ANS TV-də yayımlanan "Şəxsiyyət vəsiqəsi" verilində
millət vəkili Fazil Mustafanın Azərbaycanın tarixi şəxsiyyəti Babək
haqqında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.
Axar.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur
Əliyev bu məsələ ilə bağlı Feysbuk sosial şəbəkəsində Prezidentə
ünvanlandığı müraciəti yayımlayıb.
Müraciətdə bildirilir ki, "Şəxsiyyət vəsiqəsi" verilişinin son
buraxılışında millət vəkili Fazil Mustafanın çıxışı cəmiyyətdə
etirazla qarşılanmaqdadır: "Bunun səbəbi isə bəllidir, verilişdə
Azərbaycanın tarixi şəxsiyyəti Babəklə yanaşı bu torpağın əzəli
sakinləri olan türk milləti açıq surətdə təhqir edilib".
Alim "'Televiziya və radio yayımı haqqında"' Azərbaycan
Respublikasının qanununun 32-ci maddəsini 32.0.2.1. bəndini
(informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və
doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun) və həmin qanunun
32.0.9-cu bəndini (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl
şəkildə əməl olunmalıdır) prinsiplərinin kobud şəkildə pozulduğunu
bildirir. ANS-i qanunları pozmaqda suçlayan müraciət müəllifi daha
sonra Fazil Mustafanın dövlətimizin tarixinə əl uzadan düşmənlərin
ocağına yağ tökdüyünü bildirir:
"Fazil Mustafa keçmiş tariximizi təhqir etməklə öz xislətini
ortaya qoymuşdur. Bu gün Babəkə, Şah İsmayıla ləkə yaxan şəxs yaxın
gələcəkdə 1991-ci ildən bu günə qədər müstəqil dövlətimizin
tarixində imza qoyan Əbülfəz Elçibəyə, Heydər Əliyevə və Sizə də
ləkə yaxacaq. Çünki bu insanın tarixi biliklər və savadı şərə
xidmət edir".
Millət vəkilinin xalqı və xalqın inancını dəfələrlə təhqir
etməsini vurğulayan alim Fazil Mustafanı Azərbaycan dövlətinə və
xalqına qarşı duran bir siyasətçi olmaqda və ANS kanalını
xalqımızın tarixinə qara yaxmaqda suçlayıb.
Alim Fazil Mustafanın Milli Məclis üzvlüyündə fəaliyyətinə xitam
verilməsi və proqramın aparıcısı ilə birgə, hər ikisinin xalqdan
üzr istəməsində bizə yardımçı olmağı prezidentdən xahiş edir.