"Azərbaycanın təkcə sosial xərcləri Ermənistanın dövlət
büdcəsindən 3 dəfə çoxdur".
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov
2015-ci ildə Ermənistan və Azərbaycanın qəbul edilən dövlət
büdcəsinin müqayisəsini apararkən dedi.
Ekspertin sözlərinə görə, uçuruma doğru gedən Ermənistanla
Azərbaycan iqtisadiyyatı müqayisəedilməz səviyyəyə çatıb:
"Azərbaycanın gəlirləri 2015-ci ildə 3,4 faiz artacaq.
Gəlirlərin artması fonunda Azərbaycan regionda həm büdcə gəlirləri,
həm də iqtisadi gücünə görə aparıcılığını qoruya biləcək.
Azərbaycan iqtisadiyyatını düşmən Ermənistanla müqayisə etsək
görərik ki, diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir
ki, Azərbaycanın dövlət gəlirləri, o cümlədən Ümumi Daxili Məhsul
(ÜDM) Ermənistanla müqayisədə fərqli mənzərəyə malikdir. Yəni
praktiki olaraq iqtisadi göstəricilərdə fərq o qədər böyükdür ki,
hətta bunu müqayisə etmək kifayət qədər çətindir. Dövlət
gəlirlərinin artmasından danışsaq görərik ki, Ermənistanın dövlət
büdcəsi Azərbaycan dövlət büdcəsinin bir xərc maddəsindən belə
kiçikdir. Azərbaycan dövlət büdcəsi 2015-ci ildə 25 milyard dollar
olacaq. Bu da Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur.
Gəlirlərin artması fonunda Azərbaycan regionda liderliyini
qoruyacaq. Müqayisə üçün deyim ki, xərc maddələri olan təhsil,
müdafiə, sosial, infrastruktur layihələri ayrı-ayrılıqda
Ermənistanın dövlət büdcəsini üstələyir. Məsələn, Azərbaycanın
sosial xərcləri 2015-ci ildə 7,7 milyard dollar olacaq. Bu isə
Ermənistanın ümumi dövlət büdcəsindən 3 dəfə çoxdur".
Ekspertin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz
iqtisadiyyatının 78 faizinə sahibdir: "ÜDM-da da kəskin fərqlər
var. 2013-cü ildə Ermənistanda ÜDM 10 milyard dollar göstərilsə də,
real göstəricilər 8 milyard olduğunu deyir. Bu rəqəmin Azərbaycanda
90 milyard dollar olduğunu nəzərə alsaq, görərik ki, bu fərq də 10
dəfəyə yaxındır. Ümumi götürdükdə isə Azərbaycan iqtisadiyyatı
Ermənistan və Gürcüstan iqtisadiyyatının cəmindən böyükdür".
Cari ildə Ermənistan vətəndaşlarının 6 faiz azaldığını deyən
ekspert bu sahədə ölkəmizin Avropada lider ölkə olduğunu açıqlayıb:
"Bu fərqlər özünü daha çox sosial göstəricilərdə büruzə verir.
Ermənistanda iqtisadi tənəzzül özünü ölkə vətəndaşlarının sayının
azalması və miqrasiyada bir daha göstərir. Belə ki, Azərbaycan
təbii artıma görə Avropada birincidirsə, Ermənistanda isə əksinə,
mənfi 6 faiz azalma qeydə alınıb. Digər tərəfdən, işsizlik və
yoxsulluq həddi də Ermənistanda kifayət qədər yüksəkdir. Belə ki,
bu ölkə yoxsulluq həddinə görə MDB-də sonuncu yeri tutur.
Ermənistan Mərkəzi Bankının hesablamalarına görə ölkə əhalisinin 60
faizi yoxsulluq həddində yaşayır. Amma Azərbaycanda rəsmi yoxsulluq
həddi 5,7 faiz təşkil edir. Bu da o deməkdir ki, Ermənistanda
yoxsulluq həddi Azərbaycanla müqayisədə 6 dəfə çoxdur".
Düşmən ölkədə hər doğulan uşağın 2100 dollar borcla dünyaya
gəldiyini deyən ekspert xarici borcun ÜDM-ni qabaqladığını
bildirdi:
"Sözsüz ki, əsas məqamlardan biri də Ermənistanın xarici
borcunun artmasıdır. Belə ki, Ermənistanın xarici borcu artıq 6
milyard dollara çatıb. Bu da Ermənistanın ÜDM-in 56 faizi deməkdir.
2013-cü ildə Ermənistanda ÜDM 3,5 faiz artdığı halda bu ölkənin
xarici borcu 5 faiz artıb. Bu da o deməkdir ki, Ermənistanın xarici
borcundakı artım ölkədə ÜDM-in artımından daha çoxdur. Qeyd
etməliyik ki, xarici borcun 85,2 faizi dövlət borcudur. Bu hesabla
Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollar borcla doğulur.
Ermənistan adambaşına düşən xarici borcun məbləğinə görə MDB-də ən
sonuncu yerdədir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan xarici
borcu ilə ÜDM həcminə görə MDB ölkələri arasında ən yaxşı
göstəriciyə malikdir. Belə ki, xarici borcun ÜDM-dəki payı 8
faizdir. Azərbaycana bu baxımdan yaxın olan ölkə Özbəkistan və
Rusiyadır. Ümumilikdə deyə bilərik ki, artıq hər ötən il Azərbaycan
iqtisadiyyatı ilə Ermənistan iqtisadiyyatı arasında bu fərqlər o
qədər böyüyür ki, artıq müqayisəyə gəlmir.
Artıq Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri ilə yox,
daha inkişaf etmiş ölkələrlə müqayisə olunmalıdır".