Ana səhifə Planet |
Şimali Koreyada kişilərin Rusiya cəbhəsinə göndərilməsinin qarşısını almaq üçün ailələr saxta tibbi arayışlar almağa çalışır. Bunun üçün onlar orta aylıq maaşlarının 100 qatından çox pul xərcləyirlər.
Axar.az Qayanrinfo-ya istinadən xəbər verir ki, bu barədə "Nyusvik" yazıb.
ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatlarına görə, Kim Çen İn rejimi artıq Rusiyaya 12 000-ə qədər hərbi qulluqçu göndərib. Onlar Kursk bölgəsində döyüşlərdə iştirak edərək Rusiya qüvvələrinə Ukraynanın əks-hücumuna qarşı dayanmaqda kömək edirlər. Lakin nə Moskva, nə də Pxenyan bu faktı rəsmi olaraq təsdiqləyir.
Şimali Koreyanın dünyanın ən böyük ordularından birinə sahib olduğu bildirilir - 1,3 milyon aktiv hərbçi və 7,6 milyon ehtiyat qüvvə. Kişilər üçün 10 illik, qadınlar üçün isə 5 illik hərbi xidmət məcburidir. Bu səbəbdən ailələr sevdiklərini məcburi çağırışdan azad etmək üçün müxtəlif yollar axtarır.
Saxta arayışların qiyməti beş dəfə bahalaşıb
"Radio Free Asia"nın məlumatına görə, saxta vərəm arayışı almaq üçün həkimlərə rüşvət vermək xərci ötənilki 100 dollardan 500 dollara qədər artıb. Halbuki Şimali Koreyada dövlət qulluqçularının orta aylıq maaşı cəmi 1-3 dollar civarındadır. Buna baxmayaraq, bir çox ailə bu pulu ödəməyə hazırdır, çünki yaxınlarının cəbhədə ölə biləcəyindən qorxur.
"Əgər oğullarımız orduda xidmət edib Rusiyaya göndərilsələr, onları bir daha sağ görməyə bilərik", - deyə Ryangqan vilayətinin sakini bildirib.
Müharibədə əsir düşən bir Şimali Koreya əsgərinin sözlərinə görə, ona əvvəldən Rusiyaya göndəriləcəyi barədə heç bir məlumat verilməyib. Bir çox insan döyüş bölgəsinə aparıldığını gözləmirmiş və kiminlə vuruşduğunu anlamırmış.
"Bizim düşmənimiz kimdir? Niyə yeni düşmən qazandıq?" - deyə Ryangqan sakinlərindən biri sual verib.
Həlak olanların ailələrinə gerçək ölüm səbəbi açıqlanmır
Bildirilir ki, cəbhədə ölən əsgərlərin ailələrinə "Vətən naminə müqəddəs döyüş təlimləri" kimi qeydə alınan rəsmi ölüm sənədləri təqdim edilir. Lakin onların həqiqi ölüm səbəbləri açıqlanmır.
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Kursk bölgəsində indiyədək Şimali Koreyanın 3 800 hərbçisi həlak olub.
Pxenyan yeni səfərbərliyə hazırlaşır
Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Pxenyan yaxın aylarda yeni hərbi səfərbərlik elan etməyə hazırlaşır. Müharibə Araşdırmaları İnstitutunun (ISW) proqnozuna görə, Şimali Koreya qüvvələrinin növbəti göndərişi mart ayının ortalarında baş tuta bilər. Hər ay cəbhədə ölən Şimali Koreya əsgərlərinin sayı isə 45 000-ə çata bilər.
Beynəlxalq reaksiyalar
Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun analitiki Alina Qritsenko hesab edir ki, Şimali Koreyanın münaqişədə iştirakı Rusiyanın canlı qüvvə çatışmazlığını aradan qaldırmağa kömək edir. Lakin Moskvanın aylıq on minlərlə əsgər itirdiyi nəzərə alınarsa, Pxenyanın bu tələbatı tam ödəyə bilməsi real görünmür.
ABŞ isə Şimali Koreyanın müharibədə iştirakına görə yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyir.
Şimali Koreya əsgərləri cəbhədən geri çəkilib?
Daha əvvəl yayılan məlumatlara görə, ağır itkilərdən sonra Şimali Koreya qüvvələri ön xətdən çıxarılıb. "Nyu York Tayms"ın ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi xəbərə görə, Şimali Koreya hərbçiləri son iki həftə ərzində cəbhədə görünməyib.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri də Kursk vilayətində Şimali Koreya əsgərlərinin izinə rast gəlinmədiyini təsdiqləyib. "Ukrainska Pravda"ya açıqlama verən polkovnik Aleksandr Kindratenko bildirib ki, son üç həftə ərzində bu bölgədə Şimali Koreya qüvvələrinin fəaliyyəti qeydə alınmayıb.
Tarix
2025.01.31 / 23:57
|
Müəllif
Axar.az
|