Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
"Sportsman" jurnalının təsis etdiyi "Zəfər" Yüksək İdman
Nailiyyətləri mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov
Azərbaycan idmanının inkişafındaki xidmətlərinə görə "Zəfər 2014"
Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb.
Bu barədə Report.az-a Milli Təhlükəsizlik Nazirliyinə (MTN)
istinadən xəbər verir.
Qeyd olunub ki, MTN-də əməkdaşların döyüş hazırlıqlarının yüksək
səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunması və
möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi
önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasında ən müasir imkanlara malik İdman və
Sağlamlıq Mərkəzi yaradılıb. 5 il ərzində fəaliyyət göstərən
Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş,
güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış
meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor
zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə otaqları və
duşxanalar var. Bir sözlə, ən qabaqcıl standartlara cavab verən
texniki ləvazimat və avadanlıqlarla təmin edilmiş İdman və
Sağlamlıq Mərkəzində Akademiyanın kursant və dinləyicilərinin,
eləcə də, nazirlik əməkdaşlarının idmanla məşğul olmaları, fiziki
sağlamlıqlarını möhkəmləndirmələri, müvafiq vərdişlərə
yiyələnmələri üçün hər cür şərait yaradılıb. Hər il bu Mərkəzdə
mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər
keçirilir.
Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi
Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc
kadrların yetişdirilməsi məqsədi daşıyır. Bütün bunların və son
illər milli təhlükəsizlik orqanlarında maddi-texniki və
təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial
müdafiəsinin gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və s.
tədbirlərin nəticəsidir ki, əməkdaşların peşəkarlığı, döyüş və
fiziki hazırlığı artmış, ölkənin təhlükəsizliyinin daha etibarlı
təminatına zəmin yaradılıb.
Bu gün Azərbaycan idmançıları ilə yanaşı, MTN İdman və Sağlamlıq
Mərkəzinin "Titan" İdman Klubunun üzvləri də respublika və
beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Bu yarışlarda
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qələbələri
ildən-ilə çoxalaraq artıq ənənəyə çevrilib. Ölkə rəhbərinin
gündəlik diqqət və qayğısı, milli təhlükəsizlik naziri Eldar
Mahmudovun təşkilatçılığı, nəzarət və tələbkarlığı həm
əməliyyat-xidməti fəaliyyətdə, həm də əməkdaşların idman
göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət
olunur.