İldən-ilə dünyada Yerba Mate çayının pərəstişkarlarının
sayı artır.
Axar.az xəbər verir ki, bu çay Paraqvay pirkalının xırda
doğranmış yarpaqlarından hazırlanır. Uruqvay, Argentina, Braziliya
və Paraqvayın əhalisi artıq minillərdir ki, bu faydalı çaydan
içir.
Mate yorğunluğu aradan qaldırır, bədəni enerji ilə təmin edir,
əhval-ruhiyyəni yüksəldir. İnsan orqanizminin fizioloji
funksiyalarının harmonik tənzimləməsi, xəstəliklərin
profilaktikasında və hətta müalicəsində Yerba Matenin tutarlı
potensiala malik olduğunu müəyyənləşdirən bir çox ciddi tədqiqatlar
barədə son dövrdə məlumatlar çoxalır.
Mateyə yaranmış böyük maraq və rəğbət bu çayın müxtəlif adlarla
dünyanı sürətlə fəth etdiyindən xəbər verir: Yerba mate, Mate, Mate
çayı, Paraqvay çayı, Herba mate, Erva mate, Yerba, Argentina çayı
və s.
Əlbəttə ki, söhbət eyni bitkidən və çaydan gedir. İstehsal
olunduğu əraziyə görə Mateni bir neçə iri qrupa ayırırlar: ən böyük
və məşhur qrup hesab olunan Argentina qrupu, bundan sonra Uruqvay
və Paraqvay qrupları.
Sözügedən çayın hazırlanmasında hər bir ölkənin özünəməxsus
fəlsəfəsi və ənənəsi mövcuddur. Bu, əsasən yarpaqların üyüdülməsi
ilə əlaqədar olsa da, içkinin dad və ətrinə iqlimin, torpağın
münbitliyi və padubun yetişdirilməsi də təsirsiz ötüşmür.
Son dövrlərdə istehsalçılar Mate brendinin rəngarəng çeşidlərini
artırırlar. Burada ənənəvi klassik növlərdən başqa, alıcılara
içkinin müxtəlif versiyaları: zəif kofeinli, yumşaq və ya əksinə,
tünd növlər təklif olunur.
Avropa, Avstraliya, Asiya və Şimali Amerikada məşhur olan
Matenin müxtəlif növ otlar və meyvələrlə qatqılı növləri də
mövcuddur.
Burada həmçinin premium sektorunun seleksiya növləri və ekoloji
təmiz plantasiyalarda yetişdirilən orqanik Mateni də qeyd etmək
olar.
Tərkibində tiamin (B1), riboflabin (B2), pantotenik turşusu
(B5), piridoksin (B6), kalsium, dəmir və maqneziumu birləşdirən bu
faydalı çay hazırda dünyanın ən böyük istehsalçılarının maraq
dairəsindədir.