Son günlər mətbuat satışdakı bananlarda rast gəlinən
qeyri-adi qırmızı ləkələri meyvələrin daxilinə yeridilmiş qan kimi
qələmə verir. Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb
olur.
Axar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev
bildirib.
O, qeyd edib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən idxal
olunan banan meyvələrinə karantin baxışı keçirilən zaman bu tip
meyvələrə rast gəlinməyib:
"Məsələnin aktuallığını nəzərə alaraq, Dövlət Xidməti tərəfindən
kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış
məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki
mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən
laboratoriya analizləri məqsədilə nümunələr götürülüb. Məsələ ilə
bağlı Dövlət Xidmətinin "üzərində qan ləkəsi olması ehtimal edilən
banan meyvələrinin xidmətə təqdim edilməsi..." barədə
açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza
üçün bir neçə banan nümunələri təqdim edilib".
Camal Quliyev onu da əlavə edib ki, Dövlət Xidmətinin Respublika
Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin
müvafiq ekspertizaları keçirilib:
"Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun
müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və
vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər
ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində banan
meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial
mənşəli olduğu, "bananın qan xəstəliyi" bakteriyası (Pseudomonas
celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki
mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar
təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə
keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün
təhlükəli olmadığı müəyyən edilib".
Bu xəstəliyə nadir hallarda rast gəlindiyini söyləyən Dövlət
Xidməti rəisi, bakteriyanın ilk dəfə 1920-ci illərdə İndoneziyanin
Sulavesi (keçmiş Celebes) bölgəsində cır banan üzərində aşkar
edildiyini diqqətə çatdırıb:
"Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç
bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə
daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda
yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir. Xəstəlik
torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsi ilə yayılır.
Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər
üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində
əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək,
meyvələrin xarab olmasına səbəb olur. Eyni zamanda, Dövlət
Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət
Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilib və aparılan
analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və
nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib".
DFNX rəisi sonda vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və
respublikanın bitki örtüyü üçün təhlükəli deyil: "Vətəndaşlara
satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan
banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur. Onu da
qeyd edim ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar
Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli
orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara
uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən
çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını
banan meyvələri təşkil edir".