Əsrlər boyu bəşər cəmiyyətini düşündürən suallardan biri
də yadplanetlilərin, daha dəqiq desək, UNO-ların mövcud
olub-olmamasıdır. Ötən həftə bu məsələ yenidən dünya mətbuatının
gündəminə gəldi. Səbəb isə bir-birinin ardınca ayrı-ayrı ölkələrdə
UNO-larla bağlı video görüntülərin yayılması oldu.
Öncə internet resuslarında hərəkətdə olan Rusiya təyyarəsinin
ətrafından uçan naməlum aparatların görüntüsü yayıldı. Məlumata
görə, görüntülər təyyarənin xaricinə quraşdırılmış kameraya düşüb.
Daha bir görüntü isə Səudiyyə Ərəbistanında yerləşən səhrada qeydə
alındı. Yayılan videodan aydın görünür ki, səhraya uçan naməlum
obyektin (UNO) qapıları açılır və yadplanetlilər yerə enir. Sonra
UNO havaya qalxır. Bundan bir müddət sonra isə bir yadplanetli
havaya çəkilir. Video yerli sakinlər tərəfindən lentə alınıb.
Videodan bəlli olur ki, insanlar gördükləri mənzərədən
heyrətlənirlər.
Götüntülər səma mütəxəssislərinin də böyük marağına səbəb olub
və müxtəlif fikirlər səslənib. Əksəriyyət bunun xarici
sivilizasiyanın varlığına ən yaxşı sübut olduğunu desələr də,
UNO-ların varlıqlarını qəbul etməyənlər də var.
Həqiqətən Yerdən başqa sivilizasiya, yaşayış var? Əgər doğrudan
da yadplanetlilər dünyaya səyahət edirsə, onları maraqlandıran ən
çox hansı amildir?
21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də bu suallar tam
olaraq çözülməyib. Xatırladaq ki, yadplanetlilər barədə məlumatlar
hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi
alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı
yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər.
Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton
ağırlığında olması, habelə onların divarlarında astronavt
şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.
Bəzən konus, üçbucaqlı, bumeranq və başqa formalarda da olmasına
baxmayaraq, el arasında "uçan boşqab"lar adlandırılan UNO-ların
müasir tarixi isə onların "ilk dəfə" 1896-cı ildə ABŞ-da müşahidə
edilməsi ilə başlayır. Bu sahəni öyrənən elm isə ufologiya
adlanır.
UNO-ları Yerdə nə maraqlandırır?
Ufoloqların fikrincə, UNO-lar Yer sivilizasiyasının inkişaf
səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS,
İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlərinin
üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin
taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar.
Ufoloqların fikrincə, Yerin gələcək taleyindən narahatlıq
keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar
daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası
genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloji böhran
dərinləşdikcə, UNO-ların da narahatlıqları artır - bu da
ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv
edəcəyindən qorxurlar. Şayiələrə görə, Çernoblda baş vermiş məlum
partlayış zamanı radiasiyanın fonu 3000 rentgen olub. "Uçan
boşqablar" gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə
endiriblər.
Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer
sakinlərinin ən azı 40 faizinin öz gözləri ilə naməlum uçan
obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, Yer üzündəki
təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, "uçan boşqab"
la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan
sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa
cürət etməyiblər.
UNO-lar Azərbaycanda da insanlarla təmasa cəhd
edib?
Sağlığında ufologiya ilə məşğul olan azərbaycanlı alim Fuad
Qasımov da bildirirdi ki, Azərbaycanda il ərzində UNO-lar öz
səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. UNO
gördüyünü iddia edən şəxslərin iddiaların görə, yadplanetlilərin
boyu təxminən 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları
olduqca iridir, gözləri insanı vahiməyə salacaq qədər iridir,
əlləri dizə qədər uzanılıdır və sairə.
Ufoloq Fuad Qasımov bəyan edirdi ki, Azərbaycanda elə ərazilər
var ki, UNO-ların "xoşuna" gəlir. Bu ərazilər Abşeronda Nargin
adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin, Şamaxı ərazisidir.
Onun sözlərinə görə, UNO-ları burada tez-tez görmək olar: "UNO-lar
öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində
işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya
da torpağın altındadır".
