Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Cövhər Dudayev: “Mən əslən Qarabulaq türküyəm”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağası Hun. Peşəkar jurnalist. Çeçenistan, Osetiya, Qarabağ müharibələrinin qaranlıq üzünü çəkdiyi fotolarla, hazırladığı video reportajlarla işıqlandıran işıqlı adamdır. Bir neçə il AZTV-də reportyor kimi çalışıb. O illərdə Türkiyənin TGRT və TRT kanalları ilə əməkdaşlıq edib. 2001-2008-ci illər arası TRT Bakı bürosunda kameraman-müxbir kimi fəaliyyət göstərib. İndi Ankarada yaşayır.

Vəhabilik ərəb millətçiliyidir

- Ağası bəy, uzun illərdir vətəndən uzaqlarda yaşayırsınız. Azərbaycan qürbətdən necə görsənir?


-
Bir az Azərbaycan dilinin durumu iləı bağlı danışmaq istərdim. Durumun heç də, yaxşı olmadığını üzülərək bildirirəm. Mən son 6 ili Moldovada da yaşamışam. Moldovanlar 90-nıncı illərə kimi o qədər assimilyasiyaya məruz qalmışdı ki, dillərini unutmaq ərəfəsində idilər. Əhalinin az qala yetmiş faizi rus dilində danışırdı. Amma Moldova müstəqil olandan sonra, bu məsələ ön plana çəkilərək, moldovan dili möhkəmləndirildi. Rumıniya onlara çox dəstək verdi. Dilin üzərindən oyanış getdi, moldovanlar özlərini dərk etməyə başladı. Məsələn, moldovanlar danışarkən rus sözləri işlədən soydaşlarına ucuz bir insan kimi baxırlar.Qürbətdə Azərbaycan televiziya kanallarını izləyirik.Ancaq hərdən yerli telekanallarımıza baxanda dəhşətə gəlirəm. Efirə çıxanlar dilimizi rus sözləriylə zibilləyirlər. Ruslar içən millətdir, onların genefondunda əyyaşlıq var. Ancaq rus telekanallarında spirtli içkilərin reklamı yasaqdır. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq bir də görürsən televiziya kanallarımız rus araqlarının reklamlarını elə bəzəyirlər ki, adam mat qalır. Nifrət edir. Yəni bu televiziyalar (bir vaxtlar xarici güclərin etdiyi kimi) Azərbaycan xalqının genefondunu korlamaq üçün əllərindən gələni edirlər.Moldova televiziyalarında mən belə şeylərə rast gəlməmişəm. Dünyada ən ucuz araq Azərbaycandadır. İnsanlarımızı zorla içirdirlər. Mən deyərdim ki, bu, tamamilə təxribatdır. Bir tərəfdən də vəhabilik. Vəhabiliyin müsəlmançılıqla əlaqəsi yoxdur. Vəhabilik ərəb milliyyətçiliyidir. Digər tərəfdən də başqa dini cərəyanlar. Bütün bunlar Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhlükədir. Suriyada döyüşən həmvətənlərimiz orda türkmənlərə qarşı döyüşürlər. İki qardaş bir-birini öldürür. Bir sıra təşkilatlar və dini cərəyanlar millətimizi zombiləşdirmək istəyir. Gənclərimizi aldadaraq ölümə göndərən təşkilatların fəaliyyət göstərilməsinə hansı məqsədlə icazə verilməkdədir? Azərbaycan xalqının təhlükəsizliyi ilə məşqul olan orqanlar hara baxırlar? Bunun bariz numunəsi Suriyada biri-birinə qarşı vuruşan azərbaycanlılardır.

Ən amansız müharibə - Qarabağ

- Qarabağ savaşında peşəkar jurnalist kimi döyüşlərin ən qaynar nöqtələrindən reportajlar hazırladığınızı bilirəm. Bir az bu barədə danışaq.

