"Şabran rayon DYP şöbəsi rəisi ilə gənclər arasındakı
dava ilə bağlı icra hakimiyyətinə müraciət edən
olmayıb".
Bu sözləri Axar.az-a Şabran İcra Hakimiyyətinin nümayəndəsi DYP
şöbəsinin rəisi Söhbət Talıbovun gənclərlə mübahisəsi ilə bağlı
açıqlama verərkən bildirib.
İcra nümayəndəsi qeyd edib ki, bu dava nəticəsində polis
şöbəsinə aparılıb, qanunsuz olaraq cərimə edildiyi haqqında kimsə
şikayət verməyib:
"Şabran rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Söhbət Talıbovla
gənclər arasında gecə saatlarında yaranmış davadan, DYP rəisinin
rayondakı çayxanalardan birinin yanından keçərkən gənclərin ona söz
atmasından və bu səbəbdən küçənin ortasında yol polisi rəisi ilə
gənclər arasında gərginlik yaşanmasından məlumatsızam. O vaxt
məlumatımız olardı ki, kimlərsə bu barədə icra hakimiyyətinə
şikayət edərdi, ancaq bununla bağlı icra hakimiyyətinə nə müraciət
edən var, nə də şikayət edən".
İcra nümayəndəsi qeyd edib ki, əgər belə bir bir müraciət
olsaydı, icra başçısı bununla mütləq maraqlanardı.
Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov da Axar.az-a
açıqlamasında Şabran rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Söhbət
Talıbovla gənclər arasında mübahisə ilə əlaqədar heç kəsin
cərimələnmədiyini bildirib:
"Xəta törədən hər kəs cərimələnir, ancaq dediyiniz məsələ ilə
bağlı cərimələnən yoxdu. Ümumiyyətlə, belə bir mübahisə barədə sizə
yanlış məlumat veriblər. Belə bir şey olsaydı və kimsə
cərimələnsəydi, ən azı mənə məlumat verilərdi".
Qeyd edək ki, Şabran rayon sakinlərinin Axar.az-a verdiyi
məlumata görə, bir neçə gün bundan öncə Şabran rayon Dövlət Yol
Polis Şöbəsinin rəisi Söhbət Talıbovla gənclər arasında gecə
saatlarında mübahisə yaranıb. DYP rəisi rayondakı çayxanaların
yanından keçərkən gənclərin ona söz atdığını zənn edib və küçənin
ortasında polis rəisi ilə gənclər arasında gərginlik yaşanıb.
Əraziyə post-patrul xidmətinin əməkdaşları çağırılıb və gənclər
polis şöbəsinə aparılıb. Onlardan üç nəfər cərimə edilərək sərbəst
buraxılıb.
Hadisədən narazı qalan sakinlərin rayon icra başçısı Novruz
Novruzovun qəbuluna getmək istədikləri də xəbərdə qeyd olunur.