Azərbaycanlı "qanuni oğru"lar Rusiyada azərbaycanlılar
haqda "qara", "fırıldaqçı" və "bazar adamı" kimi fikirləri
dəyişdilər - onlar Azərbaycanın adına bir başqa "cəbhədə" çəki,
düzən və hörmət gətirdilər...
İnsanlar və talelər hərdən bir-birinə necə də oxşayır... 1959-cu
ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar
Kərimov ("Lotu Bəxtiyar") doğulub. Ondan bir il sonra "Masallı
Mammed"kimi məşhurlaşacaq Məmməd Hüseynov həyata gözünü açıb.
Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları
biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı "qanuni
oğru"nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1
saylı həbsxanada dünyalarını dəyişib, elə dəyəsən, zəhrimar
qaraciyər şişindən...Amma bu da son bənzərlik deyil. Bu gün
haqqında danışacağımız "Masallı Mamed" Bəxtiyar dünyaya gələn doğma
torpağında dəfn olunub: 21 martda....
1960-cı ilin noyabr ayının 4-də Masallıda İsgəndər kişinin
ailəsində evin ilk uşağı - Məmməd dünyaya gəldi.Ondan sonra bu
ailədə daha dörd qardaş da doğulacaqdı. Amma tale və seçdiyi yol
onu digərlərindən fərqli olaraq Masallının da, Azərbaycanın da
sərhədlərindən kənarda da tanıdacaqdı.
Atası rayonun tanınan və imkanlı adamlarından - univermaqda
müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi
tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb
dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda
yerləşən Ərkivan kəndində bitirib.
1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və "yeyən"
şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb,
sonra...Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq
gözləyirdi...
Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin
şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun
"təqsirini" öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi
davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri
götürməsini istəyir. Lakin... gənc Məmməd sovet milisini vurduğu
üçün 3 il məcburi əməyə cəlb olunur.
Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan Məmməd Bakıda
ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan
bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci
maddə ilə də həbsə düşməsi Məmmədə "vışka" təhlükəsi yaradır.
"Vışka" ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu
güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən
Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə "krıtıda"
çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.
Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc
arestant ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya
"etap" edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost
olacaqları Cavanşir Ağayevlə ("Dağlı Cavaşir") birgə cəza çəkməli
olur. Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel
ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra
isə Qroznı şəhərindəki "maloletkada"- uşaq islah əmək müəssisəsində
çəkmişdi. Sonra isə onu Qroznıda ciddi rejimli kolona
göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda "Dağlı Cavanşir"
hələ "qanuni oğru" titulu almamışdı. Amma kriminal aləmdə kifayət
qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki
azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı
mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd
Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da
həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən
Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda
şəhərindəki "Sentral" həbsxanasına olur. Məmməd burada kriminal
qaydalar tətbiq edir, "obşak" yaradır və "vəziyyət"ə ("polojeniya")
nəzarət edir.
4 il əvvəl, martın 20-də "Masallı Mamed"in vəfatı ilə Azərbaycan
kriminalının böyük bir dövrü bitdi...
1992-ci ildə mart ayında azadlığa çıxan və artıq "Mamed
Masallınski" kimi tanınan avtoritet doğum günündə ailə həyatı
qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü
ildə "Masallı Mamed" Moskvada yenidən həbs edilir. Moskvadakı
"Nessi" ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar
onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt
həbsxanalarından hesab edilən "Matrosskaya Tşina"da məhkumlar qiyam
etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu
olur. Bütün bunlar "qanuni oğru"ların və kriminal aləmin nüfuzlu
nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük
nüfuzunu görən "qanuni oğru"lar ona kriminal aləmin ən ali titulunu
təklif edir.
1995-ci ildə Sabirabada "qanun oğru" Hikmət Muxtarovun
-"Sabirabadlı Hikmət"in toyunda "Lotu Bəxtiyar" təklif edir ki,
məhz həmin gün "Masallı Mamed"lə "Dağlı Cavanşir"ə kriminal aləmdə
haqq etdikləri "tac" verilsin. Cavanşir isə Bəxtiyara deyir ki,
əvvəlcə "qanuni oğru" adın onun özünə böyük qardaş hesab etdiyi
Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən
nüfuzlu avtoritetlərindən olan "Novxanılı Hikmət"in şadlıq
sarayında əvvəl "Masallı Mamed", sonra isə Cavanşir "qanuni oğru"
adı alır. Qeyd edək ki, "Novxanılı Hikmət" hazırda Rusiyada həbsdə
olan "qanuni oğru" "Novxanılı Dadaş"ın atasıdır. Oğruların həmin
toplantısında Bəxtiyardan başqa, "Sabirabadlı Hikmət", "Nardaranlı
Mirseymur", "Ağbaş Çingiz" kimi "qanuni oğrular" da iştirak
edir.
Son illər Rusiyada yaşayan "Masallı Mamed" Azərbaycana nadir
hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının
6-da qətlə yetirilən "Sabirabadlı Hikmət"in dəfnində iştirak etmək
üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı
restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən
sonra məhz "Masallı Mamed"in varis olması müzakirəyə çıxarılıb.
Elə həmin il "Masallı Mamed" üzərində "Makarov" tipli tapança
ilə həbs edilir. 2006-cı ilin sonunda "Masallı Mamed"in məhkəmə
prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum
edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.
2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak
etmək üçün Masallıya gələn "qanuni oğru" narkotik vasitələrin
saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və 3 il
müddətinə azadlıqdan məhrum edilir.
O, nüfuzlu avtoritet kimi "srok"unu Kürdəxanı təcridxanasında
çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə
"Masallı Mamed" 1 saylı həbsxanaya göndərilir.
Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı
üçün ciddi təhlükə olmayıb. Amma "zon"a çıxarıldıqdan sonra qəfil
onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata
görə, "Masallı Mamed"in ölümünə səbəb beyninə qan sızmasıdır.
Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt
yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda
olan "oğru" ideyasına sadiq oldu.
"Masallı Mamed"i azərbaycanlı "qanuni oğru"ların sonuncu
moğikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan
kriminalının böyük bir dövrü bitdi. "Sabirabadlı Hikmət"in
qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan
kriminalları "böyük qardaş"kimi "Masallı Mamed"in ətrafında toplaşa
bilərdilər. Rusiya kriminalının "xaç atası" sayılan "Ded Xasan"ın
başçılığı ilə keçirilən "sxodka"da Azərbaycan kriminal
qruplaşmasını "Masallı Mamed" təmsil edirdi.
Onun "böyük qardaş" kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları
onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin
qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl
oldu.
Martın 20-də "Masallı Mamed"in vəfatının 4-cü ili tamam olur.
Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının
mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu
qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək
apardılar. Bu "qanuni oğru"laradək Rusiyada azərbaycanlıları
"qara", "alverçi", "bazar adamı" kimi baxırdılar. Onlar isə
kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən
gətirdilər.
Martın 20-də "Masallı Mamed"in vəfatının 4-cü ili tamam olur.
Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının
mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu
qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək
apardılar. Bu "qanuni oğru"laradək Rusiyada azərbaycanlıları
"qara", "alverçi", "bazar adamı" kimi baxırdılar. Onlar isə
kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən
gətirdilər.
Allah rəhmət etsin...
Musavat.com