Milli Məclisin sonuncu yığıncağında Məclisin sədri Oqtay
Əsədovla mübahisəmiz oldu. Normal bir olaydır. İllər uzunu belə
fikir ayrılıqlarına öyrəşmişik. Məclis elə bundan ötrüdür ki,
cəmiyyəti rahatsız edən məsələləri qaldırsın, müzakirələr getsin.
Salonlarda söz atışmaları olmalıdır ki, küçələrimizdə qəzəbini
cilovlaya bilməyənlərin zor atışması olmasın.
Bakıdakı son yanğın hadisəsi, bu qədər günahsız insanın qurban
getməsi, körpələrin qırılan ömürləri, hamı kimi, mənə də ağır təsir
etmişdi. Bunun dalınca, belə darmacalda küçələrin qaralmasını,
gözəl binaların lütlənməsini görəndə söz tükənir, nə deyəcəyini
bilmirsən. Ölkənin üzünü ağartmaq, millətə şöhrət, hörmət
qazandırmaq üçün həvəslə bu qədər zəhmət çəkilsin, bu qədər dövlət
vəsaiti xərclənsin, sonra birdən-birə bəlli olsun ki, bu gözəllik
etibarsız imiş, camaatı barıt çəlləyinə soxurmuş.
Bu işi yaxşı niyyətlə başlayan, Bakının gözəlləşməsindən qürur
duyan adamların nə boyda sarsıntı keçirtdiyini deməyə ehtiyac
yoxdur. Sifarişi başdansovdu görüb pul qazanmaqdan başqa arzuları
olmayan adamların xəyanəti adamı üzür.
Milli Məclisin yaşadığımız bu faciənin üstündən sakit ötməsini
şəxsən mən düzgün saymıram və bunu dilə gətirdim. Sığallı danışmağı
xoşlamıram, hər şeyi öz adıyla deməyə öyrəşmişəm. Bəlkə də hörmətli
Məclis sədri Oqtay Əsədovun guya hər iclasda belə təpki göstərməyim
haqqında iradına etirazım sərt oldu, heç cavab verməmək də olardı;
ancaq baş verən faciədən sonra sakit danışmaq çətindir. Məclis
sədri səbirsizdir, millət vəkillərinin çıxışları onu tez-tez
əsəbiləşdirir, lakin təbiəti etibarilə ədalətli adamdır və inanıram
ki, mənim həmin çıxışımın düzgünlüyünü, yalnız xoş niyyət
daşıdığını və həm də Milli Məclisin xeyrinə olduğunu o da bilir.
Məclis xalqın həyatında baş verən hadisələrdən kənarda
qalmamalıdır.
Ancaq bu sətirləri yazmağımın əsas səbəbi həmkarım Musa
Quliyevin mən iclas salonunda olmayanda, çıxışımdan bir neçə saat
sonra aldığı təlimat əsasında püskürdüyü iftira və öz dediyi kimi,
mənim "daş"ıma "kəsək" lə cavab vermək cəhdidir. Musa Quliyev Milli
Məclisdə varlığı-yoxluğu o qədər də gözə çarpmayan, başıaşağı
adamlardan biridir. Ucdan-qulaqdan qələm adamı olduğunu, hətta
Zəngəzur toponomikası haqqında bir kitab yazdığını eşitmişəm. Hər
halda belələrini Məclisdə bir köynək yaxın hesab edirsən.
Səmimiyyətlə salamlaşıb hal-əhval tutursan və içində belə bir inam
olur ki, başqalarından fərqli olaraq, bu adam yazı-pozuyla məşğul
olursa, haqqı nahaqqa verməz. Təbii ki, bu mənim öz saflığıma uyğun
qənaətimdir. Həyatda bunun belə olmadığını dəfələrlə görmüşük, bu
dəfə də gördük...
