Yay vaxtı aran yerində necə və harda sərinləmək olar? Əlbəttə
ki, çardaqda (başqa adı: talvar). Mən evlərin dam örtüyündən
danışmıram. Bu çardaq – dörd dirəyin üzərində tikilmiş, döşəməsi
taxtadan, damı qarğı-qamışdan düzəldilmiş bir tikili növüdür. Bəzən
döşəməni qarğıdan hörülmüş tərəcə əvəz edir. Çardağın dörd yanı
açıq olur. Çox vaxt cağlarla əhatələyirlər ki, uşaqlar, qocalar
ordan yıxılmasınlar. Aranda yaşayanlar yay aylarında bu tikilidən
yaşayış yeri kimi istifadə edirlər; burada yatıb-qalxır,
yeyib-içirlər. Adətən çardağı evin qarşısında tikirlər. Lazım olan
sərinliyi əldə etmək üçün çardağın döşəməsi yerdən ən azı 2 metr
hündürdə olmalıdır.
Yayda sərinlədici vasitələrdən biri də qarpızdır. Qarpızın
unukal bir cəhəti var: kəsib günün qızmar şüaları altda
saxlayırsan, isinmək əvəzinə daha da sərinləşir. Heç bir canlı, heç
bir əşya bu imkana malik deyil. Qarpızı gərək birbaşa bostanda
tağından qoparıb alasan. Yetişdiyini bilmək üçün tağla qarpızı
birləşdirən "bığcıq" adlanan nazik telə diqqət yetirmək lazımdır.
Əgər bığcıq quruyubsa, deməli, qarpız qıpqırmızıdır, əgər göydürsə,
demək, hələ yetişməyib. Qarpızı yoxlamağın başqa üsulu odur ki, iki
əlinin arasına alıb qulağına yaxınlaşdırırsan və yavaşca sıxırsan.
Xışıldayırsa, kəsib yemək olar.
Çardaqla qarpızın əlaqəsi
Çardaqla qarpızın nə əlaqəsi? – deyə soruşsanız, cavab əvəzinə
sual eşidərsiniz: məgər qarpız bostanını çardaqsız təsəvvür etmək
mümkündürmü?! Aran camaatı üçün sərinlədici vasitələrin ən
orijinalları - çardaq və qarpız bir arada. Maraqlıdır, elə
deyilmi?
Bu günlərdə bir qarpız bostanında olduq. Bostan Taxtakörpü
qəsəbəsinin yaxınlığındadır. Məqsədimiz, qızmar günəş altda tər
tökən qoca bostançılarla söhbətləşməkdi. Əslində, söhbətimizin
maraqlı alınacağına inamım az idi. Belə isti havada iki yorğun
qocanın yol azıb gəlmiş "boş-bekar" adamlarla söhbətləşməyə hardan
həvəsi olsun?! Hər şey gözlədiyimin əksinə oldu. Bizi gülər üzlə
qarşılayıb çardaqlarına dəvət elədilər. Və şirin-şirin dərdləşməyə
başladıq...
Çantamı götürüb çıxdım Kürün körpüsünə
Fotoda gördüyünüz dolubədənli kişi, Ağcəbədi rayonunun
Nəcəfqulubəyli (Yastıyol) kəndindən olan Elman Əhmədov, yanındakı
isə həmkəndlisi Mehman Qurbanovdur.
Elman kişi birinci ildir ki, bostançılıq edir. Sovet dövründə
quşçuluq fabrikində və digər idarə və müəssisələrdə işləyib. Uzun
müddət sürücülük edib.
– Sonra hökumət ləğv olundu, işsiz-gücsüz qaldım. Əlacım
kəsildi, çantamı götürüb çıxdım Kürün körpüsünə, – deyir Elman
kişi. Bu kənddə belə bir deyim var: "Kürün körpüsünə çıxdınsa,
demək, səfərin uzun çəkəcək". – Xarkova gedib yaxşı bir iş tapmaq
istəyirdim. Ora da ürəyimcə olmadı, dəmir-dümür yığıb satırdıq,
xərci borcun ödəmirdi.
Sonralar "xərci borcun ödəməmək"lə bağlı çox əngəllərlə
qarşılaşacaqdı Elman kişi. Başına gələnlərdən bizə danışmaq
istəməsə də, sözlü adam olduğu hər halından bəlli idi. Hadisələri
özətləyib, söhbətin məcrasını birbaşa qarpız bostanına
yönəltdi:
– Üç aydır ki, əkmişik, hələ birini də sata bilməmişik. Alan
yoxdur. Məhsulu zaval vurur. Biz də əlacsız qalıb zaval vurmuş
məhsulu banlı maşınlara yığıb aparırıq mal-heyvana yedirtməyə.
