Bir-biri ilə əlaqəsi olmayan
iki elmi qrupun təcrübələri depressiyanın və zərbədən sonrakı
sindromun müalicəsində mütəxəssislərin qarşısında yeni imkanlar
açıb.
Axar.az xəbər verir ki, alimlər mənfi xatirələri müsbətə
dəyişdirən texnologiyanın inkişafına təkan verəcək tədqiqatları
genişləndiriblər. Başda Susuma Toneqava olmaqla fəaliyyət göstərən
alimlər qrupu emosional bilgilərin xatirələrə necə təsir
göstərdiyini və onları kökündən dəyişmək üçün bu bilgilərdən necə
istifadə etməyin yolarını izah ediblər. Toneqava və onun komandası
ilk dəfə olaraq baş beyində yaxşı və pis xatirələrin yarandığı
zonaların dəqiq yerlərini göstəriblər. Alimlər optogenetikanın
köməyi ilə siçanların emosional yaddaşını izləyə və ona təsir
göstərə biliblər.
Eksperimentin əvvəlində alimlər siçovulun orqanizminə mavi
lazerin təsirinə reaksiya verən zülal yeridirlər. Alimlər müsbət və
ya mənfi təcrübə ilə əlaqədar olan neyronların onun şüalanmasına nə
zaman məruz qaldığını aydınlaşdıra bildilər. Siçovullar hətta
təcrübənin doğurduğu stimulun yoxluğunda belə onu yalnız
xatırlamaqla bu emosiyaları yenidən yaşayıblar.
Toneqava belə hesab edir ki, apardığı tədqiqatlar depressiyadan
əziyyət çəkən pasiyentlərin müalicəsində psixoterapevtlərin işinin
effektivliyini artırmağa qadirdir. Həkim xəstəni inandırmalıdır ki,
xatirələri nəzərdən keçirərkən yalnız müsbət emosiyalara köklənmək
lazımdır.
Massaçusetdəki MakLean xəstəxanasında işləyən alimlər qrupu
aşkar edib ki, daha çox Avropada anesteziya üçün istifadə edilən
ksenon travmatik yaddaşla bağlı olan qorxunu neytrallaşdıra bilər.
Belə ki, ksenon siçovullarda yaşadığı sarsıntı ilə əlaqəli yaranan
qorxunun təsirini azaldıb.
Bununla belə, hələ aydın deyil ki, posttravmatik sindromlu
pasiyentlərdə ksenon uzun müddət təsir göztərə bilərmi? Psixiatriya
kafedrasının dosenti Edvard Meloninin sözlərinə görə, əgər qazın
təhlükəsizliyi sübut olunarsa, pasiyentlər ksenondan inqalyasiya
kimi də istifadə edə bilərlər.
Alimlər qeyd ediblər ki, yaxın adamın ölümü və çox çətin yaşanan
ayrılıqlar kimi neqativ hadisələrə ksenon, ehtimal ki, müsbət təsir
göstərməlidir!