Aydın olsun deyə qısaca bildirim ki, Milli Məclisin
yığıncaqlarında bir neçə dəfə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin
büstünə sayğısız münasibət səsləndirilsə də, buna əhəmiyyət verən
olmamışdı. Elə bil quyuya daş atılır. Axı Rəsulzadə sıradan bir
adam deyil ki, onun haqqında deyilən belə bir fikir unudulsun, heç
yerdən cavab gəlməsin. Bu barədə MM-də dediklərimi təkrar etmək
istəmirəm. Ancaq mətbuatda bir məqam diqqətdən qaçıb: mən öz
çıxışımda Respublika günü münasibətilə bir gün əvvəl verilən
ziyafətdə ölkə prezidenti, hörmətli İlham Əliyevin dediyi sözləri
örnək gətirmişdim. O, son dərəcə mühüm bir məsələyə - ictimai rəyin
güclənməsinə və bu rəyə diqqətin artırılmasına toxunaraq xalqın
ürəyindən xəbər vermişdi. Mən də bu fikrə söykənərək, "nədən Milli
Məclisdə deyilənlərə əhəmiyyət verilmir, nədən bu respublikanı bizə
qazandıran kişilərdən birinə həqarətli münasibət dəfələrlə dilə
gətirilsə də Gəncədən heç bir cavab gəlmir?" deyərək gəncəlilərin
rəyini çatdırmışdım.
Nəhayət ki, bu dəfə Gəncədən cavab gəldi. Ancaq Musa Quliyevin
ağzıyla və millət vəkilinə yaraşmayan bir səviyyədə...
Müstəqillik, Rəsulzadə, yanğın, evini itirən insanlar... Yüz
belə məsələ olsun, Musanın səsi çıxmaz; amma elə ki, Gəncə icra
başçısı sözü dilə gəldi, onun müdafiə arsenalı işə düşdü. Sən demə,
Milli Məclisə elə buna görə seçilibmiş: "get, otur orda, nə iş
görürsən gör, aylarla sus, ancaq əsas odur ki, bizim adımız çəkilən
kimi, yalan-doğru, səsini qaldır". Bu adam bilmir ki, mənim
niyyətim Gəncə icra başçısını tənqid etmək deyil. Yaxşı işləyir,
pis işləyir, bunu gəncəlilər bilir. Əksinə, hələ Yevlaxda işlədiyi
vaxtda mən onun quruculuq işlərini görəndə, tanımaza-bilməzə, zəng
vurub təəssüratımı bildirmiş, təşəkkür eləmişdim. İndi həmin işləri
Gəncədə davam etdirir. Amma kim olursan ol, nə qədər yaxşı
işləyirsən işlə, dörd il ərzində başçılıq etdiyin şəhərdə böyük
tarixi şəxsiyyətlərimizdən birinin başına çuval keçirilməsinə
biganə qalmalı deyilsən. Həm də bunun bir neçə dəfə Milli Məclisdə
səsləndirildiyini də nəzərə almalısan.
Musa Quliyev çıxışında mənim fikrimin əsassızlığını "sübuta"
çalışıb: "Ümumiyyətlə Gəncədə Rəsulzadənin başına çuval keçirilməsi
yalan informasiyadır və bu, həqiqəti əks etdirmir". Sonrakı cümlədə
özü-öz sözünün doğru olmadığını göstərib: "Adıçəkilən parkda uzun
müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona
görə də o abidənin təmir işləri ilə bağlı üstü örtülüb".
Bərəkallah! Bəs biz nə deyirik? Biz də elə bunu deyirik.
Deyirik, çıxarın o örtüyü büstün başından. Dörd il qapalı qalan
büst əlbəttə keyfiyyətini dəyişəcək. Amma onu bərpa etmək o qədər
çətin iş deyil.
Bu yerdə Musa Quliyevin "kəsəyini" özünə qaytarmaq istəyirəm.
