Ana səhifə Toplum |
"Ermənistanda hakimiyyət dəhlizlərində nüfuz savaşı, ölkənin forpostu olduğu Rusiyaya sədaqət göstəriləri, kriminal aləmə yaxınlıq, maliyyə və silahlı güc üstünlüklərini nümayiş etdirən yüksək mövqe sahibləri seçkiləri gözləmədən hakimiyyət dəyişikliyində maraqlıdır".
Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi yayıb.
Mərkəz bildirir ki, daxildə baş verən bu savaşın üzdə görünən tərəfi Ermənistanın birinci xanımı Rita Sərkisyanla bu ölkənin Müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryan arasındakı münasibətlərdə də öz əksini tapıb:
"Ermənistanı bürüyən iqtisadi böhran, hərcmərclik, dövlətin talan olunması fonunda diaspor, eləcə də xalq qarşısında etibarını itirmiş Sərkisyan hakimiyyəti hər vəchlə növbəti seçkilərə qədər postunu qorumağa çalışır. Ermənistan mətbuatı yazır ki, Ruzanna Xaçatryan son aylar rəsmi və ya qeyri-rəsmi bütün tədbirlərin arzuolunan qonağına çevrilib. Xarici təşkilatların toplantılarında, xeyriyyə tədbirlərində və başqa mötəbər dövlət yığıncaqlarında Ruzanna Xaçatryan özünü birinci xanım kimi aparır, şəkillər çəkdirir, müsahibələr verir.
Ölkənin birinci xanımı Rita Sərkisyan müxtəlif dairələrdə müdafiə nazirinin xanımının davranışlarından narazılığın dilə gətirərək bildirib ki, vaxtında mən də belə statusda idim, amma heç vaxt hadisələri qabaqlamağa çalışmadım və Bella Köçaryana (keçmiş prezident Robert Koçaryanın xanımı) "əlcək atmağa" cəhd etmədim, səbirlə öz növbəmi gözlədim. Ruzanna Xaçatryanın ona cavabı daha sərt olub. O, bildirib ki, o günün gələcəyindən əminəm, lakin qorxuram ki, biz hakimiyyətə gələnə qədər onlar dövləti büsbütün talan edərlər. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistanın hakimiyyət dairələrində prezidentlik postu uğrunda açıq savaş gedir və bu savaşda qalibiyyətə ən yaxın namizəd Seyran Ohanyandır".
Qeyd edək ki, Seyran Ohanyan 2008-ci ildən Ermənistanın müdafiə naziri postunu tutub. O, 1962-ci ildə Şuşada anadan olub, 1983-cu ildə Bakıda ali hərbi məktəbi bitirib. İşğalçı Qarabağ müharibəsinin əsas simalarından biridir. Xocalı soyqırımında iştirak edib və xüsusi amansızlığı ilə fərqləndiyinə görə orden və medallarla təltif olunub. 1999-2007-ci illərdə qondarma DQR-in "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.
Tarix
2015.05.22 / 15:23
|
Müəllif
Aygün Yusibova
|