-
Mən çox müharibələr görmüşəm. Dünyada ən amansız müharibə Çeçenistan müharibəsi hesab olunur. Fəqət mənimçün ən amansız və ən dəhşətli müharibə Qarabağ müharibəsidir. Çeçenistan müharibəsindən dəfələrlə dəhşətli, dəfələrlə amansız. Qarabağda baş verənlər Çeçenistanda baş versəydi, bilmirəm nələr olardı. Təsəvvür edin ki, Qroznu bir neçə dəfə işğal olunsa da, əhali şəhərdə yaşamağa davam edirdi, ruslar işğal edəndə də çeçenlərin nəzarətində olanda da. Amma Qarabağda işğal edilən rayonların heç birində bir dənə də olsun sağ insan qalmırdı. Ermənilər hamını öldürürdülər. Bu, etnik təmizləmədir. Heç faşistlər ermənilər qədər qəddar olmayıb.

Xocalını dünyaya ilk çatdıran jurnalist

- Xocalı faciəsinin ilk dəfə dünyaya çatdırılmasında sizin adınız hallanır. Bu, nə dərəcədə doğrudur?

- Qarabağ problemi başlayandan hadisələrin içində olmuşam. O vaxt fevralın 25-i dostum İrfan Sapmazla danışdıq ki, gedək Qarabağa. O zaman Xocalı mühasirədə idi, heç bir xəbər ala bilmirdik. İrfanın bir video kamerası vardı. Ağdama gecə saat 1-2 radələrində çatdıq. Saat 3 olardı xəbər aldıq ki, Xocalını yandırırlar. Xəbəri eşidən hər kəs həyəcanlandı və yardıma getmək üçün haray çəkildi. Oradan hər kəs Xocalıya yardıma getməyə can atırdı. Biz eləcə hamıya qoşulub Xocalıya tərəf qaçdıq. O yadımdadır ki, kim əlinə nə keçdi götürüb üz tuturdu Xocalıya tərəf. Gördüm bir neçə nəfər Xocalıya gedir. Amma aralarında yalnız bir nəfərdə tüfəng var. Dedim, qardaş bir tüfənglə hara gedirsiniz belə? Dedi ki, mən ölsəm, o birilər götürəcək tüfəngi. Ümumiyyətlə, bizim millətdə vətənpərvərlik hissi çox güclüdür. Səhər üzü Qaraqaya deyilən yerə çatdıq. Orda könüllülər həm ermənilərlə döyüşürdülər, həm də mühasirədən çıxan xocalıları erməni güllə-boranından qoruyurdular. Ah-vay göyə yüksəlirdi. Mühasirədən çıxanlar ermənilər tərəfindən güllələnirdi. Təsəvvür elə ki, mühasirədən çıxan uşaqlar öz əsgərlərimizi də görüb qorxurdular. Bunlar hamısı çəkilişlərdə də görünməkdədir. Çəkiliş vaxtı kameranın batareyası bitdi. İrfan bəy də öz fotoaparatı ilə çəkirdi. Mən də başladım fotoaparatla şəkillər çəkməyə. Sonra İrfana dedim ki, burada dayanmağın mənası yoxdur, bunu tez Bakıya çatdırmaq lazımdır. Rəhmətlik Çingizin çəkdiyi kadrlar Xocalı faciəsindən iki gün sonra çəkilən kadrlardır. O, faciədə ölənləri çəkmişdi.

Mən o zaman AZTV-də işləyirdim. Ənvər Qafarlı sədr müavini idi. Gəldim AzTV-yə, dedim ki, Xocalıda qırğın olub, çəkmişik, bunu tez yaymaq lazımdır. Kaseti də verdim ona. Mənə nə desə yaxşıdı? "Sən təxribatçısan, Xocalıda qırğın-filan olmayıb!"

