AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49 B,
mənzil 12-də kirayədə yaşayan Əpoş Vəliyevi döyənlər hələ ki,
tapılmayıb.
Axar.az-a daxil olan şikayət məktubunda gənc alim bildirir ki,
onu döyən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış
şöbəsinin rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin
oğludur:
"Mən AMEA Gənc Alimlər Şurasının üzvü, AMEA Folklor İnstitutunda
elmi işçi, filologiya üzrə fəlsəfə doktoruyam. Hazırda Bakı şəhəri,
Nərimanov rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə
yaşayıram.
01 yanvar 2015-ci il tarixdə yaşadığım binanın girişində məni
döyüb ağır xəsarətlər yetiriblər. Bədənimin müxtəlif nahiyyələrində
çoxsaylı xəsarətlər yaranıb. Mənə xəsarət yetirən şəxs bizdən bir
mərtəbə yuxarıda, Nərimanov rayonu, Ağa Nemətulla 49B, mənzil 13-də
yaşayır. 102 xidmətinə zəng edərək şikayət etmişəm. Məlum olub ki,
mənə xəsarət yetirən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət
axtarış şöbəsinin rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu
Ağayevin oğludur. Əlaslan Ağayev şikayət edəcəyim təqdirdə evimə
narkotika atdıraraq məni gecə ilə evdən götürüb başıma oyun açaraq,
yox etdirəcəyi ilə hədələdi".
Ə.Vəliyevin söğzlərinə görə, oğlunun törətdiyi cinayəti
ört-basdır edən Ə.Ağayev istintaqa müdaxilə edir:
"O, istintaqın gedişatına mane olur. Mətbuat bu məsələni
işıqlandırsa da, Ə.Ağayev onları hədələyir. Biz artıq neçə gündür
ki, qohumların evinə sığınmışıq. Hadisə mənim 9 aylıq hamilə həyat
yoldaşımın gözü qarşısında baş verdiyi üçün o, çox güclü qorxu və
stress keçirdir. Səhhətində olduqca təhlükəli və ciddi problemlər
yaranıb. Mənim və yaxınlarımın həyatı təhlükə altındadır. 102
xidmətinə 4 dəfə, 152 xidmətinə 1 dəfə zəng etməyimə baxmayaraq,
hadisədən 9 gün keçsə də hüqüq mühafizə orqanları mənim və ailəmin
təhlükəsizliyi üçün heç bir tədbir görməyib".
Tibbi ekspertiza nəticələrinin qəsdən gecikdirildiyini deyən
Ə.Vəliyev onun istintaq işi ilə məşğul olan təhqiqatçının da
vəzifəsindən uzaqlaşdırıldığını bildirib:
"Səhiyyə Nazirliyinin MTE və PAB-in Nərimanov rayon şöbəsi
yanvarın 1-dən 5-ə kimi işləməyib. Yanvarın 5-də ekspertizadan
keçsəm də, rəy muxtəlif bəhanələrlə gecikdirilir. Mən SN-nin MTE və
PAB-in Nərimanov rayon şöbəsinə gedəndə Nərimanov RPİ-nin17-ci
polis bölməsinin təhqiqatçısı polis kapitanı Zaur Quliyevin oraya
məndən əvvəl gəldiyini görmüşəm. Mənim hadisəmi araşdıran bu şəxs
öz vəzifəsindən uzaqlaşdırılıb və Bakı şəhər Baş Polis İdarəsinə
təyin edilib. Mənə qarşı edilən bu ədalətsizliyə biganə
qalmamağınızı mediadan xahiş edirəm".