Ana səhifə Siyasət |
İranda etirazlar hələ də davam edir. Genişliyi və sosial təbəqələri əhatə etməsi baxımından İslam İnqilabından sonra ən geniş və ciddi etraz aksiyaları sayılır. Aksiyaların ilk həftələrindən etibarən ona qoşulanlar sırasında İranda yaşayan bütün siyasi müxaliflər, etniklər, fərqli məzhəb daşıyıcıları və xaricdə yaşayan qruplar yer alırlar.
Aksiyalar qadınların məcburi hicaba etirazı ilə başlasa da, elə ilk günlərdən sistemin əsas atributlarını hədəfə aldı. Ali dini rəhbər və din xadimlərinə ölüm şüarları səsləndirildi. Hətta bəzi yerlərdə İslam Respublikasının əsas atributu olan bayraq da yandırıldı. Hakimiyyətin daxilindən olan çox sayda siyasi şəxsiyyət, din xadimi, elit təbəqənin bir çox nümayəndəsi, tanınmış ziyalı və sənət adamları etirazçılara dəstək nümayiş etdirdi.
Hakimiyyət etirazları yatırmaq üçün sərt tədbirlərə əl atsa da, insanları sakitləşdirmək mümkün olmayıb. Nəticədə yüzlərlə aksiya iştirakçısı həyatını itirib, minlərlə yaralanan və on minlərlə həbs olunan var. Hadisələrin hələ də davam etməsi və gənclərin geri çəkilmək niyyətində olmaması İranın hakim dairələrində ciddi narahatlıq yaradıb. İran dini lideri Ayətullah Əli Xamenei son günlərdə dəfələrlə çıxış edərək hakimiyyətin bütün qruplarına hadisələrin ciddiliyini anlatmağa çalışır və etiraz aksiyalarını bütün vasitələrdən istifadə etməklə sakitləşdirməyə cəhd edir. O, bununla da bütün nəzarəti öz əlinda saxlamaq niyyətini nümayiş etdirir.
Etirazların ilk həftəsində bütün etnik qruplar və milliyyətlər iştirak etsə də, sonrakı günlərdə Azərbaycan şəhərlərində etiraz aksiyaları oz əhəmiyyətini itirməyə başladı. Xüsusilə, Təbriz Universitetində tələbələrin etiraz aksiyasına polis və “Bəsic” qüvvələrinin sərt müdaxiləsi, xarici və daxili müxalifət mediası və qrupları tərəfindən etirazçıların boykot edilməsi Təbrizdə və digər Azərbaycan şəhərlərində əhalinin aksiyalara marağının azalmasına gətirib çıxartdı. Oxşar hadisə əvvəlki illərdə də azərbaycanlıların milli mənafeyi uğrunda keçirdiyi etirazlar zamanı baş vermişdi. Belə ki, azərbaycanlıların indiyə qədər butün aksiyaları mərkəz və xarici müxalif qüvvələr tərəfindən daim boykot və senzura ilə üzləşib.
Son günlərdə baş verən hadisələrin təhlilinə əsasən, azərbaycanlıların etiraz aksiyalarında zəif iştirakını mərkəzçi qüvvələrin onların problemlərinə qarşı biganə yanaşması, Azərbaycan şəhərlərində verilən şüarların və səslənən tələblərin xarici və daxili farsdilli mətbuat tərəfindən senzuraya uğraması, ayrı-seçkiliyə məruz qalması ilə izah etmək olar. İran mətbuatı və xaricdə olan müxalifət qüvvələrinə məxsus kütləvi informasiya vasitələri azərbaycanlıların tələb və istəklərini önəmsəməyib, daim ikili siyasət aparmağa çalışıblar.
Son hadisələrdə Azərbaycan milli qüvvələri bütün təcrübələrə rəğmən əhalini aksiyalara çağırsa da, mərkəzçi qüvvələr onları separatizm və milliyyətçilik damğası vuraraq, İranı parçalamaqda ittiham edirlər. Hətta bir çox media orqanı Azərbaycan milli hərəkatının aksiyalarda fəal iştirakını xarici qüvvələrlə əlaqələndirir. Bununla da İranda müxtəlif millətlərin birliyi və vahid yumruq olma ehtimalı başlamadan bitdi. Buna Qərb dövlətlərinin kürd faktorunu önə çəkməsi də əlavə olunduqdan sonra İranda bütün xalqların birləşərək hakimiyyətə qarşı çıxması ümidləri məhv oldu. Bu əslində mərkəzin mənafeyinə uyğun gəldiyinə görə kürdlərin bu olaylarda aktivliyini xüsusi ilə böyütməyə çalışdılar.
İran rəsmiləri kürd faktorundan istifadə etməklə yanaşı xarici düşmən faktoruna da ciddi əhəmiyyət verir. İraqda olan kürd terrorçuların bazalarına raket zərbələri endirməsi, Bəlucistanda əhalinin qətliamı və Zəngəzur dəhlizinin İranın milli mənafeyinə böyük zərbə olacağı təbliğatının başlaması İranda daxili hadisələri gözdən salmağa və iranpərəst qüvvələri olayların böyüməsinin İranın ərazi bütövlüyünə ciddi təhlükə olacağına inandırır.
Etirazların azərbaycanlıların iştirakı olmadan uğur qazanması şübhəlidir, hətta qeyri-mümkün sayılır. Amma xarici qüvvələrin kürd faktorundan lazimi qədər istifadə etməsi, İranda ciddi narazılıqların dərin kökə malik olması və İran gənclərinin gələcəyə inamsızlığı hadisələrin tez bir zamanda səngiməyəcəyini göstərir. Hətta səngiyəcəyi təqdirdə bir müddət sonra yenidən alovlanacağı ehtimalı güclüdür. Hakimiyyət etirazları köklü şəkildə yatırtmaq və ömrünü uzaltmaq üçün ciddi bəhanələr yaratmağa çalışır. Bunun üçün İran hakimiyyətdaxili və iranpərəst bütün qüvvələri bir araya gətirmək üçün xarici düşmən faktorundan istifadə edəcək.
İranın xarici düşmən axtarışında Azərbaycan Respublikasının Zəngəzur dəhlizi layihəsi ciddi təbliğat vasitəsidir. Bu səbəbdən, sərhəddə qoşun birliklərinin toplaması, hərbi təlimlərin keçirilməsi və sərhəd boyu ağır texnikaların nümayişkaranə daşınması daxili və xarici siyasi qüvvələri İranda dəyişikliklərin ciddi təhlükə olacağı xəbərdarlığıdır. Elə buna görə İranda olayların böyüyəcəyi tədirdə Azərbaycan və İran sərhədində gərginliyin artması və İran hərbiçilərinin yeni hadisələr yaratma ehtimalı mümkündür. Son günlərdə sərhəddə üzən körpülərin gətirilməsi də sərhəd boyu ərazilərdə hərbi təlimlərin keçirilməsinə görə deyil. Heç bir təlim qonşu ölkə ərazisində keçirilmir. Üzən körpülərin Arazın qırağına gətirilməsi ancaq Araz çayına qurulması məqsədi daşıya bilər…
Tarix
2022.10.22 / 09:09
|
Müəllif
Əlirza Zəmani
|