Həkimlərin öz işlərinə laqeyd yanaşması ilə bağlı
"Axar.az"a oxucu məktubu gəlib. Şikayətçi Əliyev
Natiq Bakı sakinidir. O deyir ki, 7 yaşlı oğlu həkimlərin
qeyri-peşəkarlığı ucbatından ağır xəstəlik tapıb.
Natiq Əliyevin yazdığına görə, uşağın əvvəllər heç bir problemi
olmayıb:
"Yoldaşım hamilə olduğu zaman keçirdiyi müayinələrdə heç bir
xəstəlik aşkar edilməyib. Oğlumun da sağlamlığında heç bir problem
və ciddi xəstəlik olmayıb. Nəslimizdə heç kimdə genetik olaraq bu
formada xəstəliyə rast gəlinməyib. Oğlum doğulduğu gündən etibarən
vaxtlı-vaxtında peyvənd olunub və həkim nəzarətində yoxlamalardan
keçib. Bu yoxlamaların heç birində xəstəlik-filan aşkar
edilməyib".
Antibiotiklər oğlumu şikəst etdi
N.Əliyev qeyd edir ki, 2011-ci ilin 8 avqust tarixində oğlunu
sahə həkiminin yanına aparıblar: "Müayinədən keçdikdən sonra bəlli
oldu ki, uşağın soyuqlaması var. 3 saylı şəhər poliklinikasının
həkimi Serial Əliyeva oğluma 4 gün ərzində 8 ampula antibiotik
vurulmalı olduğunu dedi. Bu antibiotikləri vurmağa başlayandan
sonra uşağın vəziyyəti daha da pisləşdi. 12.08.2011-ci il tarixdə
Hematologiya və Transfuziologiya İnstitutunda klinik diaqnostika
laboratoriyasında oğlumun sümüklüyündən götürülən analiz və qan
biokimyəvi müayinə edildikdə, "sümük iliyində nimanpik hüceylərin
aşkarı" diaqnozu qoyuldu".
Almaniyada müalicə və 250 min avro
Natiq Əliyev deyir ki, həkimlərin yanlış müalicə seçməsi uşağın
dalağının şişməsinə və çıxılmaz vəziyyətə düşməsinə səbəb olub:
"Həkimlər qoyduqları diaqnozdakı xəstəliyi bir daha
təsdiqlədikdən sonra bildirdilər ki, bu xəstəliyə milyon insandan
birində rastlanır. Uşağın dalağı böyüyüb inək dalağı boyda olub.
Həkimlər deyir ki, bunun müalicəsi ancaq Almaniyada var və xərci
250 min avrodur. Antibiotik vurulana qədər oğlumuzda belə bir
xəstəlik yox idi. Dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Nə
yardım göstərən var, nə də həkim və poliklinika ilə bağlı tədbir
görən. Nə edəcəyimizi bilmirik".
Bizim heç bir günahımız yoxdur
Məsələ ilə bağlı 3 saylı şəhər uşaq poliklinkasınının adı
çəkilən həkimi ilə də əlaqə saxladıq.
Əliyeva Serial ona qarşı irəli sürülən ittihamların əsassız
olduğunu dedi, bildirdi ki, uşağın xəstəliyi şikayətçi ailənin
özünün məsuliyyətsizliyindən irəli gəlir:
"Bu uşaqda soyuqdəymə olub. Buna görə də antibiotik vurulmasını
məsləhət görmüşəm. Həmin ərəfədə məzuniyyətə çıxmışdım.
Məzuniyyətdə olduğum zamanlarda uşağın anası özündən müalicə
uydurub. Başqa antibiotiklər vurdurub. Bu fəsadlar da ordan
yaranıb".
Serial Əliyeva onu da dedi ki, 7 yaşlı Şəhriyar xaricdə
müalicəyə də göndərilib və "Talassemeya" mərkəzində müalicə
alıb:
"Dəfələrlə Respublika Talassemeya Mərkəzində olublar. Ordan da
deyiblər ki, bizim vurduğumuz antibiotiklərin xəstəliklə heç bir
əlaqəsi yoxdur. Ancaq bu ailə hər yerdə bizim adımızı
hallandırır".