Ana səhifə Toplum |
Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə
Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada
bədbəxt hadisə baş verib.
"Yeni Müsavat" qəzetinin əməkdaşlarından birinin verdiyi məlumata
görə, o, həmin hadisənin şahidi olub: "Biz körpünün üstündən gördük
ki, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın
eyvanda sallanan, ərinin və ya qardaşının əlindən yapışıb qışqırır.
Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə
idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və
gözlərimizin önündəcə yerə çırpıldı".
Məsələ ilə bağlı dərhal adı çəkilən ünvana yollandıq. Hadisə
şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul
qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya
yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri
gəlib. O, biri müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib
və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb.
Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış
adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar.
Şahidlər deyirlər: "Biz qadının səsinə gəldik. Gördük ki, balkondan
sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub,
yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik həyəcanlı olması
da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün
idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının
əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə
başqa yolla qalxa bilərdik.
Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın
yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst
örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki,
yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu
dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan
qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına
görə idi.
Mənim üstüm gördüyünüz kimi qan içindədir. Vətəndaşlıq borcumu
yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının
sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü
üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu
bilmirəm".
Məsələ ilə bağlı "Modern" hospitalı ilə əlaqə saxladıq. Hospitaldan
verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: "Xəstə Lalə
Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti
çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa
sümüyündə sınıqlar var".
Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə
epizodunu mobil telefonla lentə alıb. Həmin videonu təqdim
edirik:
Tarix
2015.02.16 / 14:51
|
Müəllif
Axar.az
|