qızı" kimi ünvanlara sahib Merkelin siyasi
karyerasına yenidən bir nəzər salmağı mütləq etdi. Dünyaya
gəlişindən ta bu günə kimi. Nələr edib, sevincləri, qorxuları,
həyəcanları...
Öncə bir qədər quru, statistik məlumatlar. Merkel Almaniya
siyasətçisi və görkəmli dövlət xadimidir. Xristian Demokrat
İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının
Federal Kansleri (2005). O, hər iki vəzifəni tutan ilk
qadındır.
1954-cü il iyulun 17-də Hamburqda Kasnerlər ailəsində dünyaya
gəlib. Angelanın atası Horst Kasner Lüteran keşişi, anası Herlind
isə Almaniya Sosial-Demokrat Partiyasının üzvü, ingilis və latın
dili müəlliməsi idi. Fiziki kimya ixtisası üzrə doktorant təhsili
qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə
daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq
demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət
vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə Alman torpaqlarının
yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya
vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən
Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur.
Sonralar o, 1991-ci ildə
Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə
Federal Nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit,
Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə
Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat
İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya)
koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi.
2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı
Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə
qalmaqalından sonra Angela Merkel partiyanın lideri
seçildi.
2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün
rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ
və SDP partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi
Almaniyanın ilk qadın Federal Kansleri oldu.
Bütün bunlar, dediyimiz kimi, quru, statistik
bilgilərdir.
İndi keçək Merkelin əsas dünyasına. Uzaqdan soyuq, boz... qadın
təəssüratı yaradan Angela xanımın həyatının gizlinləri, qorxuları,
sevincləri nələrdir? Bununla bağlı Rusiyanın inosmi.ru saytı
"Angela Merkel barədə bilinməyən 10 fakt" başlıqlı maraqlı bir yazı
hazırlayıb. Musavat.com onu sizlərə təqdim edir.
Bu qadın sms-lərə bayılır
Bəli, yanlış anlamadınız. Angela Merkel mesajlaşmağı sevir. Gün
ərsində öz işçilərinə onlarla mesaj yollayır və səbirsizliklə
onlardan gələn cavabları gözləyir. Telefonu hər zaman səssiz
rejimdə olsa da, mesajlara qarşı çox diqqətlidir. Ona xüsusən də
mətbuat xidmətinin yeni xəbərlərin xülasəsindən ibarət mesajlar xoş
gəlir. Onlar gün ərzində orta hesabla 70 ədəd olur. Ümumiyyətlə,
kanslerlə əlaqə saxlamağın ən optimal yolu mesajlaşmaqdır. Səsli
mesajları isə kansler ləğv edib. O, qorxur ki, səsli mesajları
nəzərdən qaçıra və ya onları cavabsız qoya bilər. Elekton ünvandan
isə təhlükəsizlik baxımdan ümumiyyətlə istifadə etmir. Bundan
başqa, onun noutbuku yoxdur. Texnikadan "yeganə dostu" iPad-dır ki,
onun köməyi ilə xəbər saytlatını və birja yeniliklərini
izləyir.
O, Amerikaya heyrandır
Almaniya kansleri yeniyetməlik yaşlarından etibarən Amerikaya
heyrandır. Necə deyərlər, bir Amerika sevdalısıdır. Bu haqda o,
2009-cu ildə Amerika Konqresindəki çıxışı zamanı etiraf edib: "Məni
hər zaman amerikan arzusu cəlb edib. Hər kəs üçün uğura çatma
imkanı, öz gücünə arxalanaraq hədəfə çatmaq əzmini sevmişəm".
Berlin divarının aradan götürülməsinə qədər o, düşünürdü ki, heç
olmasa 60 yaşına qədər ABŞ-da olmaq şansını qazanacaq. Şərqi
Almaniya vətəndaşları üçün qərbə getmək demək olar ki, qeyri-mümkün
idi. Hakimiyyət onların qaça biləcəyindən ehtiyatlanırdı. Onlar
sərhəddən çıxmağa ancaq təqaüd yaşına çatanda icazə qazana
bilirdilər.
Amma onun təqaüd yaşını gözləməsinə ehtiyac qalmadı. 1990-cı
ildә məzuniyyətini keçirmək üçün Kaliforniyaya getdi. Özü də tək
yox, İoaxim Zauerlə. Həmin vaxt onlar evli deyildilər: "Biz ilk
dəfə Sakit okeanı görəndə keçirdiyimiz hissləri təsvir etməkdə
acizik. Bu, sadəcə möhtəşəm idi".
O, Qərbi Almaniyada doğulub
Stereotiplərin əksinə olaraq, kansler Hamburqda, yəni,
Almaniyanın qərbində dünyaya gəlib. Bununla belə, doğulandan iki ay
sonra o, anası və atası ilə Almaniyanın şərqinə getməyə məcbur
olub.
Merkel itlərdən çox qorxur
Onu bu dünyada qorxudan dəhşətə gətirən yeganə şey itlərdir. Bu
barədə özü 2012-ci ildə verdiyi müsahibəsində bildirib. Hər şey
1995-ci ildə qonşusuna ov itinin hücum etməsi ilə başlanıb. Onun
fobiyasının sərhədləri o qədər böyüyüb ki, xaricə səfər zamanı hər
zaman təhlükəsizlik xidməti bu nüansa diqqət yetirir. Çalışırlar
ki, kanslerin gəlişi münasibətilə yaxınlarda bir dənə də olsun it
olmasın. Bu qaydaya hamı əməl edir, Putindən başqa. Məhz bu
səbəbdən onların münasibətlərində gərginlik hər zaman müşahidə
olunur. Belə ki, 2007-ci ildə Putin onu Krımdakı yay
rezidensiyasına dəvət edib. Onlar fotoqraflar üçün birgə poz
verəndə otağa Putinin Koni adlı iti daxil olub. Merkel sakitliyini
qorumağa müvəffəq olsa da, gərgin olduğu hiss olunub. Bunun üstünə
Putin "it sizi qorxutmur?" deyə ona istehza ilə gülüb. Bundan bir
il öncə isə Putin ona bir it hədiyyə etmişdi ki, bu da
münasibətlərdəki soyuqluğu daha da artırmışdı.
