Müxtəlif səbəblərdən dolayı insanlar saç tökülməsi
problem ilə qarşılaşırlar. İnsanlar bu problemin qarşısını almaq
üçün müxtəlif yollara əl atsalar da, əksərən yanlış metodlardan
istifadə edirlər.
Axar.az saça qulluqla bağlı insanların doğru bildiyi 9 yanlışı
təqdim edir:
1. Şampun yerinə sabun istifadə etmək
Bəzilərimiz şampun yerinə sabun istifadə etməyi doğru hesab
edirik. Əslində isə sabunun şampundan üstünlüyü yoxdur. Ancaq təbii
tərkibə malik və tərkibində zeytun yağı olan sabunlar ziyanlı
deyillər. Burda əsas olan sabunun keyfiyyətli olmasından çox sizin
saçınızın quruluşudur. Məsələn: sabun təbii tərkibə malik olsa da,
saçınız uyğun gəlmədiyindən saç köklərinə və dərisinə ziyan vura
bilər. Bu zaman qaşıntı və saç tökülməsi baş verir.
2. Saçın tez-tez yuyulması
Əslində, saçı tez-tez yumaq doğru deyil. Çünki saç dərisinin
üzərində lipid təbəqəsi vardır ki, hər gün yuyulduqda bu təbəqə
özünü bərpa edə bilmir. Bu isə saç dərisinin qurumasına səbəb olur,
mikro çatlar əmələ gətirir. Belə dəri xəstəliklərə qarşı da
müdafiəsiz olur. Uzun müddət yumamaq da düzgün deyil. Çünki
saçımıza yapışan toz və kir uzun müddət təmizlənmədikdə saçın
quruluşuna təsir edir, onu solğunlaşdırır. Belə saçın kökü çox
yağlandığından saçımıza sığal çəkdikdə belə saç tökülməsini hiss
edə bilirik.
3. Saçı toplamaq
Saçlarda fiziki gərginlik yaratmaq, dartmaq lazım deyil.
Gündəlik həyatda istifadə etdiyimiz at quyruğu saç düzümü saçı uzun
müddət gərilmiş halda saxlayır. Bu çox vaxt alopesiya adlı
xəstəliyə - saç tökülməsinin xüsusi növünə gətirib çıxarır.
Xüsusilə anaların qız uşaqlarının saçını rəngli rezin sancaqlarla
sıx dartılmış halda yığması saç tökülməsinə səbəb olan əsas
səbəblərdən biridir.
4. Saçı tez-tez qısa kəsdirmək
Əslində, tez-tez saç kəsdirmək saç uzanmasına bir o qədər də
təsir etmir. "Saçımı kəsdirsəm, saç tökülməsinin qarşısını ala
bilərəm", - fikri yanlışdır.
5. Təmiz olsunlar deyə saçı isti su ilə
yumaq
Saçı yuyarkən isti sudan istifadə etmək doğru deyil. Tam əksinə,
isti su saçın dərisini qurudur, strukturunu pozur, dəri qabıq
verir, qaşınır.
6. "Eyni bir şampunu istifadə etməyin heç bir zərəri
yoxdur"
Ən çox edilən səhvlər arasında məhz bu fikir dayanır. Evdə olan,
hamının istifadə etdiyi ortaq şampun heç də hamının saçının
strukturuna uyğun gəlməyə bilər. Belə ki, yağlı saçlar üçün
yağlanmanın qarşısını alan şampunlar, quru saçlar üçün isə
nəmləndirici şampunlar doğru hesab olunur. Bunun əksi saç dərisinə,
saçın köklərinə mənfi təsir göstərir.
7. "Çox köpüklənməyən şampun yaxşı
təmizləmir"
Çox köpüklənən şampunlara diqqət etmək lazımdır. Əgər şampun çox
köpük verirsə, deməli, tərkibində kimyəvi maddələr daha çoxdur.
Bitki tərkibli şampunlar köpük əmələ gətirmədən də saçı yaxşı
təmizləyirlər. Buna görə də şampun alanda onun gözəl qoxulu, yaxşı
köpüklənməsini əsas götürməkdənsə, tərkibinə, xüsusən bitki
tərkibli olmasına diqqət yetirin.
8. "Saç kremləri saçı tökür"
Saç kremlərinin tərkibi saçın quruluşuna uyğun hazırlanır. Buna
görə də düzgün seçilən krem saçı tökmür, tam əksinə, zədələnmiş
saçı bərpa etməyə yardımçı olur. Saç kremlərini daha çox uzun
saçlarda istifadə etməyiniz məsləhətdir.
9. "Papaq qoymaq saçı tökür"
Hər fəslə uyğun papaq qoymaq başımızın dərisini, istidən,
soyuqdan, yağışdan, küləkdən, çirkli havadan qoruyur. Buna görə də
"papaq geymək saçlara ziyandır" fikri tamamilə yanlışdır. Amma
diqqətli olmaq lazımdır: papaq dar, sintetik liflərdən hazırlanmış
olmamalıdır. Dar papaq başımızda qan dövranını pozur və nəticədə
saçın oksigenlə təmin olunmasında problem yaranır.