Dövlət xəstəxanalarından olan mütəmadi
şikayətləri nəzərə alıb, Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində
və Respublika Kliniki Xəstəxanasında olduq.
Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının
Mühafizə xidmətinin əməkdaşları çantadakı fotokameranı onlara
verdikdən sonra içəri keçə biləcəyimizi dedilər.
Telefonda çəkiliş aparmaq imkanları olduğu üçün razılaşıb xəstə
adı ilə içəri keçirik və dərhal da üfunət iyi bizi salamlayır.
Hər şeyin öz qiyməti var...
Ultrasəs müayinəsinin aparıldığı kabinetə yaxınlaşıram. Həkimə
zobdan müayinə olunmaq istədiyimi bildirən kimi cavab verir:
- 15 manat ödəməlisən.
İmkanımın olmadığını deyirəm:
- Sən yaxşı olar ki, yaşadığın ərazidəki poliklinikaya gedəsən.
Bəlkə orada pulsuz müayinə etdilər.
Xəstəxanada qanın ümumi analizi 8, qanda qlükozanın müəyyən
olunması 5, sidiyin ümumi analizi 7, böyrək analizləri 35, QİÇS
analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70,
ginekoloji müayinə 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni
üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi
isə 160 manatdır. Ancaq işdir, çıxıb baş həkimdən soruşsanız, bütün
bunların yalan, xəstəxanada hər şeyin pulsuz olduğunu deyəcək. O da
əgər baş həkimi xəstəxanada tapa bilsəniz. Məsələn, biz tapa
bilmədik.
Xəstə ölür, maraqlanan yoxdur...
İçəridə olduğumuz müddətdə yanmış vəziyyətdə xəstəxanaya
gətirilən xəstənin yarım saata yaxın hələ də həkimi gözləməsi sanki
adi bir hal idi. Zədə aldığımı deyib, özümü yoxlatmaq istədiyimi
bildirdim. Həkim dedi ki, hər insanın öz yaşadığı yerə yaxın
poliklinika var və hər kəs ora getməlidir. Ancaq bir qədər sonra
adının Afət olduğunu öyrəndiyimiz tibb bacısı həkimi birtəhər yola
gətirəcəyini dedi. Birtəhər sözü yəqin ki, çoxlarınıza tanış
gəlir...
Baş həkim kefində-damağında...
Baş həkimin otağının qarşısından keçəndə musiqi səsi içəridən
gəl-gəl deyirdi. Musiqi gəl-gəl desə də, qapıya çıxan tibb bacısı
baş həkimin qəbul saatlarının bitdiyini və hazırda xəstəxanada
olmadığını bildirdi. "Birtəhər" necə həll edə biləcəklərini baş
həkimdən soruşmaq istəyimiz baş tutmadı, Afət xanım da növbəsini
dəyişdi.
Bütün bu oxuduqlarınız baş verəndən sonra xəstəxananın Qəbul
şöbəsinə qayıdanda yanmış vəziyyətdə xəstəxanaya çatdırılan xəstə
hələ də səbir edirdi. Xəstəxanadan çıxmağa 20 dəqiqə qalmış bir
tibb bacısı yanmış xəstəni axır ki, həkimin yanına apardı.
Ümidi ən sonda ölən xəstələr...
Xəstəxana haqqında fikir formalaşdırmaq üçün Qəbul şöbəsi
yetərlidir. Onlarla adam növbədə dayanıb dərdlərinə çarə edəcək
həkimlərin gələcəyinə ümid edirlər.
Qaraciyər 20 manat, böyrəklər 25
Ordan çıxıb Topçubaşov adına xəstəxanaya gəlirik. Burdakı
vəziyyət də o birilərindəkindən heç fərqlənmir. Ultrasəs müayinəsi
(UZİ) kabinetinə yaxınlaşırıq. Zirzəmi kimi bir yerdə yerləşən bu
kabinet sanki gizli iş üçün nəzərdə tutulub. Nə üçün gəldiyimi
soruşduqdan sonra dedilər ki, həkimin qəbuluna düşməyə pul
verməliyəm.
Girişdə 40 qəpik verib, içəri keçdim. Xalidə həkimdən qiyməti
soruşdum. "Daxili orqanların hər biri ayrı-ayrılıqda UZİ-yə
salınır. Misalçün, qaraciyər 20 manat, böyrəklər 25 manat,
yumurtalıq 30 manat və sairədir".
Həkimə bildirdim ki, bizə bu xəstəxanada tibbi müayinənin pulsuz
olduğunu deyib, bura göndəriblər.
Bu söz həkimə yaman təsir etdi:
- Biz də bala saxlayırıq, o maaşla gəl sən saxla görüm,
bacaracaqsan?
Baş həkim Ramin Zamanovla görüşmək istəyimiz isə ürəyimizdə
qaldı. Çünki burda da baş həkim tapılmır.
Başdan ayağa pul...
Xəstəxanadan çıxdıq. Elə bil rüşvət söhbətləri bizi qarabaqara
izləyirdi. Qapıdan çıxanda gözümüzün qabağında maşınlardan pul
alırdılar. Xarici maşınlardan 2, digərlərindən 1 manat. Xəstələrin
yanına gələnlər maşını içəridə saxladıqlarına görə ən azı 1 manat
ödəyirdilər.
Dövlət xəstəxanalarında analizlərin tariflərinin hansı meyarlara
əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət
xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç
bir xəstəxanada qiymət lövhələri asılmır. Göndərişlə gələn xəstələr
isə analizləri aparan həkimin söylədiyi məbləği ödəmək
məcburiyyətindədirlər.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli ilə əlaqə saxladıq.
Qurumun rəhbəri bildirdi ki, bu kimi hallarla bağlı Səhiyyə
Nazirliyində qaynar xətt yaradılıb:
- Siz deyən hallarla bağlı nazirlikdə qaynar xətt yaradılıb.
9-103 nömrəli qaynar xəttə zəng edərək siz xəstəxananın adını,
həkimin soyadını və adını deməklə araşdırma aparılmasını təmin edə
bilərsiniz. Bəzən də apardığımız araşdırmalardan sonra bəlli olur
ki, əslində bu şikayətlərin heç bir əsası yoxdur, hər hansı
vətəndaş şəxsi ədavəti olan həkimdən qaynat xəttə şikayət edir.
Anar Qədirli bildirdi ki, jurnalistlərin yazdığı araşdırmalar da
onların diqqətindədir və bununla bərabər özləri də reydlər
keçirir:
- Mediada yazılan yazılar əsasında biz də araşdırma aparırıq.
Rüşvət almış və ya almaq istəyən, xəstələrdən pul tələb edən
həkimləri müəyyən etməyə çalışırıq. Bundan əlavə, özümüz də
müxtəlif reydlər keçiririk. Qanun pozuntusu müəyyən etdiyimiz həkim
cəzalandırılır. Bizim qaynar xətdən başqa
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
də qaynar xətt yaradılıb. İnsanlar öz şikayətlərini ora da edə
bilərlər. Sadəcə, unutmayın ki, kiminsə adını, soyadını demək hələ
o şəxsin rüşvət tələb etməsi demək deyil. Daha yaxşı olar ki,
vətəndaşlar qaynat xəttə faktla müraciət etsinlər.