“Açıq Hökumət” Milli Fəaliyyət Planında 4-cü istiqamət (VCT-nin dəstəklənməsi) üzrə həyata keçirilən tədbirlər” mövzusunda dəyirmi masa keçirilib.
Axar.az xəbər verir ki, tədbir Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (TSTİB) ilə birlikdə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi layihəsi çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev təəssüf ki, hazırda Azərbaycanda QHT-lərin maddi texniki bazası zəif olduğunu deyib:
"Prezident seçkiləri zamanı məsələ qaldırdım ki, bir neçə il bundan əvvələ kimi QHT sektorunda 50 minə yaxın insan iştirak edirdisə, hazırda isə 5 min insan iştirak edir. Bu da bu sahədə ciddi boşluqlar yaradır. Bizim ictimai nəzarət haqqında qanun qəbul edilib. Təkliflər var idi ki, nazirliklərin yanında ictimai şuralar yaradılacaq. Həmin şurada nazirlər tərəfindən QHT rəhbərləri dinləniləcək. Amma mən mətbuatda nazirlikdə görüşlərin, müzakirələrin keçirildiyi və nəticələri barədə nəsə oxumamışam. İctimai nəzarət məsələsi birdəfəlik həll edilməlidir".
Qüdrət Həsənquliyev qeyd edib ki, dövlət büdcəsindən bir QHT-yə maksimum 16 min manat vəsait ayrılır. Bu vəsaitlə ciddi ekspertlər dəvət etmək, böyük layihələr həyata keçirmək praktiki baxımından çətindir. Mən QHT rəhbərlərin təkliflərini Milli Məclisdə səsləndirməyə hazıram. Qanunçuluğun daha ciddi qorunmasına dövlətin xüsusi diqqət və qayğısı lazımdır. QHT-lərlə bağlı məsələdə qanunvericilik təkmiləşdirilməlidir".
Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev də çıxışında bildirib ki, istənilən cəmiyyətin inkişafı debatların mövcudluğu ilə bağlıdır: "Resurslara çıxışla bağlı beynəlxalq donor Azərbaycanda fəaliyyət göstərmirsə, nümayəndəlik yaratmırsa, o hər hansı bir formada Azərbaycandakı QHT-lərə qrant ayıra bilməz. Bununla bağlı problemlər var. 2013-2014-cü illərdə məsələ barədə qanunvericiliyə dəyişikliyi anlaya bilirdik. Çünki həmin illərdə bir çox QHT-lərin fəaliyyətində korrupsiya halları var idi. Çoxları şəxsi maraqlarını güdürdürlər. Eyni zamanda bəzi hallarda Ərəb, Avropa ölkələrindən gələn donorlar açıq şəkildə dini radikal baxışlar təqdim edirdilər. Azərbaycan hökuməti doğru edib onları yola saldı. Bu mərhələ artıq arxada qalıb. Bu gün daha etibarlı nəzarət sistemi yaratmaq mümkündür ki, qrant təyinatlarına uyğun yönəldilsin".
Millət vəkili Fazil Mustafa isə Azərbaycanda dövlət qurumlarının şəffaflığa maraqlı olmadıqlarını bildirib:
"İctimai şuranın əsas mahiyyəti şəffaflığın cəmiyyətə daha aydın şəkildə təqdim edilməsidir. Göstərilən rəqəmlər acınacaqlıdır. Bu, Azərbaycanda qanun işləməməsi problemlərini gündəmə gətirir. Hesab edirəm ki, Milli Məclisdə müəyyən təkliflərlə çıxış edəcəyik. Milli Məclisdə elə bir qurum yoxdur ki, qanunların icra statistikasını aparsın. Biz "bəh-bəhlə" qanunlar qəbul etmişik, sanki bu sahədə böyük bir bir işlər olacaq. Qurumlar artıq ictimayyət nümayəndələrini öz fəaliyyət sisteminə daxil edəcəklər. Amma bu daxil etmə yalnız QHT-lərlə məhdudlaşır. Vətəndaş ümumiyyətlə yoxdur, media cüzi təmsil olunur".
Fazil Mustafa qeyd edib ki, bu istiqamətdə böyük problemlərdən biri də məsul şəxslərin məsuliyyət məsələsinin qoyulmamasıdır: "İcra hakimiyyətlərində bu məsələyə ümumiyyətlə səthi yanaşılır. Biz təklif etdik ki, ölkə prezidenti yanında ictimai palata yaradılsın. Ölkənin əsas problemi gündəmə gətirilsin və həll edilsin".