Yuxarı

Ruhi Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva növbəti dəfə şəhid anaları ilə bir araya gəlib. Onlar üçün iftar süfrəsi açan iş xanımı süfrədəki təamları öz əli ilə hazırlayıb. Şəhid anaları ilə yanaşı iftar süfrəsinə ilahiyyatçı Hacı Şahin Həsənli, millət vəkili Fazil Mustafa və xalq artisti, muğam ifaçısı Fərqanə Qasımova da qatılıb.

Axar.az xəbər verir ki, iftar süfrəsində hər kəsə təşəkkür edən Ruhi Əliyeva öncə Ramazan ayının önəmindən danışıb.

“Ramazan ayı sevincdir, müjdədir, mükafatdır, yaradanın bəndəsinə lütfüdür. Yaradan istər ki, hər kəs ruhunu, nəfsini tərbiyə eləsin, hər kəsin könlündə barış, mehribanlıq, paylaşmaq və şükranlıq hissləri olsun. Ələlxüsus, bu mübarək ayın iftarını Vətən torpaqlarının bütövlüyü üçün canını qurban edən oğulların yadigarları ilə birgə keçirmək bir onur, bir fəxarətdir. Bu gün bura təşrif buyuran şəhid anaları bizi, süfrəmizi şərəfləndiriblər”, - o deyib.

Daha sonra o bildirib ki, şəhid anası olmaq hər kəsə nəsib olmayan bir məqamdır: “Övladını alnından öpüb, Vətən üçün qurban olmağa yola salan böyük ürəkli analar, dəyərli bacılar! Ramazan ayında sizlərlə birgə olmağın xoşbəxtliyi bir başqadır. Türk xalqı tarix boyunca hər zaman Vətən, millət, bayraq və inancları üçün ömrünü fəda etməyi, şəhid olmağı bacarıb. Bu ənənəni, bu cəsurluğu o oğullara siz aşılamısız. Onlara Vətən sevgisini, torpaq eşqini siz öyrətmisiniz. Sizin və o mərd oğulların sayəsində bu gün alnımız açıq, üzümüz ağdır”.

İş xanımı qeyd edib ki, şəhid ailələri, əzizləri dövlətimiz və millətimiz üçün hər zaman dəyərlidir: “Dövlət başçımız cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva şəhid analarına, şəhid ailələrinə xüsusi həssaslıqla, sevgi və sayğı ilə yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həllinə xüsusi diqqət göstərir. Təbii ki, biz də bu addımların davamı, bu örnək əməllərin ardıcılı olaraq daim şəhid yaxınlarının yanında olmağa çalışırıq. Şəhid anaları bizim baş tacımız, qürurumuz, əbədi borclu olduğumuz şəxslərdir”.

İftar süfrəsində günün iftar duasını səsləndirən ilahiyyatçı Hacı Şahin “Hədisi qüdsi”dəki bir deyimi xatırladıb: "Bir kəlam var, orda deyilir ki, şəhid ailələrinin içində şəhidin canişini mənəm. Görün, şəhidin adı nə qədər ucadır ki, Allah deyir, şəhidi əvəz edən mənəm: "Hər kim şəhid ailəsini sevindirsə, məni sevindirər, kim onları narahat etsə, məni narahat edər". Yəni Allah şəhid ailəsinin həm sevincini, həm də kədərini özünə aid edir. Müharibələrin bir qazancı, bir xeyri o ola bilər ki, Allah xalqın içində gizlətdiyi dostlarını bizə tanıtdırır. Belə hadisələrdə Allah şəhidləri xalqın içindən seçir. Bu mənada hər bir şəhid Allahın xalqa mükafatıdır. Bəzi insanlar o qədər yaxşıdır ki, Allah onların əməllərinə qarşılıq mükafat vermək istəyəndə düşünür ki, dəyərcə az olar. Onlara yaxşılığının qarşılığı olaraq belə bir nemət nəsib edir, Vətən uğrunda, haqq uğrunda onların doğmaları qurban gedir. Bu, asan məsələ deyil. Hər kəsin qurban qəbul olunmaz. Bu məqam hər kəsə nəsib olmaz”.

“Bu övladlar hamımızın balasıdır. Hamımız üçün ağırdır”. Bunu isə millət vəkili Fazil Mustafa bildirib.

“Amma “sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” Kimimizsə qurban olmalıyıq ki, torpağın qorunmasını təmin edək. Bizim tanımadığımız uşaqlar bir günün içində qəhrəmana çevrildilər. Onların sayəsində biz bu rahatlığı əldə eləmişik. Dövlətin başı ucaldı, xalqın başı ucaldı. Onların ruhu qarşısında baş əyirik”, - deyə millət vəkili qeyd edib.

“Ana” mahnısı ilə tədbirdəkiləri kövrəldən xalq artisti Fərqanə Qasımova isə deyilən fikirlərə bunları əlavə edib: “Həqiqətən də sizlər seçilmiş bəndələrisiz ki, Allah övladlarınızı belə yüksək məqama ucaldıb. Mən şəhid adına açılan süfrələrə müqəddəs süfrə kimi baxıram. Yediyimiz bütün təamlar cənnət meyvəsi kimi dadır. Çünki burada şəhidlərin ruhu, onların adı var. Süfrə şəhidlərin adına xatir açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.

Tarix
2022.04.21 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Fiqaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla