Bakının mərkəzində - Nəsimi
rayonu, Salatın Əsgərova küçəsində "yaşıl soyqırım" davam
edir.
Sakinlər bu ağacların niyə məhv edildiyini bilmirlər:
"Başa düşə bilmirik ki, niyə belə edirlər. Bu ağaclar 50 ilə
böyüyüb..."
Sakinlərin sözlərinə görə, bu ağacları özlərini icra
hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər kəsdirir. Həmin
şəxslər deyiblər ki, küçə boyu əksər ağaclar kəsiləcək: "Kəsiləcək
ağaclar işarələnib. Yəqin, bu günlərdə onlar da məhv ediləcək".
Bu qətliamın ictimailəşməməsi üçün ağac kəsimi həmin küçənin
asfalt örtüyünün yenilənməsi dövründə başlayıb. Belə ki, həmin küçə
təmirə bağlanıb və bundan sonra ağaclar kəsilib. Lakin ərazidə
yaşayanların şikayətindən sonra Aznyus.az-ın əməkdaşı hadisə yerinə
gedib və bəzi görüntüləri çəkə bilib.
Məlum olub ki, sırayla olan, sayı dəqiq bilinməyən çoxlu iri
gövdəli ağaclar kökündən kəsilərək məhv edilir. Onların
əksəriyyətinin budaqları ərazidən daşınıb və gövdənin üstü
asfaltlanıb.
Bununla bağlı yazı yayımlanandan sonra Ekologiya və Təbii
Sərvətlər Nazirliyindən Aznyus.az-a bildirib ki, Nazirliyin əməkdaşları
sözügedən əraziyə yollanıblar və fakt təsdiqini tapıb:
"Nazirlik ağac kəsimi ilə bağlı məlumatı alandan sonra
əməkdaşlarını dərhal əraziyə göndərdi. Sözügedən ərazidə doğrudan
da ağac kəsimi faktı aşkarlandı. Məlum oldu ki, kəsilən ağaclar
safora ağacları olub. Bununla bağlı Bakı şəhər Yaşıllaşdırma
Təsərrüfat Birliyinə protokol tərtib olunub. Bundan başqa İnzibati
Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən həmin Birliyin hüquqi
şəxs qismində 40-50 min manat cərimə olunması üçün tədbirlər
görülür".
Qeyd edək ki, bu ilin avqust ayında da Nəsimi rayonu ərazisində
yaşıllıqların məhv edilməsi faktı qeydə alınmışdı. Rayonun 20
Yanvar küçəsində baş verən bu hadisəyə hətta Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban Əliyeva kəskin reaksiya
göstərmişdi. Onun göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20
Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olub məhv edilən
yaşıllıqların bərpasına başlanılmışdı.
Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mühəndisi Oqtay Heydərov
ağacların kəsilməsindən xəbərsiz olduqlarını deyib.
"Nəsimi rayonu, Salatın Əsgərova küçəsində ağacların
kəsilməsindən xəbərsizik", - Heydərov deyib.
Onun sözlərinə görə, Bakı şəhərində ağacların budanması və
kəsilməsi üçün icazə alınmalıdır:
"Konkret olaraq Salatın Əsgərova küçəsindəki ağacların
kəsilməsini bizim qurum həyata keçirməyib. Belə olan halda bu,
quldurluq əməlidir. O işi "görənləri" tapmaq üçün hüquq-mühafizə
orqanlarına müraciət etmək lazımdır. Onları tapmaq isə heç də çətin
məsələ deyil, çünki Bakının bütün küçə və prospektlərində müşahidə
kameraları quraşdırılıb".