"Heç bir elmi konfranslarda bu barədə müzakirələr olmur,
çünki..."
Qeyd etdiyimiz kimi, bir çox mütəxəssislər UNO-ların
varlıqlarını qəbul etmirlər. Şamaxı Astrofizika Rəsədxanasının
aparıcı elmi işçisi Nazim Qaraməmmədov mövzu ilə əlaqədar "Yeni
Müsavat"a açıqlama verib.
O, yadplanetlərin varlığının mümkünsüz olduğunu bildirir: "Mən
hesab edirəm ki, onlar yoxdur. Günəş sisteminə 8 planet daxildir və
yalnız Yerdə həyat var. Bir də var ulduzların ətrafında planetar
sistemlər. Bizə ən yaxın ulduza qədər olan məsafə 4,126 işıq
ilidir. Yəni işıq ili - 300 min km/saniyə sürətlə ölçülən
məsafədir. Yəni Günəş sistemində bizdən başqa həyat yoxdursa, gələn
varsa əgər, UNO-ların gəlişi reallıqsa, onda onlar başqa ulduzların
ətrafındadır. Əgər ən yaxın ulduzun ətrafında olan ulduzdan bizə
uçub gəlmək üçün kosmik sürətlə hərəkət edən gəmi düzəltsək, o,
təxminən 300 ilə gəlib çatar. 300 il də bir insanın yaşaması üçün
mümkünsüzdür. Hələlik indiyə qədər heç kim heç bir yerdə, heç bir
halda real uçan UNO-nu görməyib. Heç bir elmi sinpoziumda,
konfranslarda və yaxud elmi cəmiyyətlərdə bu barədə müzakirələr
olmur. Çünki bu çox qeyri-ciddi bir məsələdir.
Tutaq ki, gəlirsə, bəs bunların missiyası nədən ibarətdir?
Gəlmək üçün qarşıda məqsəd qoyulmalıdır. Tutaq ki, biz gəmi
düzəltmişik, uçub getmişik başqa bir ulduzun ətrafında olan planetə
və tutaq ki, gördük ki, orda bizə bənzər canlılar var, heç bir
əlaqə yaratmadan çıxıb gəlirik. Bunun bir mənası, məntiqi oldumu?
Təbii ki, yoxdur. Ona görə də onların uçub gəlməsi real deyil. Bu,
daha çox jurnalistlərin uydurmasıdır. Biz küləklə havaya qalxmış
sellofan parçasını və yaxud parıltılı bir şeyi UNO olduğunu hesab
edirik. Yəni səmada görüb aydınlaşdıra bilmədiyimizi UNO
adlandırırıq".
"Montajdan, texnikadan istifadə edib fokslar
çıxarırlar"
Tanınmış astroloq Firudin Qurbansoy isə məsələyə bu cür mövqe
bildirdi: "Bu mövzu ətrafında internet resurslarında xeyli material
var ki, montaj olunub, texnikadan istifadə edib, fokslar
çıxardırlar. Amma UNO-ların olması təbii ki, var. Allah deyib ki,
dünyalar var. Yer kürəsindən kənara çıxmaq barəsində Qurani-Kərimdə
var. İnsanlar Yer kürəsindən kənar çıxa bilir və yaxud kənardan Yer
kürəsinə gələ bilirlər. Burda nə təəccüblü bir şey var?
Milyardlarla sonsuz sayda planetlər var. Onların arasında azı yüz
min planet var ki, orda bizdən də şüurlu məxluqlar yaşayır. Ola
bilsin ki, onların texnikası bizdən hələ 10-100 min il əvvəl
yaranıb, inkişaf edib və bizdən qat-qat yüksək inkişaf edib. Mən
onların varlıqlarına inanıram. Onlar bizimlə əlaqəyə girmək
istəyirlər. Hesab edirəm ki, onların dünyaya gəlib-getməklərində
düşmən mövqeyi yoxdur. Onların bizə ehtiyacı yoxdur. Hərdən
şayiələr gəzir ki, guya onlar gəlib burdakı qızılları aparmaq,
buradakı insanların genetik kodlarını öyrənmək istəyirlər və sairə.
Bunlar axmaq fikirlərdir, onların mənası da yoxdur".