Qarpızla keçən bir igid ömrü
Elman kişidən fərqli olaraq Mehman kişinin bostançılıq sahəsində
təcrübəsi daha çoxdur: düz 23 il – bir igidin ömrü. Əsgərlikdən
döndükdən sonra bu işə başlayıb. Ara-sıra meşə, su idarələrində
fəhlə işləyib, amma peşəsinə sadiq qalaraq bostançılıqdan əl
çəkməyib. On ildən çoxdur ki, yalnız bu işi görür. O da şəriki
kimi, məhsulun builki vəziyyətindən gileylənərək deyir ki,
bostançılıq təcrübəsində belə halla qarşılaşdığı hələ olmamışdı.
Bir oğlu var, əsgərlikdən bu il gəlib, orta təhsillidir, heç bir
peşəyə yiyələnməyib.
– Məhsul yaxşı gətirsəydi, oğlumu oxutduracaqdım. Neynək, bu il
gözləməli olacaq. Yəqin onu da mənim taleyim gözləyir...
– Bostançılığın da öz gözəlliyi var.
– Əlbəttə, mən bu işi sevirəm, ömrümü buna həsr etmişəm, heç də
narazı deyiləm. Amma mən ailəmi min bir əziyyətlə dolandırmışam
deyə, istəmirəm oğlum da mən çəkən əziyyəti çəksin.
– Mən bura gələrkən yadıma Qurbaninin bu misraları
düşdü:
Bostançı bəslər şamama,
Tağı dolana-dolana.
Bostanınızda şamama becərirsinizmi?
– Əvvəllər becərərdik. Sonra sərf eləmədi.
– Bu işdə xeyiriniz çox olub, yoxsa
zərəriniz?
– Xeyirim daha çox olub. Zərərsiz də ötüşmək olmur. Yay
mövsümündə bostançılıqdan qazandığımı il boyu xərcləyib birtəhər
dolanırıq.
– Bəs bu il nə edəcəksiniz? Axı məhsuldan heç nə əldə
edə bilməmisiniz.
– Birtəhər dolanarıq, Allah böyükdür.
– Bəs konkret, necə dolanacaqsınız?
– Bilmirəm...
Müharibə yoxdur, sakitlikdir
Arada müsahiblərimdən soruşuram: - Hökumətimizdən
razısınızmı?
Hər ikisi bir ağızdan: - Əlbəttə! Müharibə yoxdur, sakitlikdir,
birtəhər başımızı saxlayırıq. Yeməyə çörəyimiz, geyməyə paltarımız
var. Daha nəyimiz çatmır ki...
Elman kişi bir az baməzə adamdır. Söhbətə başımız elə qarışmışdı
ki, balıqdan, donuzdan danışmağa necə başladıq, heç xəbərimiz də
olmadı.
– Ata-babalarımız həmişə ağlımıza yeridirdilər ki, donuz ətini
yemək olmaz, haramdır. Bunu anlayırdıq, amma naqqa balığın ətinin
haram olduğunu deyəndə heç cür razılaşa bilmirdik. Bu necə ola
bilər axı?!. Ömrümüz boyu babaların qoyduğu qadağalardan çıxa
bilmədik. Mən günü bu gün də naqqa əti yeyəndə həmin gecə yata
bilmirəm, babaların ruhu məni diksindirib yuxudan oyadır, vicdanım
narahat qalır. Amma elə ki, sərhəddən adlayırdıq başqa ölkəyə,
vicdan-filan qalrıdı bu tərəfdə, oralarda doyunca donuz da
yeyirdik, naqqa da (gülür).
Ağsaqqal-qarasaqqal saymırlar
– O vaxtkı babalar o düşüncənin sahbiləriydi, bəs indiki
babalar necə, uşaqlara naqqa yeməyi qadağan edirlərmi?
– İndiki uşaqlara nəyisə qadağan etmək nədi, heç cəsarət eləyib
söz də soruşa bilmirsən. Hərəsinin əlində bir telefon, damağında
siqaret, ağsaqqal-qarasaqqal saymırlar. Uşağın birinə söz deyəsi
olsam, gərək xeyli gözləyəm ki, o, telefonla danışıb qurtarsın,
yarımçıq kəssəm qan düşər (bu dəfə acı-acı gülür).
– Siz o vaxt naqqa yeməklə böyüklərin sözündən
çıxırdınız, bunlar da telefon qurdalamaqla çıxır, nə fərqi
var...
Buna hamımız gülüşdük. Mehman kişininsə üzündə dərin bir kədər
vardı. Bostanın ən ucqar yerlərinə baxa-baxa nəsə düşünürdü... Bəs
onun yeməyə çörəyi, geyməyə paltarı yoxdurmu?..
Fotolar Sadıq Axundovundur
Pərviz Axundov
Axar.az saytı üçün