Yuxarı

Ziyalılar Bakının "işğalına" son qoyulmasını tələb edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

200-ə yaxın ziyalı AYB sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə müraciət edib.

Axar.az həmin müraciəti təqdim edir:

Hörmətli Anar müəllim!

Azərbaycan ictimaiyyətini narahat edən bir məsələ barədə Sizə müraciət etməyi qərara aldıq. Məlumdur ki, müstəqillik illərində milli dövlətçiliyin başlıca rəmzlərindən olan Azərbaycan dilinin zənginləşməsi, tətbiqi imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaranıb. Amma mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və rəngarəng ifadə vasitələrinə malik olan dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də geniş yayılmaqdadır. Radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatık normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimlənmənin və daimi nəzarətin olmaması dil pozuntularının aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Zaman-zaman ana dilimizin keşikçiləri onu vicdanla qorumuş, yüzillər boyu cilalaya – cilalaya ən dəyərli mənəvi miras kimi gətirib bu günümüzə çatdıra bilmişlər… XX əsrin əvvəllərindən Mirzə Cəlilin, M.Ə.Sabirin, F.Köçərlinin, C.Cabbarlının, S.Vurğunun, R.Rzanın, B.Vahabzadənin və başqa ədiblərimizin dilimizin saflığı uğrunda səy və mübarizələri, onların təəssübkeşliklə, ürək yanğısı ilə doğma dilimizə xidmətləri unudulmazdır. Ana dilimiz, onun tarixən qədimliyi və bugünkü mükəmməlliyi bizim köklü bir xalq olduğumuzun təsdiqidir.

Amma bu gün Bakı küçələrində mağazaların, marketlərin, iaşə və məişət obyektlərinin adları, reklamların təqdimi Azərbaycan dilinin ölkəmizdə dövlət dili statusuna kölgə salır. Əgər həmin küçələrdən görüntülər çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Kiçik iaşə obyektlərinin reklamlarındakı kobud orfoqrafik, leksik və punktuasiya səhvləri isə lap dözülməzdir.

Son bir neçə ayda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinqlər keçirmiş, onların nəticələrini ictimailəşdirmişdir. Nəticələr acınacaqlıdır. Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, bu ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən istifadə edilməyib. Təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər küçələrdə də utandırıcı vəziyyət olduğunu təsdiqləyir. Deyilənlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununun 7.1 maddəsinə necə əməl edildiyinə sübutdur.

Bir neçə il əvvəl Dilçilik İnstitutunun əməkdaşları şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. ”Torqovı” adı ilə tanınan Nizami küçəsindəki satış–xidmət reklamlarında Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi nöqsanlar olması barədə müvafiq strukturlara məlumat verilmişdi. Amma məlum olub ki, Bakı ŞİH bu obyekt sahiblərinə təsir edə, göstəriş verə bilməz. Məgər bu obyektlərin sahibləri Azərbaycanda qanunların işləmədiyini güman edirlər?

Paytaxtın özündə, göz qabağında milli sərvətimiz olan ədəbi dilimizi qoruya bilmiriksə, əsgərlərimiz ön cəbhədə həyatı hesabına torpaqlarımızı kimin üçün qoruyurlar?! Biz gələcək nəsillərə hansı Bakını əmanət edəcəyik? Elə bu günün özündə, yad dillərin təsiri altında böyüyən uşaqlarımıza ana dilinə sevgi, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini necə aşılaya bilərik? Torpaqlarımızın bir hissəsi kimi, dilimizin də işğal altında olduğunu görən nəsildə bu dilə, onun daşıyıcısı olan xalqa, millətə bağlılıq qalacaqmı?

Sadalanan faktlar bir daha göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifələrni lazımınca icra etmirlər.

Hörmətli Anar müəllim!

“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa (maddə 7.1.) görə, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu qanunun tələblərinə əməl olunmaması cəmiyyətdə böyük məyusluq doğurub.

Biz yaşadığımız dövrün tarixə Azərbaycan dilinə sağalmaz yaraların vurulduğu bir dövr kimi düşməsini istəmirik. Biz Bakının prospekt və küçələrinin bizimlə əcnəbi dillərdə danışmasını xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməyi hədəfə alan LINQVISTIK EKSPANSIYA hesab edirik.

Həm Azərbaycan Yazıçılar Birliyinin sədri, həm Dövlət Dil Komissiyasının sədr müavini kimi diqqətinizə çatdırdığımız bu eybəcərliklərə Sizin susmayacağınıza əminik. Azərbaycan dövlətinə, xalqına güvənən, onun mədəniyyətini dəyərləndirən bir şəxs kimi cəmiyyətimizi məyus edən bu mühüm problemin həlli üçün əlinizdən gələni əsirgəməyəcəyinizə inanırıq.

Qeyd edək ki, müraciəti AMEA-nın müxbir üzvləri, professorlar, dosentlər, tanınmış şair-yazıçılar, hüquqşünaslar, jurnalistlər, müəllimlər, tanınmış ictimaiyyət nümayəndələri (ümumilikdə 176 nəfər) imzalayıblar.

Tarix
2020.06.12 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla