"Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək
haqqına əlavələrin ediləcək".
Bu barədə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda nəzərdə tutulub.
Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata
keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması
üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə
ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə
bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata
keçiriləcək islahatların əsas prioritetləri
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil
sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü
tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində
əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin
yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə
olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından
ibarətdir.
İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və
keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini
nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı
şəhərinin məktəblərində keçiriləcəkdir. Bakı şəhərində ölkə üzrə
ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin
sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunmuşdur.
Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi
peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu
həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini
şərtləndirmişdir.
Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində
aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək
məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin
keçirilməsi;
2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək
haqqına əlavələrin edilməsi;
3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin
tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın
və aşkarlığın artırılması;
4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı
aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və
məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar
olunması;
5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindən
qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin
yaradılması;
6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin
təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin
keçirilməsi;
7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması
üçün maarifləndirmə işlərinin gücləndirilməsi;
8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi
məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması
(2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə
etməklə);
9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün
azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və
seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi;
10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab
verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail
olunması;
11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki
tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən
çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması.