İnsanları narahat edən ən ciddi problemlərdən biri də
artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları
şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına
veririk.
1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana
ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi
hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil. Məsələn, çox tez
arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq
etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl
etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec,
amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu
yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə
kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat
səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
2. Mətbəxinizdəki şkafları "təmizləyin" - kolbasa, tort, cipsi
kimi qidaları və "rəngli" suları evdən və özünüzdən birdəfəlik
uzaqlaşdırın.
Yaxşı yadımdadır, Sovet dövründə "Krokodil" jurnalı xoşbəxt
moskvalını bir əlində iri "Kiyev" tortu, o biri əlində isə
şokoladlı konfetlər, "kopçennı" kolbasa, fanta, kola şüşələri ilə
dolu bağlama olan gonbul kişi kimi təsvir etmişdi. Yoldan keçənlər
onu əhatə etmişdi. Adamlar soruşurdu, "Hardan almısan", gonbulun
isə ağzından bu sözlər tökülürdü: "Tələsməyin, orda daha yoxdur".
Karikaturanın altında isə yazılmışdı: "Yaxşı ki, yoxdur. Yoxsa, biz
də sənin gününə düşərdik".
3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur
ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən
planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza
gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili
yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan
qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss etməlisiniz. Bu,
qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba
içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və
şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini
yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək
edir.
4. Spirtli içkilərdən uzaq olun. Deyə bilərsiniz ki, təmiz
içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə
edə bilərəm ki, az-az içəndə xeyri də var, çünki qanı duruldur,
tromb, infarkt təhlükəsini azaldır. Amma kim zəmanət verə bilər ki,
sizin içdiyiniz araq bütün ekoloji normalara və müasir
texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə üzüm şirəsindən
hazırlanıb? Yaxşı, tutaq ki, siz yalnız təmiz araq içirsiniz, çaxır
isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli
içki içəndə normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini
artırmağa xidmət edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli
içkinin qara ciyərə və böyrəklərə dəhşətli yükündən danışmıram…
5. Mərhum Səməndər Rzayevin məşhur filmdə dediyi sözləri bir
qədər dəyişərək. fikrimizi izah edək: xalqımızın axşamlar qoz,
fındıq yemək kimi (o, toy demişdi) gözəl adəti var. Bu,
vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm
mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, həm də
kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək
problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları də
sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd
xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan
insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az
tutulurlar.
6. Atalardan qalma gözəl bir misalımız var: səhər yeməyini
özünüz yeyin, günorta payınızı dostunuzla bölün, axşam isə
düşməninizə verin. Dəqiq analizdir! Yaddan çıxarmayın: səhər evdən
ac çıxmayın - bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri
qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini
doyunca yeyin, dietoloqların yazdığı xolesterindən-zaddan
çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri bizim lerikli Şirəli
baba imiş, o da deyilənə görə, günorta yağlı qoyun ətindən kababı
sevirmiş, axşam isə yatmazdan əvvəl qatıq içirmiş. Amma yaddan
çıxarmayın ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava,
fiziki iş də onun dərmanı idi. Biz isə bütün günü kompüter, ya da
sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca, çox piyada
gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.
7. Müşahidəmə görə, Rusiyada həftənin bir gününü (deyəsən,
üçüncü gün) "balıq günü" elan edirdilər. Həmin gün bütün
yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi.
Təbii ki, bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs
öz seçimini edirdi. Həmin gün ruslar bir qayda olaraq, günorta və
axşam yeməklərində balıq qızartmasından və şorbasından, hətta
konservlərindən istifadə edir, "balıq günü"nün bütün qaydalarına
əməl edirdilər. Mən yalnız sonralar başa düşdüm ki, həftədə bir
dəfə "balıq günü" təşkil etmək sağlam qidalanmağın ən gözəl
yollarından biridir. Odur ki, bu qaydanı böyük məmnuniyyətlə
oxuculara da təklif edirəm.
8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq çəkidən azad
olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz,
göyərti yeməkdir. Allaha şükürlər olsun ki, dünyanın cənnət
guşələrindən biri olan Azərbaycanda hər cür meyvə-tərəvəz yetişir.
Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən bişirilən
mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə
onlardan birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, sağ olun,
amma bundan ötrü meyvəni bişirməyə, vitaminləri məhv etməyə
dəyərmi? Meyvəni, giləmeyvəni təzə-təzə yemək, saxlamaq üçün isə
şəkərə qoymaq məqsədəuyğun deyilmi?! Sonra köksünü ötürdü, dedi siz
cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar, mandarin yetişir,
qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz, doyunca
vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə
kifayətlənməli oluruq. Bu söhbətin üstündən on illər keçib, amma
indi də xatırlayıram.
Sonda yenidən yoqların qaydalarını xatırlatmaq istərdim. Bu
qaydalar min illərin sınağından keçib, atalar sözü qədər
etibarlıdır. Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir
dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni
həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız.
Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz.
Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam
hər gün əməl edə, yerinə yetirə bilmir. Artıq çəkidən xilas olmaq
üçün isə yoqlar mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə
eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili yeməklər
olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək,
günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki,
çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki,
bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on
kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.