Ermənistanın "Epress" saytı 27 il qabaq Ermənistanın
Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə
material dərc edib.
Jurnalist Mane Papyan 1988-ci ildə rayonda baş vermiş hadisələrə
yenidən qayıtması bir sıra erməni KİV-lərini şoka salıb. Ermənilər,
adətən, bu hadisələr barədə susmağa çalışırlar. Halbuki Ermənistan
Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan
bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlının
milli münaqişə zəminində ermənilər tərəfindən öldürüldüyü təsdiq
edilib və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub.
Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və
hadisə şahidləri ilə söhbət edib. Şahidlər azərbaycanlılara qarşı
edilən haqsızlıqları xatırlayıblar. Məsələn, həmin vaxtlar
Kirovakanda (Vanadzor) prokuror işləmiş Qriqori Şahverdiyanın
arxivində olan sənədlərə görə, 1988-ci ilin mart ayından noyabr
ayına kimi Quqark rayonunda 624 azərbaycanlı əsassız olaraq işdən
çıxarılıb.
"Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib
ki, azərbaycanlıları gecələr kəndlərindən zorla köçürən zaman yolda
erməni dəstələrinin hücumuna məruz qalırmışlar. Şahverdiyanın
sənədlərində isə azərbaycanlıların yalnız öz evlərində deyil, iş
yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə
alınıb. Bazarda azərbaycanlıları döyərək mallarını əllərindən
alıblar.
Qriqori Şahverdiyanın sözlərinə görə, həmin günlərdə Kirovakan
şəhərində 7 azərbaycanlının qətli qeydə alıblar. Amma onların
içərisində ən məşhuru Telman Hüseynovun öldürülməsi olub. "Onu
İrina adlı sevgilisinin evində balta ilə vurmuşdular. Qətl
açılmışdı və iki yeniyetmə - Usik Marutyan və Tiqran Evinyan həbs
edilmişdi", - prokuror xatırlayır.
Evlərinə hücum edilən azərbaycanlıları xilas etməyə tələsdiyini
söyləyən Şahverdiyan həmin günlərdə əli silahlı ermənilərdən
qorxmadığını indi təəccüblə xatırlayır: "Hamının əlində silah
vardı, millətlərarası zorakılıq artmışdı. Ən dəhşətli hadisə
Şaumyan kəndində baş verdi. Mənə dedilər ki, kəndin sakinləri
hansısa azərbaycanlını (Qasım K.) qayadan atmaq istəyirlər. Hadisə
yerinə çataraq biz bu adamı müdafiə etməyə çalışdıq. Milis, milli
təhlükəsizlik də orda idi. Adamlar bizə hücum etdilər. Mənə
deyirlər ki, mən orada huşumu itirmişəm və məni oradan
çıxarıblar".
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini
işləmiş Rima Sarqsyan məktəbin bir azərbaycanlı şagirdinin
ermənilər tərəfindən qayadan atıldığını söyləiyir. Həmin günlərdə
Kirovakandan əli silahlı gənclər kəndə doluşaraq azərbaycanlılara
atəş açırmışlar. Azərbaycanlılar isə kəndi tərk edərək dağlara
qalxıbmışlar. Kəndin Samvel adlı sakini həmin azərbaycanlı oğlanı
tutaraq qayadan atıb. Samvel sonradan Qarabağa gedərək orada da
dinc azərbaycanlıları qətlə yetirib.
"Epress"in əməkdaşı ilə söhbət edən Samvel kəndi tərk edib
qalmış azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.
Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs edib. Sonra isə azad
edib.
Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış
azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən
öldürülüb yandırıldığını deyir: "Vanadzordan gələn qruplar Edik
Martirosyanın rəhbərliyi altına Şaumyana gəlirdilər. Meyitləri
yandırırdılar ki, onları tanıyan olmasın".
Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan
biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırıblar.
(anspress)