Tərsinə, gərək o, bu məsələni ilk dəfə MM-də eşidəndən sonra
Gəncəyə zəng vuraydı; maraqlanaydı, şəhər rəhbərliyi ilə danışaydı;
özü gedib bu biabırçılığın aradan qaldırılmasına çalışaydı. İndi
ayıbına kor olmaqdansa, mənə irad tutur ki, MM-də çıxış etməzdən
öncə niyə cənab Musa Quliyevdən icazə almamışam, onunla
məsləhətləşməmişəm... Bəs əvvəllər bu məsələ Məclisdə qaldırılanda
hardaydı o? Azərbaycan Respublikasının Prezidenti 2014-cü ildə
Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində keçirilməsi barədə
mühüm bir sərəncam imzalamışdı. Gərək bu bir il müddətində o
büst yüksək səviyyədə təmir edilib, yanvarın 31-də açılışı
ediləydi.
Nə yaxşı ki, dünənki mübahisə oldu. Yoxsa mən Musanı tanımaq
imkanından məhrum olacaq, bu adamın içindəki geriqalmışlığı görə
bilməyəcəkdim. Gəncənin deputatı icra başçısını müdafiə etmək üçün
büstün qoyulduğu bağın Dəmir Yoluna, dolayı yolla mənim qohumumun
başçılıq etdiyi Nəqliyyat Nazirliyinə aid olduğunu ortaya atır.
Başa düşmür ki, əgər bu, qohumumla bağlı iş olsa, mən yenə eyni
mövqedən çıxış edərdim. Keçmişinə, dövlət atributlarına hörmət,
milli məsələlər qohumçuluqdan yuxarıda dayanan məsələlərdir. Amma
millət vəkili həmkarımı pərt eləməyə və əsil yalanı onun dediyini
ortaya çıxarmağa məcburam. Cəmi bir gün sonra Azərbaycan Dəmir Yolu
QSC məsələyə aydınlıq gətirdi. Bəlli oldu ki, həmin park 28 noyabr
2014-cü ildən İcra Hakimiyyətinin balansına keçib və artıq
ətrafında ticarət obyekti tikilir. Əslində isə bu sahənin QSC-nin
balansından çıxarılması məsələsi 2000-ci ildən qaldırılıbmış. Milli
Məclisdə Rəsulzadə kimi bir dahinin balaca büstündən söhbət
gedərkən kimin kimlə qohum olması məsələsinin ortaya atılması
ibtidai düşüncənin, qəbilə-əşirət təfəkkürünün nəticəsidir. Amma
sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə
görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın
qohumuymuş.
Mən ömrüm boyu yalanın, hiylənin çox üzünü görmüşəm. Birini də
indi gördüm. Qohumu belə müdafiə eləməzlər, Musa Quliyev! Sən əgər
qohumunu çox istəyirsənsə və Məclisdə qohumunun vəkilisənsə,
Rəsulzadəni uzun müddət örtük atında saxlamağın millətə, Gəncəyə
hörmətsizlik olduğunu ona başa salmalıydın.
Nəhayət, həmkarımın səlahiyyətini aşan bir ifadəsi – mənim
nəqliyyat naziri ilə quda olmağım və "öz kölgəm olmadığından
kiminsə kölgəsinə sığınmağım" haqqında. Yaşlı-başı bir adamın
ağzından bu sözləri eşidəndə doğrudan da heyrətləndim. Əvvəla, biz
Allahın yazısı olan qohumluq əlaqələrini hesabla qurmuruq, bu
uşaqlarımızın taleyidir. Başqa cür düşünən varsa, ağlına dua
yazdırmalıdır. Dəfələrlə demişəm, ona qalsa, Azərbaycanda az qala
hamı bir-biriylə qohumdur. Yaxşı qohum baş ucalığıdır. Mən də,
şükür, köklü, əsilli-nəsilli, milli adət-ənələrimizə, torpağa bağlı
olan, ləyaqətli bir ailə ilə qohum olmuşam. İkincisi, yuxarıda
dediyim kimi, işin mahiyyətini bir kənara qoyub, qohumluq söhbətini
ortaya atmaq doğrudan da geriqalmışlığın, ibtidai düşüncənin
əlamətidir. Mənim ailəm bütün Azərbaycandır və Azərbaycanın bütün
qeyrətli, ağıllı, Vətən təəssübü çəkən, millət yolunda fədakarlıq
edən adamlarının hamısını öz qohumum sayıram - ruh və əqidə qohumu.
