ABŞ 1971-ci ildə neft qarşılığında qızıl ödəyə bilmədiyi
üçün Səudiyyə Ərəbistanına satışın yalnızca dollarla aparılmasını
təklif edir. Səudiyyə rəhbərliyi bununla razılaşır və qarşılığında
kral ailəsinin hökmranlığının qorunmasını tələb edir.
Axar.az xəbər verir ki, 1973-cü ildə müzakirələr nəticəsində
petrodollar sistemi qurulur.
Səudiyyə neft satışlarında yalnız dollar qəbul etməyə başlayır.
Sistem olduqca sadə idi. Rəsmi Ər-Riyad neftdən gələn dollarları
ABŞ banklarına və istiqrazlarına qoyurdu. Nəticədə ABŞ zənginləşir,
Beynəlxalq Valyuta Fondu (BVF) isə puldan neft idxal edən ölkələrə
borc verərək qazanırdı. 1974-cü ildə rəsmiləşən bu anlaşmanı
hazırlayan isə dövrün ABŞ Dövlət katibi Henri Kissincer idi.
Dünyanın neftə ehtiyacı olduğu müddətcə "qara qızıl" ABŞ dolları
qarşılığında satılacaqdı.
Sistem 1975-ci ildə bütün OPEK üzvləri tərəfindən qəbul
olundu.
Bu şəkildə dünya iqtisadiyyatı nəzarət altında saxlanılır, kimin
inkişaf edib-etməyəcəyi bəlli olurdu. Enerji ehtiyacını qarşılamaq
məcburiyyətində qalan ölkələr dollar axtarır, nəticədə dünya həm
dollar, həm də ABŞ-a möhtac qalırdı.
Səddam Hüseyn 2000-ci ildə İraqın neft gəlirlərini dollar yox,
avro ilə alacağını açıqlayır. Tezliklə ABŞ İraqa hücum (2003-cü il
– red.) edir.
İran və Venesuela 2005-ci ildə ABŞ dollarına qarşı qüvvələrini
birləşdirir. Venesuelanın mərhum lideri Uqo Çaves neft satışını
avro ilə edəcəklərini bildirir. İran isə satışların avro ilə
aparılacağı birja yaradacağını açıqlayır. Bu, əməliyyatların
dollarla aparıldığı London birjasının əhəmiyyətini öldürəcəkdi.
Lakin ABŞ Prezidenti Corc Buş tezliklə Tehranı təhdid edir. Bundan
əlavə, Venesuelada çevrilişə cəhd olur.
Liviyanın mərhum lideri Müəmmər Qəzzafi 2009-cu ildə Afrika
İttifaqının rəhbəri olduğu zaman vahid valyuta sisteminə keçməyi
təklif edir. Bu, petrodollar sisteminə meydan oxumaq mənasına
gəlirdi. Lakin tezliklə Ərəb baharı alovlanır və Qəzzafi
devrilir.
2009-2012-ci illərdə dünyanın bir çox dövlətləri petrodollar
sistemindən imtina etməyə cəhd göstərsələr də, sonradan onlar da
sakitləşirlər.