Tez əlimi atıb kaseti aldım əlindən. O gün İrfan Sapmazı yola saldıq İstanbula, kaset TRT kanalı vasitəsilə yayımlandı və dünyanın 50-yə yaxın ölkəsində göstərildi. Hələ o zaman Azərbaycanda Moskvaya tabe olan iqtidar israrla Xocalıda heç nə olmadığını sadəcə iki nəfərin öldüyünü təkrar etidirirdilər bütün mətbuata.

- Ağası bəy, Çeçenistan Rusiya müharibəsi zamanı Cövhər Dudayevdən müsahibə almışınız, səhf etmirəmsə. Bu, necə oldu, Cövhər Dudayev Azərbaycan və azərbaycanlılar haqda nə düşünürdü?

- Cövhər Dudayevdən hazırladığım reportajda o belə bir fikir söylədi Azərbaycanlılar haqda: "Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim".

Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar Türklərinin "TÖRE" təşkilatının başqanı Bahauddin Etyazov - üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam.Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxaraq, Vaynaxların arasında əridilər. Bu zaman Qarabulaq adını Çeçen və İnquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir neçə türkdilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir.

Diqqət etsəniz, Dudayevə qədər boz qurd emblemi olmayıb Çeçenistanda. O, hakimiyyətə gələn kimi rus telekanallarını Çeçenistanda ləğv elədi. Hətta rus cizgi filmlərini də qadağan etdi. İlk dəfə insanın təhtəlşüurunu zəhərləyən 25-ci kadr haqda da danışan məhz Cövhər Dudayev oldu. O deyirdi ki, çeçen uşaqları "donuz balası" cizgi filminə baxmalı deyil. Onun bir çıxışı heç yadımdan çıxmaz. Çeçenlərə səslənərək deyirdi: "Nədən qorxursunuz, rus tanklarından? Mən onları kirbit kimi yandıracağam!"
Və Cövhər Dudayev bunu sübut etdi. Rus tanklarını kirbit kimi yandırdı.

- Çeçenistanda olarkən Şamil Basayevlə görüşmüsünüzmü?

- Şamil Basayev, Salman Raduyev, Hunkarpaşa İsrapilov, Zalimhan Yandarbiyev, Aslan Mashadov,Mövladi Uduqov, Ahmat Zakayev və digər çeçen liderlərlə yaxından tanış olmuşam.Onların hamısı ilə dəfələrlə reportaj hazırlamışam. Bir dəfə Dərbənddə idim. Dedilər Azərbaycan sərhədinə yaxın ərazilərdə "Sadval" qruplaşması var. Azərbaycana qarşı nəsə planlaşdırırlar. Deyilənə görə, bu qruplaşmada çeçenlər də var idi. Çeçenistana getdim, Şamil Basayev ilə söhbət zamanı bu məsələni ona çatdırdım. Bundan sonra Şamil Basayev bir bəyanat verdi: "Əgər "Sadval" Azərbaycan əleyhinə hər hansı təxribat törədərsə, bu qruplaşmanı mən özüm cəzalandıracam". Ancaq doğrudan da bu açıqlamadan sonra həmin təxribat qruplaşmaları Azərbaycan sərhəddindən yox oldular.

- Ağası bəy, sizi çox yordum. Sonda deyəcəyiniz, eşidəcəyimiz nəsə var?

- Uzun ömür, can sağlığı. Azərbaycanı sevin, yetər.

Tarix
2014.03.29 / 10:13
Müəllif
Elçin Aslangil
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava

Keçid balı toplayan müəllim niyə kənarda qalır? - Ekspert

Uşaqlar bu halda evdən uzaqlaşır - Diqqət

Xiyar yerinə narkotik əkən qardaşlar - Foto

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar həbs edildi

Ağsuda dəhşət: arvadını namaz qılarkən bıçaqladı

Bu körpü 3 günə istifadəyə veriləcək

Nazir zəhərlənən işçilərə baş çəkdi - Foto

Mübariz İbrahimovun məzarı ziyarət edildi - Foto

SOS: Bu çimərliklərə getməyin, xəstəlik saçır - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla