Azərbaycanlı yeniyetmə qız 1 dəqiqəyə ortalama 25 mindən
çox söz oxuya bilir. Bakıda fəaliyyət göstərən tədris
mərkəzlərindən birində sürətli oxuma ilə bağlı hazırlıq keçən 8-ci
sinif şagirdi Fatimə Zülfüqarlı dünya rekordunu yeniləyə
bilər.
F.Zülfüqarlı Report-a açıqlamasında bu fikrə Türkiyədə yayımlanan
verilişlərdən birində 12 yaşlı Tarık Yiğitin 1 dəqiqə ərzində 11
725 söz oxumasını gördükdən sonra düşdüyünü bildirib: "Düşündüm ki,
mən də öz üzərimdə çalışsam, rekord əldə edə bilərəm və onun
rekordunu yeniləmək üçün qarşıma məqsəd qoydum. Bunun üçün çalışdım
və istəyimə nail oldum. Bu istəyimə əsas anam dəstək olurdu. Atam
və qardaşım isə buna inanmırdı. Lakin sonradan onlar da
inandı".
O, hazırlığa gəlməmişdən qabaq evdə məşq etdiyini, lakin çox
kitab oxumağın onda göz ağrılarına səbəb olduğunu deyib: "Ancaq
burda müəllimin sürətlə oxumağın taktikalarını öyrətdi. Sürətli
oxumaq məktəbdə də köməyinə çatır. Bəzən yeni dərsin keçilməsindən
xəbərim olmayanda həmin tapşırığı dərhal açıb oxuyuram və lövhəyə
çıxanda yaxşı cavab verirəm. Sinif yoldaşlarım əvvəllər
inanmırdılar. Ancaq sonra kitab verdilər və saniyə tutdular. 1
dəqiqə ərzində oxuduğum sözlərin sayını hesabladılar və sonra həmin
kitabdakıları danışmağımı istədilər. Mən danışdıqdan sonra
həqiqətən də oxuduğuma inandılar".
F.Zülfüqarlı qeyd edib ki, gələcəkdə hansı peşəni seçəcəyi
barədə hələlik qərarsızdır: "Əvvəl hüquqşünas, sonra kompüter
mühəndisi, indi isə neft sahəsi üzrə çalışmaq istəyirəm. Seçimimi
etmək üçün hələ zamanım var".
Biz onunla görüşümüzdə deyilənlərin şahidi olmaq üçün oxumadığı
kitablardan birini seçərək oxumasını istədik. Fatimə 1 dəqiqədə 34
səhifə oxuyaraq sonradan hekayəni bizə nəql etdi.
Müəllimi Cəmilə Quliyeva isə sürətli oxu proqramının
Azərbaycanda icra edilməsinin tarixinin 4 illik olduğunu söyləyib:
"Bu proqramın başlama və bitmə müddəti 3 ayı əhatə edir. Xüsusi göz
məşqləri və texnika ilə olan proqramdır. Yay tətilindən bəri Fatimə
ilə məşğul oluruq. Proqrama ilk başlayanda 1 dəqiqəyə 56 söz oxuya
bilirdi və 15-20 faiz anlama var idi. Özünün oxumağa olan həvəsi bu
işi daha da sürətləndirirdi. Birinci gün olmasına baxmayaraq, oxuma
sürətini 56 sözdən 247 sözə qədər artırmışdı. Bir həftənin sonunda
bu rəqəm 1 500-ə yaxın idi. İndi isə oxuma sürəti mətnin şriftinə
və həcminə görə dəyişir. 1 dəqiqədə 25 min ortalama götürmüşdük,
ancaq 48 minə qədər artım etdiyi olub. Fatimənin görmə qabiliyyəti
də zəif idi. Bu proqramda olan göz məşqləri texnikaları görmə
qabiliyyətini gücləndirir".
Onun sözlərinə görə, uşaq sürətli oxu proqramına cəlb edilməsi
üçün ən azı 7 yaşına çatmış olmalıdır: "Sürət zəif olsa da, ən azı
heç olmasa sərbəst şəkildə oxumağı bacarmalıdır. Biz sadəcə oxuya
bilən uşaqların sürətini artırırıq. Heç bir yaddaşsızlıq problemi
yaratmır. Bu, həm də əzbərçilik deyil. Çünki 1 dəqiqədə 48 min söz
oxunursa, bu nə dərəcədə əzbərçilik yarada bilər. Son iki ildə
15-20 tələbəm olub. Minimum göstərici 25 sözdən 350-400 sözə qədər
olub. Proqrama başlayanda sürətin 3 dəfə artacağına zəmanət
veririk. Ancaq 3 dəfə yox 10 dəfə artım olur".
Tədris mərkəzinin direktoru Əfsanə Fərəcullayeva vurğulayıb ki,
mərkəzdə əvvəllər sürətli hesablama proqramı icra olunurdu: "4
yaşdan 14 yaşına qədər uşaqlar sərbəst şəkildə kalkulyatordan
istifadə etmədən 3-4 rəqəmli ədədləri bir-birinə vura bilir. Daha
çox riyaziyyat üzrə müraciətlər olur. Daha sonra sürətli oxu
proqramına başlanıldı. Sürətli oxu üzrə şagirdlərin sayı az olsa da
nəticə yaxşıdır".
Qeyd edək ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı gənc
vurub. O, 1 dəqiqəyə 6 000 söz oxuya bilib. Amma ötən il həmin
gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit
təkrarlayıb və hətta yeni rekorda imza atıb.