Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən "İş yerinə dair arayış" adlı növbəti elektron xidmətin
vətəndaşların istifadəsinə verilməsi ilə əlaqədar təqdimat mərasimi
keçirilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Nazirliyin
İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov "İş
yerinə dair arayış" adlı növbəti elektron xidmətin texniki
imkanları barədə məlumat verərək bildirib ki, elektron arayışda
növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə
nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı
tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın
etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini
tapır.
Eyni zamanda "İş yerinə dair arayış" adlı növbəti elektron
xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək
müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək
imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı
şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.
Belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd
vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə
bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya
süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır.
Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları
almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət
etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə,
onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və
əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən
arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu
qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə "Elektron
hökumət" portalında olan "Portal üzərindən verilmiş arayışların
yoxlanılması" xidmətindən istifadə etməklə həyata keçirə bilər.
Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi
məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya
digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş
şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə
aradan qaldırılır.