O, alman "Komsomol"unun kaitibi və təbliğat üzrə
əməkdaşı olub
Valideynləri Angela Merkeli məcbur eləməsələr də, o, özü ikinci
sinifdə oxuyanda pioner sıralarına qoşulub. Bunun ardınca isə Azad
Alman Gəncləri İttifaqına daxil olub və universitetlərdəki dərsləri
zamanı təşkilati məsələlərlə də məşğul olub. O, katib və təbliğat
üzrə fəaliyyət göstərib. Amma o, özü heç zaman bu komsomol keçmişi
barədə heç yerdə danışmayıb.
O, fransız dilini yarımçıq öyrənib
Fransada keçirilən tədbirlədən birində Angela Merkel bildirib
ki, gənclər Almaniyanın tərəfdaşı olan Fransanın dövlət dilini
öyrənməlidir. Hətta özü bu dili öyrənmədiyi üçün təəssüf hissi
keçirdiyini də etiraf edib. İngilis və rus dillərini bilən Merkel
bildirib ki, rus dili məktəbdə onun sevimli dərsi olub. Bununla
yanaşı, gəncliyində fransız dilini də öyrənməyə cəhd edib. Ta ki,
müəllimi bir kanadalı qadınla evlənib, qərbə qaçana qədər. Angela
da onu əvəzləyəcək başqa pedaqoq tapmayıb.
Onun komandasında ancaq "oğlanlar"dır
İki əsas məsləhətçisi qadın olsa da, Angela Merkel hər zaman
karyera vəd edən, gənc oğlanlarla işləməyə üstünlük verib. Onun
bütün əməkdaşları yüksək təhsil və qabiliyyətləri ilə fərqlənirlər.
Komandasının ən məşhur işçiləri sırasında isə Ulris Vilhelm yer
alıb. Keçmiş mətbuat katibi. Eləcə də Şteffen Zayberq. Onların hər
ikisi jurnalistikadan gəlmişdilər və parlaq jurnalistika
karyeraları ilə fərqlənirdilər.
Merkel yaşadığı mənzilin sahibi deyil
Sələflərindən fərqli olaraq, Angela Merkel kansler üçün ayrılmış
xidməti mənzilə köçməkdən imtina edib və Berlinin mərkəzində əri
İoahim Zauerlə yaşadığı böyük mənzildə qalmağa davam edib.Bununla
yanaşı, o, həmin mənzildə ancaq kirayənişindir. Onun bu hərəkətinin
analoqu həqiqətən də yoxdur. Nə Fransada, nə də İngiltərədə. Amma
bu evə indiyə qədər bir jurnalistin belə ayağı dəyməyib. Bu,
kanslerin həyat prinsiplərindən biridir.
O, fizikləri sevir
Angela Merkel ixtisasca fizikdir. 1986-cı ildə çox yüksək
səviyyədə dissertasiya müdafiə edib. Təhsil illəri zamanı o, ilk
sevgisini – Ulrix Merkeli tanıyıb. 1977-ci ildə evlənsələr də,
nikahda xoşbəxt olmayıblar. Merkelin sonradan dediyinə görə, əri
həddən artıq ev adamı olub və onlar uyğunlaşmayıblar.
Merkel daha sonra başqa bir fizikə - İoaxim Zauerə vurulub. O da
kvant kimyası sahəsində mütəxəssis olub. O, İoaximlə Berlin
divarlarının çökməsindən illər sonra evlənib. Merkel və Zauer rəsmi
nikaha 1998-ci ilin 30 dekabrında giriblər. O vaxta qədər bir
müddət vətəndaş nikahında yaşayıbıar.
Hərdən soyuqqanlılığını itirir
Angela Merkel bütün situasiyalarda soyuqqanlılığını qoruması ilə
ad qazanıb. Amma bununla belə onu da təbdən çıxarmaq mümkündür.
Yuxarıda o hallardan birini yazdıq – it qorxusu. Amma bununla belə
əsəblərini qoruya bilməyəndə işçilərinin üstünə qışqırması, əsəbi
reaksiyalar verməsi də bilinən hallardandır.
Film kimi qadın...
Almaniyanın Baş naziri Angela Merkelin həyatı dram filmi olacaq.
Film 2017-ci ildə ekranlara gələcək. Filmin ssenarisi yazıçı Dirk
Kurbjuweit tərəfindən yazılıb. Merkelin ovsunlayıcı bioqrafiyası
olduğunu deyən ssenarist Merkelin həyatını izah etməyin vaxtının
gəldiyini qeyd edib.
Angela Merkeli illərdir yaxından təqib etdiyini deyən Kurbjuweit
Merkelin insani tərəfləri ilə yanaşı, Baş nazir olaraq on ildən
çoxdur mediayla xoş dialoqda olmasına da diqqət çəkib. Kurbjuweitin
fikrincə, Merkel dövrümüzün ən həyəcanlı siyasətçisidir.