"Tezliklə bu aldadıcı reklamların qarşısı
alınmalıdır".
Bu sözləri "Axar.az"ın aldadıcı reklamlarla bağlı sualını
cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
dedi:
"Qanunvericiliyə görə, tütün məhsullarının reklamı qadağan
edilsə də, buna əməl edilmədiyinin şahidi olmuşuq. Belə ki, Heydər
Əliyev adına hava limanında "Slims" siqaretləri reklamı
yerləşdirilən lövhə asılıb. Digər bir problem spirtli içki reklamı
ilə bağlıdır. 2010-cu ildə Müqəddəs Ramazan ayında Bakıxanov küçəsi
ilə Səməd Vurğun küçəsinin kəsişməsində Rusiya araqlarının
reklamına rast gəlmişdik və onların yığışdırılmasına nail
olduq".
Ekspert hazırda aldadıcı reklamların insanları daha çox narahat
etdiyini və bununla mübarizənin daha da gücləndirilməsinin vacib
olduğu açıqladı: "Mən dünən Səhiyyə və İqtisadi İnkişaf
Nazirliklərinə və həmçinin Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinə məktub yazmışam. Araşdırmamıza görə,
paytaxtın 6 müxtəlif yerində "İvanovka" mal nişanı ilə məhsul
istehsal edirlər və satışını həyata keçirirlər. Əslində isə onların
bu marka ilə heç bir əlaqəsi yoxdur. Tezliklə bu aldadıcı
reklamların qarşısı alınmalıdır".
E. Hüseynov hesab edir ki, istehsal olunan məhsulların üzərində
tarixlərin göstərilməsi ilə bağlı da problemlər var: "Qarşımda
"Fermerskaya smetana" məhsullarından nümunələr var. Qablaşdırmanın
üzərində yalnız istifadə üçün son tarix yazılıb. İstehsal tarixi
isə göstərilməyib. Bu, istehlakçıların hüquqlarının kobud şəkildə
pozulması deməkdir".
QHT rəhbəri istehlakçıların hər gün endirim kompaniyaları ilə
bağlı reklamlara rast gəldiyini, amma əksər hallarda real
qiymətlərin göstərilənlərdən qat-qat baha olduğunu deyir: "Hazırda
bankların aşağı faizli kredit vermələri və geyim mağazalarında isə
endirim kompaniyaları ilə bağlı reklamlar gedir. Amma əksər
hallarda bu müəssisələrə müraciət edən müştərilər məyus
olurlar".
Xatırladaq ki, "Reklam haqqında Azərbaycan Respublikasının
Qanunu"nun tələbinə əsasən orta məktəblər, universitetlər, uşaq
bağçaları və başqa bu tipli müəssisələrin 100 metr yaxınlığına
qədər heç bir reklam yerləşdirilə bilməz. Həmin qanunun tələb ilə
isə siqaret və digər tütün məhsullarının reklam edilməsi qəti
qadağandır.
İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Cinayət
Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi müxtəlif təminatlar nəzərdə
tutur. Belə ki, bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500
manatdan 2 min manatadək, hüquqi şəxslərə isə 4 min manatdan 5 min
manatadək inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə nəinki malın
xidməti ölçüsü, çəkisi hesabına istehlak xüsusiyyətləri, hətta
keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab
edilir. Həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat,
vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3 min manat
miqdarında cərimə sanksiyası tətbiq edilir.
Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən istehlakçını xeyli
miqdarda - 40 manatdan 500 manatadək - aldatma 3 mindən 5 min
manatadək cərimə, yaxud 180 saatdan 240 saatadək ictimai işlərlə
cəzalandırılır. Təkrar törədilərsə, yaxud 500 manatdan yuxarı ziyan
vurmaqla törədilərsə, 5 mindən 7 min manatadək cərimə, yaxud 2
ilədək müddətə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cəzalandırılır.