Tayfa düşüncəsiylə iyləşib kümələşənləri Azərbaycanda hər kəs yaxşı
tanıyır, özəlliklə Musa Quliyevi... Və mən bu söhbətin dərinliyinə
getməyi özümə rəva görmürəm!
Mənim qohum kölgəsinə sığınmağım məsələsində Musa lap ağ edib:
"Bu gün özlərini yarımmüxalifət, müxalifət adların qüvvələrin öz
kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayıblar
ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə. Onların bu
hərəkatı stəkanda fırtınaya bənzəyir". Gör bu sözü kim kimin
haqqında deyir! Görəsən mən qohumluqdan əvvəl kimin kölgəsinə
sığınırmışam? Bəlkə Musa Quliyev SSRİ-nin əbədi göründüyü illərdə
rəsmi qadağaları qıran yazılarımın, kitablarımın da qohum
kölgəsində yazıldığını iddia edəcək? Bəlkə meydanları silkələyən
çıxışlarımız da Musa Quliyevlərin qələmiylə silinib unudulacaq.
Hörmətli həmkarım bilmirmi ki, mən heç o boyda SSRİ-nin kölgəsinə
sığınmadım və bütün gəncliyimi Vətənimi o kölgədən çıxarmaq
mücadiləsinə verdim. O vaxt Musa kimilər hansı sığınacaqdaydılar,
bilmirəm...
Ömrüm boyu minlərlə adam mənim kölgəmdə boy atıb; kimsənin
kölgəsinə ehtiyacım olmayıb. Mənim kölgəm də, ölkəm də Allahın mənə
lütfüdür və Musa Quliyevin əlinin, sözünün, atdığı və ya arxasında
gizləndiyi kəsəklərin yetməyəcəyi bir ucalıqdadır. Mənim
müxalifətçiliyim və ya yarımmüxalifətçiliyim ölkədə Vətəndaş
Həmrəyliyinə, Milli Birliyə xidmət edən bir yoldur və bu yolla
getməyimlə qürur duyuram. Vay onda ki, sənin heç yolun
olmaya...
Deyə bilərlər, biz iqtidarın yoluyla gedirik. Deyə bilərlər!
Ancaq bu da yalandır. İqtidara xidmət edən kəs ölkədə barış, milli
birlik, həmrəylik yolunu tutan normal müxalifətə, ziyalıya dil
uzatmaz. Dil uzadırsa, deməli, ölkəni daimi qarşıdurmalar və
münaqişələr meydanına çevirmək istəyir. Stəkan isə daha çox
həkimlərə lazım olur. Dərman üstündən su içməyə, protez dişlərini
saxlamağa. Mənim firtınalarımı isə Musa yaxşı xatırlayır,
çünki o meydan və qəzet fırtınalarından kənarda qalan yox
idi...
Milli Məclisdə mənə cavab verərkən hörmətli Oqtay Əsədovun
dediyi "hamı kimin kim oldugunu bilir" fikri burda yerinə düşür.
Əslində heç bir əlavəyə ehtiyac qalmır. Musa Quliyevlər bu milləti
unutqan saya bilərlər. Amma Azərbaycan türklərinin hafizəsi kifayət
qədər möhkəmdir. Millət heç nəyi unutmur - xoşbəxtlikdən tarixin
başına çuval keçırmək mümkün deyil.
P.S. Bu yazını bitirdikdən sonra eşitdim ki, Gəncədə Məmməd Əmin
Rəsulzadənin büstünün başından çuvalı çıxarıblar. Mübahisələrimiz
nəticəsiz qalmadı. Gəncə Şəhər İcra hakımıyyətinə bu narazılığa son
qoyduğuna görə təşəkkür edirəm.