Bəzi qidaların tərkibinə
rəng, dad, struktur vermək üçün vurulan maddələr xərçəng riskini
artırır.
Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Adil
Qeybulla deyib. O bildirib ki, xərçəng xəstəliyi orqanizmin
nəzarətində olan hüceyrələrin bölünərkən nəzarətdən çıxması
hadisəsidir:
"Nəzarətdən çıxan hüceyrələr orqanizmin resursları hesabına
artıb çoxalır və son nəticədə orqanizmin məhvinə gətirib çıxarır.
Xərçəng hüceyrələri əslində bütün orqanizmlərdə var. Onlar əmələ
gəlir və orqanizm onu bədəndən xaric edir. Lakin bəzi
situasiyalarda orqanizm onu xaric edə bilmir və onlar artıb
çoxalır. Xərçəngi törədən konserigen maddələr adlanır. Bu maddələr
müxtəlifdir. Onların içində texniki istifadə olunan maddələr var
ki, ən çox asfaltda, neft məhsullarında olur.
Bu gün iri şəhərlərdə xərçəngin havada əmələ gəlmə riski müəyyən
edilib. Bundan başqa, qidaların tərkibinə rəng, dad, struktur
vermək üçün vurulan "qida əlavələri" deyilən maddələr var ki,
bunların da bəziləri konserigen təsirlidir və bəzilərinə müxtəlif
ölkələrdə qadağa qoyulub".
A.Qeybulla bildirib ki, yağın həddən artıq qaynaması onlarda
sərbəst radikallar əmələ gətirir ki, bu da orqanizmdə xərçəng
riskini artırır:
"Radiasiya, qıcıqlandırıcılar, viruslar və s. xərçəng törətmək
qabiliyyətinə malikdir. Qidaların tərkibində olan konserigen təsir
daşıyan bu cür maddələr orqanizm üçün təhlükəlidir. Ona görə də
ərzaq təhlükəsizliyi konsepsiyası dünyanın hər yerində milli
təhlükəsizlik konsepsiyasının tərkib hissəsi hesab olunur. Çünki
bu, genefonda birbaşa bağlı məsələdir.
Məsələn, kolbasa məhsullarının rəngi əslində çox solğun olur.
Ona rəng vermək üçün müxtəlif nitratlardan istifadə edirlər. Bu
nitratlardan istifadə edərək kolbasa məhsullarına görkəm vermək
düzgün deyil. Sovetlər dövründə bunun dərəcəsi var idi. İndi isə bu
hədd yoxdur. Bu mənada bu məhsulların hazırlanması ilə bağlı
standartlar olmalıdır. Yaxşı olar ki, görkəm üçün vurulan
qatqılardan imtina olunsun.
Digər tərəfdən, kolbasa məhsullarında istifadə olunan ətin
keyfiyyət parametrləri də yoxlanılmalıdır".