Ağsuda eyni gündə iki şəxsi öldürən qatil haqda şokedici
məlumat yayılıb.
Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, əvvəlcə
evinə çağırdığı avtomobil ustasını, sonra isə tanınmış aktyor
Mikayıl Mirzənin qardaşı oğlunu öldürərək qaçan əvvəllər məhkum
olunmuş Ramiz Ələkbərov silsilə qətllərə hazırlaşır. Sakinlər iddia
edirlər ki, o, daha üç nəfərin öldürülməsini planlaşdırır.
Rayon sakinlərinin sözlərinə görə, usta Sərxan Sultanovun və
kafe sahibi Mahir Mirzəliyevin qətl səbəbi çox müəmmalıdır: "Qətlə
yetirilən hər iki şəxs rayonda hörmət edilən adamlar olub, kimsəylə
düşmənçilikləri, Ramizlə də hər hansı ədavətləri yox idi. Qətlin
motivində nə namus, nə də qisasçılıq var. Yalnız qətlin sifarişlə
törədildiyini ehtimal edirik", - deyə Ağsudakı mənbə bildirib.
Bu qətl sifarişinin hansı səbəbdən verildiyini heç təsəvvür belə
etmədiklərini vurğulayan sakinlərin sözlərinə görə, ehtimallarını
əsaslandıran səbəb var:
"Rayonda söz-söhbət gəzir ki, Ramiz Ələkbərov daha 3 adamı
öldürdükdən sonra könüllü olaraq polisə təslim olacağını deyib.
Qətllərin də heç bir səbəbi yoxdursa, güman edirik ki, Ramiz
sifariş yerinə yetirir. Onun ömrünün 30 ilini həbsdə yaşaması da bu
ehtimalı gücləndirir".
Türmədən bir neçə ay qabaq azad olunduğu bildirilən
R.Ələkbərovun növbəti qurbanı ilə bağlı da artıq müəyyən fikirlər
var. Bildirilir ki, R.Ələkbərov Ağsuda bir neçə ticarət obyektinə
sahib olan Sanif adlı iş adamını hədəfə alıb:
"Qətl törədilən gün onun Sanifin obyektlərinin qarşısında keşik
çəkdiyini, dəfələrlə o obyektlərə yaxınlaşdığını və kimisə
gözlədiyini müşahidə ediblər. Ona görə Ramizin vəd etdiyi növbəti
qətllərdən birinin hədəfinin Sanif və yaxud bu ticarət obyektinə
bağlı olan digər şəxs olacağı ehtimal edilir".
Xatırladaq ki, Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz
Ələkbərov özünə məxsus avtomobilin xarab olan mühərrikini
düzəltdirmək bəhanəsi ilə motor ustası, 1966-cı il təvəllüdlü
Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib və
əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə
yetirib.
Daha sonra Ağsu aşırımında yerləşən "Ata yurdu" kafesində
yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus
avtomobillə ərazini tərk edib, sonra isə taksiyə əyləşərək, Bakıya
yola düşüb. Amma Mərəzə qəsəbəsində sürücüyə fikrini dəyişdiyini
bildirərək maşından enib. Onun hara getdiyi bilinmir.
Ağsu sakinləri isə güman edir ki, Ramiz Ələkbərov sadəcə izi
azdırıb və nəzərdə tutduğu qətlləri törətmək üçün yenidən rayona
qayıdıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə
cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz
Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb
olunması istiqamətində tədbirlər davam etdirilir.