"Doğru xəbərdir balam 10 aydır ki, yoxdur. 10 aydır ki, bağrıma daş
basıb oturub onun yolunu gözləyirəm. 10 aydır ki, gözlərim yollarda
balamı gözləyirəm. 22 ildir ki, böyüdüb boya-başa çatdırdığım
balamın qoxusunu evdə qoyub getdiyi paltarlarından alıram. Bilmirəm
sən də anasan yoxsa yox. Əgər anasansa baladan ayrı qalmağın ana
üçün nə demək olduğunu gərək ki, anlayasan. Mənim balam ötən ilin
aprel ayının 1-dən evdən çıxıb bir daha geri qayıtmayıb. Evdən
gedəndə idmana gedirəm ana dedi. Axşam saat 11 oldu geri qayıtmadı.
Telefonuna zəng etdik cavab gəlmədi. Anayam axı dəli oldum ki,
bəlkə balamın başına bir iş gəlib. Tez polisə məlumat verdim. 5-6
gün xəbər çıxmadı balamdan. Baxdım ki, xarici pasportunu götürüb
özü ilə. Bir gün zəng gəldi telefona. Tural idi. Dedi ki, ana mən
artıq Türkiyədəyəm. Gürcüstan vasitəsilə sərhədi keçib Türkiyəyə
gedibmiş. Soruşdum bala orda neyniyirsən? Axı sən tələbəsən
dərslərin yarımçıq qalıb. Dedi ki, ana haqqını halal elə. Mən
Suriyaya döyüşməyə gəlmişəm. Cihada. Çox yalvarıb-yaxardım. Dedim
ki, sənə haqqımı halal etmərəm geri dön evimizə. Dedi ki, mümkün
deyil, geri dönməyim. Telefonda nə qədər ağlayıb,
yalvarıb-yaxardımsa xeyiri olmadı. Telefonu bağladı. Ondan sonra
bir müddət yenə əlaqə kəsildi. Arada skayp vasitəsilə əlaqə
saxladı. Dedi ki, təlim bölgəsindədir. Təlim keçirlər. Özü də
deyirdi ki, təlim bitdikdən sonra Suriyaya gedəcəyindən əlaqə
saxlamaq mümkün olmayacaq. Neçə aydır ki, səsini belə eşitmirik.
Bilmirik hardadı, ölüdü, sağdı xəbərimiz yoxdur. İnterpola da
axtarışa vermişik. İndi bircə arzum var. Balamın yerini öyrənib
onun yanına gedib boynuna sarılmaq. Bəs deyincə qoxusunu içimə
çəkmək. Atası ilə onun həsrətindən əriyib kül olmuşuq. Gözümüz
yolda qalıb qulağımız səsdə. Allah uzaq eləsin. Suriyada döyüşlərdə
nə qədər azərbaycanlı gənclər ölür. Neçə-neçə ananın gözü yaşlı
qalıb. Baxın indi mən də o analardan biriyəm. Onlardan bircə fəqrim
oğlumun ölü yaxud diri olmasından xəbərsiz olmağımdır. Burdan,
sizin sayt vasitəsilə oğluma səslənirəm. Əgər məni, atanı az da
olsa sevirsənsə, bizim haqqımızı boynunda hiss edirsəndə geri dön,
evinə dön Tural, yalvarıram sənə. Əziz balam sən ölümlə üz-üzə
durduqca biz evimizdə rahat çörəyimizi yeyib yata bilmərik, bunu
başa düş. Sən cihad deyib Suriyaya gedəndə cənnətin anaların
ayaqları altında olduğunu, ana-atanı incitməyin Allah yanında xoş
qəbul olunmadığını dərk etmədinmi inanclı balam? Axı ata-anadan
hallalıq almadan getmək, onların gözünü yolda intizarda qoymaq
Allaha xoş gedən bir hərəkət deyil oğlum. Sənin beşiyinin başında
lay-lay çalan, böyüdüb barını dərəcəyini gözləyən ananın haqqını
beləmi verərələr? Səninlə bağlı o qədər arzularım vardı ki.
Universiteti bitirdikdən sonra qardaşın kimi işləyəcəyini
düşünürdüm. Toyunu düşünürdüm. Vətən qarşısında borcunu yerinə
yetirəcəyini düşünürdüm. İndi bütün bunları düşünə-düşünə yolunu
gözləyirəm. İnanıram ki, ananın gözünü yollarda naümid
qoymayacaqsan. Heç olmasa yerini de bircə dəfə gəlib görüm səni".
"Onlar başdan çıxartdı balamı"
Şəlalə xanımın ağlayaraq dediyi bu sözləri dinlədikdən sonra
Turalın Suriyaya getməzdən əvvəl belə bir fikrdə olduğu barədə
ailəsinə bir söz deyib-demədiyini soruşuram. Şəlalə xanım deyir ki,
Tural heç vaxt belə bir fikirdə olduğunu ailəsinə deməyib: "İdmana
gedirdi. Orada vəhabi dostlarının olduğunu eşitmişdim. Onlar başdan
çıxartdı balamı. Elə bilirsiniz onların göz yaşlı qoyduğu təkcə
mənəmmi?. Bir qadın vardı tez-tez zəngləşirdik. O da mənim dərdimdə
idi. Onun da oğlunu vəhabi dostları başdan çıxardaraq Suriyaya yola
salmışdı. (səsi qırılır, daha sonra telefonun o başından hönkürtü
səsi gəlir).
"Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini
eşidə"
Şəlalə xanım deyir ki, ali savadlı dil-ədəbiyyat müəlliməsidir: "
Bu artıq cəmiyyətin bəlasına çevrilib. Gənclərimizin şüurunu işğal
edib Suriyaya istiqamətləndirirlər. Beləcə neçə-neçə ana mənim kimi
gözüyaşlı qalıb. İndi mənim bircə istəyim var. Heç olmasa oğlumun
yerini öyrənib desinlər bircə dəfə gedib onu görüm. Tək arzum oğlum
Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə." .