Yuxarı

Rəsmi Bakıdan Armen Qriqoryana cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

"Delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur", - nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib: "Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır.

Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir.

Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.

Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.

Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".

Tarix
2023.06.05 / 09:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla