"2012-ci ildən qızımın müalicəsi üçün müraciət
etmədiyim, kömək istəmədiyim, məktub yazmadığım ünvan
qalmayıb".
Bu sözləri "Axar.az"a ünvanlandığı müraciətində talassemiya
xəstəliyindən əziyyət çəkən 3 yaşlı Fatimə Əmiraslanovanın anası
Ayfər xanım deyir.
Təcili əməliyyat olunası qızının müalicəsi üçün maddi imkanı
yetməyən ailə bunun üçün müxtəlif orqanlara müraciət edib.
Səhiyyə Nazirliyinin qapısından
buraxmadılar
A.Əmiraslanova deyir ki, ilk dəfə 2012-ci ildə rəsmi qurumlara
müraciət edib: "Prezident Administrasiyasından cavab aldım və orada
göstərilən ünvana - Səhiyyə Nazirliyinə getdim. Məni nazirliyin
qapısından heç içəri qoymadılar. Göndərdilər Ana və Uşaq Sağlamlıq
Mərkəzinə. Orada Elmi Tədqiqat Mərkəzi İnstitutunda vətəndaşların
xaricdə müalicəsi ilə bağlı şöbənin müdiri olan Nəsib Quliyevin
qəbuluna getdim. İnanın, heç oturmaq da təklif etmədi. Prezident
Administrasiyasından gələn cavab məktubumu istədi. Məktuba baxandan
sonra dedi ki, buralarda vaxt itirmə, ya gözlə, nə vaxt bizdə bu
əməliyyat olar, onda etdirərsən, ya da get, özünə sponsor axtar.
Dedi, hər xəstəyə kömək etsək, dövlətdə pul qalmaz ki!"
A.Əmiraslanova deyir ki, 2013-cü ildə Gəncə şəhərindən seçilmiş
deputat Aydın Abbasov onlarla əlaqə saxlayıb: "Bizə dedi ki,
sənədlərinizi də götürüb ofisimizə gəlin. Səhəri gün getdim. Özü
olmadığı üçün köməkçisi Elmar müəllimlə görüşdüm. Bildirdi ki,
narahat olmayın, köməklik edəcəyik. Ancaq artıq bir ildən çox vaxt
keçib. O vaxtdan bu günə qədər dəfələrlə zəng edib yadlarına
salmışam. Ancaq bir nəticə yoxdur".
Məcburuq həkimlərin maaşından kəsək...
A.Əmiraslanova deyir ki, prezidentə məktub yazandan az müddət
sonra Gəncə Şəhər İcra Hakimiyyətinə cavab məktubu göndərilib.
Səhəri gün sahə üzrə uşaq poliklinikasından ailəyə zəng gəlib:
"Soruşdular ki, siz bizdən Gəncə Şəhər İcra Hakimiyyətinə
şikayət etmisiniz? Bildirdim ki, xeyir. Onlara icradan zəng gəlib
ki, uşaq xəstədir, onunla məşğul olun. Növbəti gün Gəncənin Səhiyyə
İdarəsindən zəng gəldi ki, bura gəlin. Getdiyim gün Səhiyyə
İdarəsinin müdirinə gələn məktublara nəzarət edən katibəyə
yaxınlaşdım. Katibə dedi ki, Səhiyyə İdarəsinin müdiri deyib ki,
necə kömək edəcəyimi bilmirəm, məcburuq, həkimlərin maaşından kəsib
uşağınızı əməliyyat etdirək".
"Nə həyasız adamsan"
A.Əmiraslanova deyir ki, əli hər yerdən üzüləndən sonra iş adamı
Mübariz Mənsimova müraciət edib: "Onun köməkçisi İbrahim Nəbioğlu
ilə Feysbuk vasitəsilə əlaqə saxlayıb qızımın problemini yazdım.
Özü telefon nömrəsini verdi. Zəng etdim. Telefonu açan kimi kobud
şəkildə dedi, ay qız, sən kimsən, nə həyasız adamsan, niyə mənə
zəng edirsən? İnanın, heç imkan vermədi sözümü deyim. Ağlaya-ağlaya
dedim, Mübariz Mənsimova məktub yazım, heç olmasa onu verin. Sözümü
qurtaran kimi dedi, mən də deyirəm bir saatdır sən nə danışırsan.
Dedi, bizə o qədər məktublar yazirlar ki, hamısına cavab versək,
gərək Mübariz müəllim ancaq onlarla məşğul olsun, başqa iş
görməsin".
Sonmu?..
Əli hər şeydən üzülən ailə 3 yaşlı Fatimənin əməliyyat edilməsi
üçün anası indi xeyirxah insanlardan kömək istəyir. Fatimənin
əməliyyatına yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya
bilər.
Atası Vüqar Əmiraslanov (050) 300 13 95, 055 260 50 96
Anası Ayfər Əmiraslanova (051) 912 57 67, (055) 863 20 70.