Ana səhifə Sağlıq |
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş
verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya
yaradılıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, komissiya
tərəfindən ölüm faktının səbəbləri araşdırılacaq, hadisənin həkim
səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, müvafiq tədbirlər
görüləcək.
Artıq 1981-ci il təvəllüdlü Lumu Veyisovanı əməliyyat edən 81
yaşlı həkim Cəfər Quliyev müalicə və əməliyyat işlərindən
uzaqlaşdırılıb.
Nazirlik 81 yaşlı həkimin hansı səbəblərdən bu gün də
fəaliyyətini davam etdirməsinə də aydınlıq gətirib. S.Əhmədova
bildirib ki, qanunvericiliyə əsasən, həkimin elmi adı, uğurları,
nailiyyətləri varsa, fəaliyyətinin davam etdirməsinə icazə verilir.
Buna əsasən də "Şöhrət" ordeni alan, tanınmış mütəxəssis, Tibb
Universitetinin uzun illər müəllimi kimi çalışan, hazırda əmək
fəaliyyətini davam etdirməyə qadir olan Cəfər Quliyev bu yaşa kimi
həkim kimi çalışıb.
Hadisə barədə məlumat verən S.Əhmədova deyib edib ki, 1981-ci il
təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da Sumqayıt Şəhər
Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub: "İrinli öd kisəsinin
çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd
kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat
edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları
tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub.
Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb.
Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün
xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə
baxmayaraq, dünyasını dəyişib".
Qeyd edək ki, xəstənin yaxınları Lumu Veyisovanın ölümündə
həkimi günahlandırırlar.
Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
Tarix
2016.07.01 / 12:12
|
Müəllif
Axar.az
|